“Şəffaf işləyən müştəriyə kredit ayırmağa hazırıq”

SOSİUM.az «Rabitabank»ın İdarə Heyətinin sədri Elçin Qədimovun fed.az-a müsahibəsini təqdim edir.

– Elçin müəllim, «Rabitəbank» restaylinqə hazırlaşır…

– Bəli, 19 noyabrda bu barədə elan edəcəyik.

– Məqsədiniz nədir?

– Məqsədimiz korporativ üslub və stilistikasını yeniləmək, muasir bank məhsullarına uyğun yeni rənglər və üslubla müştərilərə daha xoş təəssürat bağışlamaq, əlavə olaraq bankımızın missiyası və iş fəlsəfəsinə uyğun korporativ atributlara sahib olmaq. Ona görə də yeni loqo, yeni rənglər, yeni stili ictimaiyyətə təqdim edəcəyik.

– Yeni xidmətlər də olacaq?

– Bəli, yeni xidmətlər və məhsullarımız da olacaq, onları da təqdim edirik. Yəni təkcə rənglərimiz dəyişmir.

– Sizin  «Rabitəbank Bot» elə təəssürat yaradıb ki, sanki sosial şəbəkə vasitəsil kredit almaq olar. Belədirmi?

–  Bəli, biz bütün kanallardan istifadə edirik ki, kredit almaq üçün müraciət imkanı yaradaq. İstər internet bankçılıq, ya bankın saytı və mobil əlavəmiz vasitəsilə və ən son variant isə Bot vasitəsilə. Bu unikal vasitədir, çat vasitəsilə müştəri öyrəşdiyi, hər gün istifadə etdiyi məkanda bank xidmətlərindən istifadə edir, kartların qalığını öyrənə və kredit üçün də müraciət edə bilər.

– Bəs bu zaman müştərinin identifikasiya məsələsi problem deyil ki?

– Xeyr, çünki çat vasitəsilə müraciət edəndən sonra onunla əlaqə saxlanılır, o dəyərləndirilir, kreditin ayralması üçün isə müştəri banka dəvət olunur, onun barəsində əlavə məlumat alınır, şəxsiyyət vəsiqəsi, müştəri məlumatını əldə etmək ücün müvafiq icazələri və sair. Nəticədə müştəri onsuz da kredit almaq üçün banka yaxınlaşır deyə, identifikasiya problemi yaranmır.

– Yəni bot vasitəmilə söhbət yalnız müraciətdən gedir…

– Müraciət və ilkin dəyərləndirmə, müştəri tutaq ki, istədiyi krediti ala bilmirsə, vaxt itirməsin.

– Elçin müəllim, bir qədər əvvəl tədbirdə banklara irad bildirildi ki, onlar kredit verəndə girov kimi əsasən daşınmaz əmlak tələb edirlər. Güman edirik ki, bu həm də məhkəmə sisteminin işi ilə bağlıdır. Bir bankir kimi məhkəmə sisteminin işi sizi qane edirmi?

– Təbii ki, məhkəmə prosesləri nə qədər sürətli olsa bizim üçün o qədər yaxşıdır. Son bir ildə bu sahədə ciddi proqress var və vəziyyət daha da yaxşıya doğru gedir.

– Məhkəmə prosesinin özünün sürəti, yoxsa məhkəmə qərarlarının icrası sürəti?

– Məhkəmədə işlərin baxılması sürəti kifayət qədər artıb, daha tez və operativ olub. Bir qədər əvvəl Ədliyyə Nazirliyi ilə bankların görüşləri olmuşdu və bildirildi ki , gələn il bu sahədə əlavə islahatlar aparılacaq, əlavə hakimlər işə cəlb ediləcək və ixtisaslaşmış məhkəmələr olacaq ki, bankların işi ilə məşğul olsun. Bu da təbii ki, sürəti dahada artıracaq.

– Bankir olaraq indiyədək ixtisaslaşmayan hakimin işə baxmasından zərər görmüsünüz?

– Zərər olmasa da, məsələ sürətdədir. İstənilən peşədə ixtisalaşma olduğu təqdirdə  effektivlik artır, bunun müsbət nəticələri olacaq.

– Azərbaycanda məhkəmə istahatları çərçivəsində alternativ icra qurumlarını yaradılması nəzərdə tutulub, yəni özəl icra xidməti. Belə xidmət olsa, sizin bank hansı icra qurumunun xidmətindən istifadə edər – yeni özəl olandan, yoxsa Ədliyyə Nazirliyinin icra xidmətindən?

– Bizim üçün heç bir fərqi yoxdur, hansı effektiv olacaqsa ondan. Çünki onların yaradılmasının da səbəbi odur ki, bu sahədə rəqabət yaransın və effektivlik artsın. Ona görə hansı daha effektiv olacaqsa, onu seçərik, fərqi yoxdur, dövlətdir ya özəl.

– Bəs icra xidmətinin tarifləri sizin seçimə təsir edəcək?

– O baxır hansı tariflər olacaq. Biz alternativ icra qurumlarının hansı tarifləri olacağını bilmirik. Ondan asılı olaraq seçim ediləndə sürətə (işlərin icra sürəti) və tariflərə üstünlük veriləcək.

– Elçin müəllim biznes kreditlərin verilməsində hansısa şərtlərin və tələblərin yumşaldılması ilə bağlı planınız varmı?  Məsələn, girov tələbi və ya başqa hansısa məqam. Belə bir planınız varmı, yoxsa bu məsələ o qədər reqlamentləşdirilib ki, bankın prosesə təsir imkanı qalmayıb?

– Xeyr, qirov tələbi baxımından bankın arsenalı kifayət qədər genişdir. Bu baxımdan birincisi, tədbirdə də qeyd edildiyi kimi, daşınar əmlakın reyestri var deyə banklar üçün əlavə girov imkanları yaranıb.

– Bu xidmət, buradakı məlumatlar banklar üçün, sizin üçün nə qədər ciddi və istifadə edilə biləndir?

– Kifayət qədər ciddidir. Çünki ola bilər müştərinin girov qoymaq üçün əmlakı olmasın, ola bilər ki, əmlak var amma bizim istədiyimiz yerdə olmasın, ya da əmlakı var, amma çıxarışı olmadığına görə onları girov qoymaq mümkün olmur. Amma bu reyestr imkan yaradır ki, bank heç olmasa alternativlərə də baxa bilsin və yalnız girovu olmadığına görə müştəriyə imtina olunmasın.

Burada biz bir neçə müsbət səbəb görürük, həm girovlarla bağlı müsbət tendensiya var, bundan başqa sahibkarlarda şəffaflaşmanın getməsi də banklara imkan verəcək ki, müştəriləri rahat dəyərləndirə bilsinlər.

– Məsələn real dövriyyəsini…

– Bəli, burada iştirak edən istənilən bankın istəyidir ki, müştəri ilə yaxınlaşsın və ona kredit versin, bizim əsas mandatımız missiyamız bundan ibarətdir.

– Banklarda 8,2 milyard manat izafi likvidlik, yəni kredit vermək üçün vəsaitlər də var…

– Bəli, biz çox istərdik ki daha çox müştəriləri kreditləşdirək, amma bəzən müştərini dəyərləndirmək ücün məlumatların olmaması, müştərinin gəlirlərini və ya xərclərini sübut edən lazımı sənədlərin olmaması bu işi çətinləşdirir və bizə imkan vermir ki,  müştəriləri lazımı dərəcədə dəyərləndirək və riskləri ölçək. Biz depozit qəbul edib kredit verdiyimizə görə, bizim üçün çox vacibdir ki, müştərini düzgün dəyərləndirək, kreditin vaxtında geri ödənilməsini təmin edək. Bu da biznes subyektlərinin şəffaflığı artanda daha rahat həyata keçirilə biləcək.

– Deməli şəffaf işləyən müştərilərin kredit almaq şansı daha yüksəkdir

– Bəli, birmənalı! Müştərilər şəffaf olduqca biz onları daha rahat dəyərləndirəcəyik, buna daha az müddət tələb olunacaq. Biz riskləri daha yaxşı başa düşə biləcəyik, və qısa müddətdə də kredit veriləcək.

Oxşar xəbərlər