Xüsusi karantin rejimi günlərində pensiyaları necə almalı? – İZAH EDİRİK

Azərbaycan ərazisində koronovirus pandemiyasının yayılmağa başlamasından sonra Nazirlər Kabineti yanında operativ qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün bir sıra qərarlar qəbul edib.

Bunlardan biri də yaşı 65-i ötmüş şəxslərin evdən çıxmasının yasaqlanmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi və həyat şərtlərinin asanlaşdırılması üçün sosial işçilərin sayını artırıb. Sosial işçilər yaşlı vətəndaşların gündəlik qayğılarının qarşılanmasını həyata keçirir.

Yaşı 65-i keçmiş vətəndaşların təqaüdçü olduğunu nəzərə alsaq, həmin insanların aldıqları pensiyanı bankomatdan çıxarması, evlərini tərk etmələri qadağan edildiyi üçün SMS-lə icazə almaq hüquqlarının olmaması, daha az yaşlı pensiyaçıların SMS-lə küçəyə çıxma icazəsinin cəmi iki saat olduğu və bankomatların qarşısında yaranması qaçılmaz olan növbə kimi məsələlər ortaya çıxır.

Bəs bu problemlər necə aradan qaldırılacaq?

SOSİUM.az xəbər verir ki, artıq bu gündən etibarən pensiya ödənişlərinə başlanılır.

Pensiyaçılara ödəniləcək ümumi məbləğ 500 milyon manatdan çoxdur. Bu kateqoriyadan olan 2 milyon 300 min vətəndaşdan 700 min nəfərinin yaşı 65-dən yuxarıdır.

Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib ki, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı insanların evdən çıxması qadağan edilib.

“Həmin insanlardan xahiş edirik ki, qaydalara əməl etsinlər. Pensiya ödənişlərinin nağdlaşdırılmasını ailə üzvləri, qohumları həyata keçirsin. Özləri qəti şəkildə evdən çıxmasınlar.

Tənha yaşayan və hər hansı səbəbdən ailə üzvlərinin dəstəyindən istifadə edə bilməyən insanlar 142 – Çağrı Mərkəzinə müraciət edə bilərlər. Həmin mərkəz sosial xidmətçilərimizi təlimatlandıracaq və onlar ahıl şəxslərə kömək göstərəcək ki, vəsaitlərini əldə edə bilsinlər”.

Eyni zamanda, Sahil Babayev qeyd edib ki, xüsusi karantin rejimi dövründə verilmiş qərara əsasən, bütün bankların bankomatları sosial ödənişlər üçün hər hansı faiz tutmayacaq:

“Bu da kömək edir ki, hansısa spesifik bankomatı axtarmasınlar. İnsanlar ən yaxın bankomatdan istifadə edə bilərlər”.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının olmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də, ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətində dəyişdirilib.

Pensiyaların Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Nizami, Nərimanov və Xətai rayonları üzrə aprelin 9-da, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 10-da, respublikanın digər rayonlarında, həmçinin, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə 15-də ödənilməsi müəyyən edilib.

Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri aprelin 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə 28-də təmin ediləcək.

Oxşar xəbərlər