“Xocalı soyqırımı çox tutarlı cavabdır ki…”

Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir.

Maraqlıdır, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində bugünə qədər atılan addımlar yetərincə effektli olubmu? Habelə, bu soyqırımının digər dövlətlər tərəfindən tanınması üçün xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın aktivliyi nə dərəcədə əhəmiyyətlidir?

SOSİUM.az xəbər verir ki, moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, dövlətimizin Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində ciddi və sistemli iş apardığını vurğuladı:

“Azərbaycan Dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində çox böyük və sistemli siyasət aparmışdır. Dövlət strukturları ilə yanaşı Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası, 20-ci əsrdə bəşəriyyətə qarşı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, erməni vəhşilərinin əsil simasının tanıdılması son dərəcə əhəmiyyətlidir. Kampaniya çərçivəsində müxtəlif xarici dillərdə kitablar, broşürlər nəşr olunmuş, videodisklər buraxılmış, bir çox ölkələrdə anım tədbirləri, sərgilər təşkil edilmişdir. Hollandiya, Almaniya, Meksika, Türkiyə kimi ölkələrdə Xocalı qurbanlarının xatirəsinə abidələr ucaldılmışdır. 10 ölkə tərəfindən və ABŞ-nın 20-dən çox ştatı Xocalı faciəsi “Soyqırım” olaraq rəsmən tanınmışdır.

Bütün bunlar aparılmış məqsədyönlü siyasətin nəticəsidir və bu siyasət davam etdirilməlidir. Özlərini dünyanın qədim, mədəni xalqı hesab edən erməni faşizminin insanlıq əleyhinə işlətdiyi cinayətləri yeni nəsillərə çatdırmaq hər birimizin vəzifəsi olmalıdır. Mülki əhalini, xüsusilə uşaqları, qadınları, yaşlıları qətlə yetirməkləri ilə fəxr edən Serj Sarqsyan, Zori Balayan, Koçaryan, Ohanyan, Balasanyan kimi qatilləri, bədnam 366-cı alayı beynəlxalq ictimaiyyət tanımalıdır. Onların özləri tərəfindən yazılmış kitablar, KİV-ə verdikləri müsahibələr, faciənin iştirakçılaının etirafları müxtəlif dillərdə nəşr olunmalı və təbliğat vasitəsi kimi istifadə olunmalıdır. Xocalı soyqırımını unutmaq, tariximizə, şəhidlərimizin ruhuna xəyanət etməkdir.

Dünya erməniliyi 100 ildən bəri saxta soyqırım iddialarını daha geniş şəkildə təbliğ edir. 1915-cil hadisələrində ölənlərin sayını ildən-ilə artırmaqla, bir milyon yarıma çatdırmışlar. Türkiyə tərəfinin dəfələrlə müraciətinə baxmayaraq arxivləri açmır, saxtakarlıqlarının üzə çıxmasından qorxurlar. Təəssüflər olsun ki, Türkiyə və Azərbaycan əleyhinə saxta soyqırımdan vasitə kimi istifadə edən ölkələr də kifayət qədərdir. Bu baxımdan saxta ,,erməni soyqırımına,, qarşı ən tutarlı cavab, ən yeni tarixdə törədilmiş Xocalı faciəsidir.

Başqa bir tərəfdən nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətə uğramış Ermənistanda bir çox siyasi qüvvələr cəmiyyəti revanşizmə səsləyir. Dünya erməniliyi İnformasiya müharibəsinə bir an belə fasilə vermir. Etiraf etməliyik ki, biz millət olaraq tarixin müəyyən mərhələlərində unutqanlığa yol vermişik. Ermənilərlə qarşıdurmalardan, etnik təmizləmələrdən sonra humanizm nümayiş etdirmişik. Ancaq naxələf qonşular insanlığı başa düşməmişlər. Unutqanlıq, tarixi proseslərdən lazımi nəticə çıxarmamaq isə, sonralar bizə baha başa gəlmişdir.

Hesab edirəm ki, dövlətimizin xarici siyasət prioritetlərinin bir istiqaməti Xocalı soyqırımının daha çox ölkələr tərəfindən tanınması olmalıdır. Bu sahədə dövlətlə yanaşı, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, diaspora təşkilatları, soydaşlarımız tərəfindən təbliğat dəstəyi verilməlidir”.

Oxşar xəbərlər