“Şahdəniz”də növbəti ildən hasilat başlayacaq

Bu ilin üçüncü rübü ərzində “Şahdəniz 2” komandası “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini plana uyğun davam edib.

SOSİUM.az xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, “İsrafil Hüseynov” borudüzən gəmisi şərq-cənub cinahına bağlanan axın xətlərinin mexaniki quraşdırılmasını 8 oktyabrda təhlükəsiz şəkildə başa çatdırıb, bu isə layihə üzrə mühüm bir işdir.

“Dərinsulu” şərq-cənub cinahından (suyun 540 m dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin birinci yarısına planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

Məlumata görə, bu ilin üçüncü rübündə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“İstiqlal” qazma qurğusu SDC05 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. “Maersk Explorer” qurğusu SDF04 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. Bu qurğu həmçinin SDF05 quyusunun üst və alt hissələrini qazıb.

Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb – yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), “AzSD” (10 %), “SGC Upstream” (6,7 %), “Petronas” (15,5 %), “LUKoil” (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Oxşar xəbərlər