Vergi uçotu digər sistemlərdən necə fərqlənir?

Mühasibat uçotu ilə vergi uçotu arasındakı əsas fərq onların tənzimləməsi sistemindədir.

SOSİUM.az xəbər verir ki, mövzunu maliyyə üzrə ekspert Ramin Ramazanov izah edir.

Mühasibat uçotu “Mühasibat uçotu haqqında” Qanunla,eləcə də digər qanunvericilik sənədləri və standarlarlatənzimlənir. Vergi uçotu isə Vergi Məcəlləsi və digər hüquqi normativ aktlara əsaslanır.

Mühasibat və vergi uçotu arasındakı fərqlərin böyük hissəsi mühasibat və vergi mənfəətinin müəyyənləşdirilməsi zamanı yaranır. Mühasibat və vergi uçotunun əsas fərqlərinə bunlar aid edilə bilər:

– gəlir və xərclərin fərqli təsnifatı;

– amortizasiya hesablamaları metodları;

– gəlir və xərclərin tanınması metodları;

– material və istehsal ehtiyatlarının dəyərləndirilməsi üsulları və s.

Məsələn, mühasibat uçotunda əsas vəsaitlərin amortizasiyası bir neçə üsulla (Xətti, azalan qalıq, faydalı istifadə müddəti və s) hesablana bildiyi halda,vergi uçotunda yalnız bir metoddan istifadə edilir. Əgər mühasibat uçotunun qiymətləndirmək və nəzarət etmək bacarığı varsa, vergi uçotunu qanunvericiliyin tələblərinin yoxlanılması və yerinə yetirilməsi üçün vacibdir.

Vergi uçotu – ilkin sənədlərin məlumatları əsasında vergilər üçün bazanı müəyyən edən ümumiləşdirilmişinformasiya sistemidir. Mühasibat uçotu – onun tələblərinə uyğun olaraq, qanunda nəzərdə tutulmuş obyektlər haqqında sistemləşdirilmiş və formalaşmış informasiyadır. Əsas fərq təyinatdadır: mühasibat uçotu təşkilatın fəaliyyətinin və onun vəziyyətinin hesabatı üçün tərtib edilir, vergi uçotu isə vergilərin vaxtında ödənilməsinə nəzarət üçün vacibdir. Mühasibat və vergi uçotunun bəzi fərqlərinə baxmayaraq, onlar bir-biri ilə qarşılıqlı əlaqəlidir.

Vergi uçotu və mühasibat bir çox amillərə görə fərqlənir. Qeyd etdiyimiz kimi, fərqlərin böyük hissəsi mühasibat və vergi uçotunda mənfəət zamanı yaranır ki, bunun da səbəbi gəlirlər və xərclərin tanınmasıdır. Çox vaxt gəlirlər uyğun gəlsə də, bu həmişə belə olmaya da bilər. Xərclər mühasibat uçotunda ,demək olar ki, bütün hallarüçün nəzərə alınır, vergi uçotunda isə yalnız Vergi Məcəlləsinin tələblərinə uyğun gəldikdə xərc kimi tanınır.

Mühasibat uçotu və vergi uçotu arasında daimi və müvəqqəti fərqlər ola bilər. Daimi fərqlər bəzi gəlir və ya xərclərin mühasibat uçotunda qəbul edildiyi halda, vergi uçotunda nəzərə alınmamasına görə yaranmış fərqdir. Müvəqqəti fərq isə bir hesabat dövründə yaranan vəmüddət keçdikcə növbəti hesabat dövrlərində aradan qalxan fərqdir. Bu fərqlərin yaranma səbəbləri Vergi Məcəlləsinin tələbləridir. Çünki Vergi Məcəlləsində bəzi xərclər gəlirdən çıxılmayan xərclər kimi təsnifləşdirilib. Bu fərqlərə qeyri-kommersiya fəaliyyəti ilə baglı olan xərclər, əyləncə və yemək xərcləri, faktiki ezamiyyə xərclərinin normadan artıq hissəsindən yaranan fərqlər ola bilər. Belə xərclər Vergi Məcəlləsində gəlirdən çıxılmayan xərclərə aid edildiyinə görə mühasibat uçotu ilə vergi uçotu arasında daimi fərqlər yaranır.

Mühasibat və vergi uçotundan yaranan fərqləri aşağıdakı misallara əsasən izah edə bilərik:

Misal 1: Mənfəət vergisinin ödəyicisi olan şirkətin mühasibat uçotunda gəlirləri 30.000 manat, xərcləri 25.000 manat, mənfəəti isə 5000 manat olub. Lakin xərclərin tərkibində əyləncə və yemək xərcləri 1000 manat, faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi isə 1500 manat təşkil edir. Mühasibat uçotunda bu xərc “sair xərclər” və “ezamiyyə xərcləri” kimi qeyd edilib. Vergi uçotunda 2500 manat (1000+1500 manat), gəlirdən çıxılmayan xərclər kimi nəzərə alınır. Beləliklə,vergi uçotunda hesablanan 7500 (30000-22500) manat mənfəətin məbləği mühasibat uçotunda hesablanan 5000 mənfəətdən 2500 manat çox olacaqdır və bu, daimi fərq kimi qalacaq.

Misal 2: Mənfəət vergisinin ödəyicisi olan şirkətin mühasibat uçotunda gəlirləri 30.000 manat, xərcləri 25.000 manat, mənfəəti isə 5000 manat olub. Lakin xərclərin tərkibində 2500 manat əsas vəsaitlərə hesablanmış amortizasiya məbləği fərqli metodlar üzrə hesablanmanın nəticəsi olaraq mühasibat uçotunda daha çox hesablanıb. Beləliklə, vergi uçotunda hesablanan 7500 (30.000-22.500) manat mənfəətin məbləği mühasibat uçotunda hesablanan 5000 manat mənfəətdən 2500 manat çox olacaq və bu, müvəqqəti fərq kimi qalacaq. Çünki bu fərq növbəti hesabat dövrlərində aradan qalxacaq.

Oxşar xəbərlər