Şuşa zəfəri Moldovada bayram edilib

8 noyabr tarixində Azərbaycanın Moldovadakı Səfirliyində Şuşanın erməni işğalından azad edilməsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Moldova sakinləri Səfirliyə toplaşaraq şanlı qələbə gününü qeyd ediblər.

Azərbaycanın Moldovadakı Səfirliyindən SOSİUM.az-a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Q.Osmanov qədim şəhər olan Şuşanın Azərbaycanın tarixində mühüm yerə malik olduğundan söhbət açaraq mədəniyyət, incəsənət və tarixin beşiyi sayılan Şuşanın işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu qələbənin əldə edilməsində Ali Baş Komandan başda olmaqla müzəffər Azərbaycan Ordusuna təşəkkürünü bildirib, vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Eyni zamanda, səfir Q.Osmanov Moldovada yaşayan azərbaycanlıların bu qələbədən ruhlanaraq erməni icmasının təcavüzkar fəaliyyətinə qarşı daha da güclənməyə çağırıb. Səfir Ali Baş Komandanın polad yumruğunda səriştəli siyasi iradə, Azərbaycan əsgərinin gücü və xalqın birləşdiyini qeyd edib.

Moldovada azərbaycanlıların ağsaqqalı kimi tanınan iş adamı Firuz İsayev çıxışında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qələbə əldə edildiyini, dinindən, etnik mənsubiyyətindən və doğulduğu bölgədən asılı olmayaraq hər bir azərbaycanlının bir amal ətrafında sıx birləşdiyini dilə gətirib. Şuşanın mədəniyyət ocağı olduğunu bildirərərək, hər bir azərbaycanlı gəncə Şuşa şəhərinə gedərək xalqımızın tarixi keçmişini öyrənməyə səsləyib.

Şuşanın işğaldan azad edilməsinə həsr edilmiş tədbirdə Moldovada yaşayaş Azərbaycan diasporasının fəal üzvləri çıxış edərək xalqımızı, bütün həmvətənlərimizi qələbə münasibətilə təbrik ediblər.

Tədbirdə milli mətbəxə məxsus şirniyyatlar təqdim edilib, həmvətənlərimiz xalqımızın birlik və vətənpərvərlik rəmzi olan qədim “Yallı”nın sədaları altında rəqs edib və atəşfəşanlıqla yekunlaşdırılıb.

Oxşar xəbərlər