“Türkiyə ilə bağlı konkret şərt qoymalıyıq”

“Ermənistanın hərbi müttəfiqi vasitəçi kimi masada otura bilirsə, Azərbaycanın müttəfiqi olan Türkiyə eyni statusda masada nədən olmasın?”

Azərbaycan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli üçün danışıqlara vasitəçi olaraq Türkiyənin də daxil edilməsini istəyir. Bunu Türkiyə də istəyir ki, məsələ ədalətli həll olunsun. Lakin hələ də buna nail ola bilmirik. Azərbaycan buna necə nail ola bilər? Türkiyəsiz danışıqlardan imtina olunmalıdırmı?

SOSİUM.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, biz uzun müddətdir deyirik Türkiyə region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır: “Lakin bu gün üçün bunun reallaşmadığı, mümkün olmadığı göz önündədir. Bu, tək bizim istəyimizdən asılı deyil. İllərdir Azərbaycan bu məsələni qaldıranda Ermənistanla yanaşı həmsədr dövlətlər də Türkiyənin onların yanında yer almasını istəmirdi. Amma indi durum dəyişib, biz hərb meydanında uğurlar qazanmışıq və qazanırıq, şərt diktə etmək imkanı əldə etmişik. Ona görə də Azərbaycan Prezidenti də deyir ki, danışıqlar masasında Türkiyə də olmalıdır. Hesab edirəm ki, əgər bundan sonrakı mərhələdə danışıqlar olacaqsa, Türkiyə danışıqlar masasında olmadan Rusiyanın təkbaşına vasitəçiliyini Azərbaycan qəbul etməməlidir. Açıq deyə bilərik ki, masada Türkiyə yoxdursa, biz o danışıqlarda iştirak etmirik. Rusiyanın təkbaşına vasitəçiliyi ilə Moskvada danışıqlarda iştirak etdik, hətta humanitar atəşkəsə razılıq verdik. Göründü ki, bu cür vasitəçilik heç bir müsbət nəticə yaratmır, əksinə, işğalçı Ermənistan bundan öz müharibə cinayətlərini davam etdirmək üçün istifadə edir. Eyni zamanda, ümumuyyətlə, həmin danışıqlarda qəbul olunmuş bəyanatdakı bəndlər də bizə faydalı deyildi. Ona görə də biz bu cür danışıqlarda daha iştirak etməməliyik. Əgər yenə də təkid etsələr, biz birmənalı şəkildə bildirməliyik ki, danışıqlar masasında Türkiyə olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya telekanallarından birinə son müsahibəsində açıq dedi ki, müxtəlif formatlar var, nədən ancaq Minsk Qrupu həmsədrlik institutundan yapışmısınız. Rusiya, Türkiyə formatı da bölgədə olan problemləri birgə müzakirə edib vasitəçi olaraq həll edilməsinə nail ola bilər”.

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

Politoloq hesab edir ki, 2+2 formatına üstünlük verilməlidir: “Mən illərdir söyləyirəm ki, 2+2 formatına üstünlük verilməlidir. Yəni qarşı duran tərəflər Azərbaycan və Ermənistan, bir də regionun iki böyük dövləti Rusiya və Türkiyə. Bu formatda danışıqlar Minsk Qrupu və üçlü həmsədrlik formatından fərqli olaraq ortaya real iş qoya bilər.

Deyirlər ki, bu gün Türkiyə masadadır. Masada yoxdur axı. Minsk Qrupunun üzvü olmaq başqa şeydir, danışıqlar masasında oturmaq başqa. Moskvada danışıqlar masasında məgər Türkiyə var idi? Danışıqlar gedə-gedə işğalçıya qanunsuz yollarla silah göndərən ölkənin təkbaşına vasitəçliyini bundan sonra necə qəbul edə bilərik?! Qəbul edəriksə, bundan müsbət nə isə gözləmək mümkündürmü? Bir dəfə iştirak etdik, yaxşı. İkincisində iştirak etməməliyik. Konkret şərt qoymalıyıq ki, Türkiyə danışıqlar masasında oturmalıdır. Mövqeyimizi kəskin surətdə ortaya qoymalıyıq.

Bununla paralel olaraq Türkiyə ilə hərbi-siyasi ittifaqı daha üst səviyyəyə qaldırmaq lazımdır. Hərbi bazalar foralaşdırılmalıdır. Getdi ey o balanslaşdırılmış xarici siyasət. Mümkün deyil Cənubi Qafqazda balanslaşdırılmış xarici siyasət aparmaq. İki stulda eyni vaxtda oturmaq mümkün deyil”.

E.Şahinoğlu onu da qeyd etdi ki, mənasız danışıqlardan yayınmaq üçün də Türkiyə məsələsini şərt kimi qabartmaq əlimizdə güclü bir vasitədir: “Yəni Türkiyənin vasitəçi kimi masada oturmasına razılıq verilmədiyi halda Azərbaycan danışıqlara getməyəcək. Bizim bu şərtimizi qəbul etməsələr, avtomatik olaraq görüş də alınmayacaq. Yəni Türkiyənin masada oturmasına razılıq olsa daha yaxşı, olmasa isə bizə danışıqlarda iştirak etməmək əsası yaradar. Azərbaycan Türkiyənin vasitəçi kimi danışıqlar masasında əyləşməsini qaldıranda Ermənistan qəbul etmədiyini bəyan edəcək. Bu zaman isə Azərbaycan tam haqlı olaraq desin ki, biz də o zaman sənin hərbi müttəfiqin olan Rusiyanın vasitəçiliyini qəbul etmirik. Bax bu formulu ortaya qoyanda görək o zaman bizə deməyə söz tapacaqlar? Ermənistanın hərbi müttəfiqi vasitəçi kimi masada otura bilirsə, Azərbaycanın müttəfiqi olan Türkiyə eyni statusda masada nədən olmasın? Məsələni biz məhz bu şəkildə qoymalıyıq”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiya hər dəfə təkbaşına görüş təşkil etməklə əslində Mins Qrupunun digər iki həmsədrini müəyyən mənada kənarda qoyub: “ABŞ və Fransa faktiki olaraq nominal həmsədrə çevriliblər. Fransanın Cənubi Qafqaza təsir imkanları da demək olar ki, yoxdur. ABŞ isə son illərdə Cənubi Qafqazı sanki maraq çərçivəsindən kənara qoyub. Rusiya da bundan istifadə edərək illərdir görüşləri Moskvada təşkil edir, təkbaşına vasitəçilik aparır. Onun təkbaşına vasitəçiliyi isə işğalçı Ermənistanı şirnikləndirir. Biz izah etməliyik ki, artıq regionda Türkiyə var və Türkiyə də vasitəçi olmalıdır”.

Oxşar xəbərlər