Xocalı “25”-dən Əfsanə: “Qızım bunu biləndə ağladı”

DİM tərəfindən 13-14 avqustda keçirilən qəbul imtahanlarında yüksək nəticə əldə edən abituriyentlərdən biri Məxmər Ələkbərzadədir. Məxmər də digər abitiuriyentlər kimi çox çalışaraq,  əziyyətinin qarşılığında yüksək nəticə əldə edib.

Lakin onun həyatı, yaşadığı məhrumiyyət başqalarından çox fərqlənir. O, Xocalı faciəsində qəddarcasına qətlə yetirilən nənə və babanın nəvəsidir. Anası Əfsanə Ələkbərzadə Xocalı faciəsində hər iki valideynini itirən 25 nəfərdən – Xocalı “25-lərindən  biridir. O, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızıdır.

SOSİUM.az azedu.az-a istinadən ana və övlad ilə gerçəkləşdirilən müsahibəni təqdim edir:

Əvvəlcə Məxmər haqda qısa informasiya, müsahibin öz dilindən…

 “2009-cu ildə Xocalı şəhər 2 saylı tam orta məktəbdə ibtidai təhsilə başladım. Bu il isə məktəbi bitirib buraxılış və qəbul imtahanından  653.1 bal topladıqdan sonra  ixtisas seçiminə qatıldım. BDU və ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquq fakültəsinə qəbul olunmaq istəyirəm”.

“Onlayn təhsilin topladığım bala təsir etdiyi qənaətindəyəm”

– Məxmər, əvvəlcə universitetə qəbul üçün hazırlıq müddətinizdən və  pandemiya şəraitində yaşadıqlarınızdan danışaq…

 – Universitetə qəbul olunmaq üçün 9-cu sinifdən başlayaraq-3 il hazırlıq dövrü keçdim. Pandemiya dövründə dərslər onlayn şəkildə keçilməyə başladı. Ənənəvi tədris onlayndan daha əlverişlidir. Onlayn təhsilin topladığım bala təsir etdiyi qənaətindəyəm. Eyni zamanda, distant təhsil müddətində müəllimlərimin ikisində koronavirus aşkar olunduğu üçün 1 ay hazırlıqdan kənarda qaldım. Həmin müddətdə evdə mövzuları təkrar edirdim”.

“Abituriyent son 2 ilin hazırlığına ümid etməməlidir”

Məxmər uğurun formulunu bizimlə bölüşür. Deyir, elə şagird var ki, 10 il ərzində dərslərini davamlı şəkildə hazırlamayıb 11-ci sinifdə hazırlığa başlayır ki, universitetə qəbul olmaq üçün müvafiq balı toplasın. Bu, doğru deyil:

– Uğurlu nəticə əldə etmək istəyən abituriyent çox çalışıb, qarşısına məqsəd qoymalıdır. Mövzuları çox oxuyub, test üzərində bunu tətbiq etmək lazımdır. Hər bir ixtisas qrupunun özünəməxsus çətinliyi var. III ixtisas qrupuna daxil olan fənlər üçün səbrli şəkildə xeyli oxumaq və tarixləri dəqiq əzbərləmək tələb olunur. Elə şagird var ki, 10 il ərzində dərslərini davamlı şəkildə hazırlamayıb 11-ci sinifdə hazırlığa başlayır ki, universitetə qəbul olmaq üçün müvafiq balı toplasın. Bu proses üçün əvvəldən hədəf düşünüb buna doğru addımlamaq lazımdır. Abituriyent son 2 ilin hazırlığına ümid etməməlidir”.

Ara-sıra söhbətimizə Məxmərin anası Əfsanə Ələkbərzadə də qoşuldu. O, övladının uğurundan və ona olan gözləntisinə toxunur:

 – Məxmər birinci sinifdən dərslərinə məsuliyyətlə yanaşıb. Müəllimləri ondan 700 bal toplayacağını gözləyirdi. Sadəcə pandemiya Məxmərin psixologiyasına təsir etdi və onlayn dərslər ənənəvi qədər effektli olmadı. Pandemiyanın davam etdiyi 6 ay sanki 6 ilə bərabər oldu. Görmüşük ki, 600-dən yuxarı bal toplayan hər kəs çox sevinər və özüylə fəxr edər. Məxmər 653.1 bal topladığını biləndə ağladı. Bununla razılaşmadı”.

“Hüquq fakültəsində oxumağı  işğal altında olan torpaqlarımızı geri qaytarmağa dəstək üçün istəyirəm”

 – Hansı universiteti və ixtisası seçməyi düşürsünüz?

“Hüquq fakültəsini seçməyi ibtidai sinifdən düşünürəm. Valideynlərim də bu istəyimlə razılaşdılar və mənə dəstək oldular. Pandemiya şəraitində oxumaq istəmirdim, çox həvəsdən düşmüşdüm. Ailəm və müəllimlərim dəstək oldular və bu müddətin çox davam etməyəcəyini, keçici olacağını bildirdilər.

Hüquq fakültəsində oxumağı  işğal altında olan torpaqlarımızı geri qaytarmağa dəstək üçün istəyirəm. Universitetdə yeni təşkilat yaradıb, aktiv fəaliyyətdə olacağam”.

“Məxmər yorulmasın deyə qohumlarımdan xahiş etdim ki, bir müddət bizə qonaq gəlməsinlər”

 Müsahibənin bu yerində Əfsanə xanımla söhbətləşirik.  Xocalı faciəsində hər iki valideynini itirən Əfsanə Ələkbərzadə bugünkü görüşümüzün qəhrəmanı olan Məxmərə elə öz anasının adını qoyub:  

– Anam və atam Xocalıda şəhid oldular. Məxmər anamın adıdır. Hazırda bu ad qızımla yaşayır və onun  məsuliyyəti böyükdür. Ümid edirəm ki, Məxmər Hüquq fakültəsini bitirəcək və vətənimiz üçün layiqli kadr kimi fəaliyyət göstərəcək . Dövlətimizin şəhid ailələrinə qayğısı tükənmir. Əvvəldən Pirşağı qəsəbəsində Qızılqum sanatoriyasında məskunlaşmışıq. Otağımız 20kv metrdir.  Ramanada Şuşa şəhərciyində evlə təmin olunmuşuq, lakin övladlarımın təhsil aldığı məktəb Pirşağı ərazisində olduğu üçün , 3 ildir ora köçə bilmirik. Məxmər bir mühitə gec uyğunlaşdığı üçün başqa məktəbə keçməsini istəmədik. Evdə qonağımız olanda Məxmər balkonda və ya mətbəxdə dərs oxumağa davam edirdi. Bunu gördükdən sonra Məxmər yorulmasın deyə qohumlarımdan xahiş etdim ki, bir müddət bizə qonaq gəlməsinlər. Hazırda isə belə problem yaşamırıq, rahat şəkildə qonaq gələ bilərlər. Özüm Xocalı şəhər 2 saylı tam orta məktəbdə katibə-makinaçı olaraq çalışıram. Övladlarıma yaxın olmaq üçün bu işi seçdim”.

Əfsanə xanım valideynlərə bir məsələdə ciddi xəbərdarlığını da edir:  

– Məxmər hazırlıq dönəmində də məktəb dərslərindən yayınmadı. Həm məktəbdəki dərslərinə qatılırdı, həm də hazırlığa. Pandemiyada Məxmərin baş ağrıları artdı. Çünki telefona öyrəşməmişdi və davamlı onlayn dərslərə qatıldığı üçün bu ona problem yaradırdı. Valideynlərə tövsiyə edirəm ki, hazırlıq müddətində övladlarına telefon almasınlar. Telefonu olan şagird oxumur. Məktəbli yaşda uşaqlar telefonda həddən artıq vaxt keçirməyə meyilli olurlar. Məxmərin telefona heç marağı olmayıb. Məqsədinə çatdığı üçün ürəyi istəyən markada telefon alacağıq. Digər övladım da qızdır. Onun əvvəldən fikri Polis akademiyasına daxil olmaqdır”.

“Onlarla eyni  qədəri paylaşırıq, bacı-qardaş kimiyik”

– Əfsanə xanım, sizin kimi Xocalıda valideynlərini  itirən şəxslərlə əlaqə saxlayırsınızmı? Onların övladlarının təhsil göstəriciləri necədir?

 – Xocalı faciəsində valideynlərini itirən 25 nəfər olaraq bir-birimizlə mütəmadi əlaqə saxlayırıq. Onlarla eyni  qədəri paylaşırıq, bacı-qardaş kimiyik. Bir-birimizin xeyir-şərində hər zaman iştirak edirik. Onların övladları da ailə qurub, bəzilərininki isə hələ balacadır. Məxmər və Zəhra Xocalı faciəsini görməyiblər, buna baxmayaraq davamlı evdə bəhs olunduğu üçün Xocalının daşı, divarını hər bir yerini əzbər bilirlər. Davamlı olaraq vəfat edən nənə-babalarını anırlar. Mənəvi çətinliklərimi övladlarım yaxşı bilir”.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir