“Yardım”, yoxsa dövləti gözdənsalma kampaniyası… — Vətəndaşları hökumətə qarşı qaldıranlar kimlərdir?!

İnsanların köməyə ehtiyacı olduğu zamanlarda, istər zəlzələ, istər də daşqın olsun, yaxud da indi dünyanın bəlasına çevrilən koronavirus, həmişə özünü reklam edənlər, vətəndaşın çətin günündən xal tutanlar olur. Biz bütün fəlakətləri, hətta, pandemiyanı da geridə qoya bilərik. Təəssüf ki, sağalmaz yaramız olan bu bəla Azərbaycan cəmiyyətinin arxasınca sürünməkdədir. 

Bu koronavirus da kimlərin üçünsə reklam fürsətinə çevrilib. Bütün dünyada olduğu kimi Azərbaycanda da virusun yayılmasının qarşısını almaq üçün karantin rejimi tətbiq olunub və iş yerləri müvəqqəti olaraq bağlanıb. Hərçənd ki, bir çox ölkədən fərqli olaraq, Azərbaycanda hökumət vətəndaşın sosial çətinliklə üzləşməməsi üçün ciddi tədbirlər görür. Dövlət dəstəyi paketi qəbul edilib və bu istiqamətdə 2,5 milyard manat vəsait ayrılıb, 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əmək haqqısının böyük hissəsi karantin müddətində dövlət tərəfindən ödəniləcək.

 

Bununla yanaşı, dövlət sektorunda 900 min, qeyri-dövlət sektorunda isə 690 min işçinin əmək haqqısı saxlanılmaqla məşğulluğu təmin olunub. Qeydiyyata düşmüş işsizlərə iki ay müddətində birdəfəlik ödəmələr verilir, buna paralel olaraq, yeni iş yerlərinin yaradılması da nəzərdə tutulur. Vətəndaşların kommunal ödəmələrinə güzəştlər edilir.

Bütün dünyada pandemiya əsasən sahibkarlara zərbə vurub, Azərbaycanda dövlət məhz bunu nəzərə alaraq, sahibkarlara kreditlərindən tutmuş, dəymiş ziyanın ödənilməsinə qədər köməklik göstərir. Dövlət gördüyü işlər çoxsaylıdır. Bu baxımdan, Azərbaycanda bu karantin dövründə insanların çox da əziyyət çəkməyəcəyini deyə bilərik. Amma dövlətin gördüyü bu qədər iş kənarda qalıb, özlərini şou-biznesin “çıraq tutanları” kimi aparanlar, kimlərinsə haralardan tapıb gətirdiyi və mədəniyyətimizə dürtdükləri bir qrup adam ortaya düşüb.

 

“Bu gün filan qədər insana yardım etdim, o gün filan qədər insana bunu etdim, aldım, verdim…” kimi reklam kampaniyaları aparırlar. Məşhur filmdə deyildiyi kimi, kontrabasda Ata Abdullayev, Bayram Nurlu, Rəqsanə, Kamil Zeynallı, Tolik və digərləri…

Yanlarına əlində telefon olan birini salıb, qapıları döyür, “vətəndaşlara kömək edirik” görüntüləri çəkir, həm də dövlətin vətəndaşı üçün etdiklərini sabotaj etməyə cəhd edirlər.

Əvvəlcə köməklik məsələsinə toxunaq. Kiminsə kiməsə kömək etməyi normaldır, hətta alqışlanan haldır. Adıçəkilən bu şəxsləri də alqışlamaq istəyərdik, amma onların səmimi olmadığı ortadadır. Əgər həqiqətən də kömək etmək istəyirlərsə, o zaman, bunu niyə videolentə alırlar?! Axı bununla onlar tək özlərini reklam etmirlər, həm də qapısını döydüyü vətəndaşları çətin vəziyyətə salırlar. Görüntülərə baxanda yardımı qəbul edən vətəndaşların sıxıldığını görməmək üçün kor olmaq lazımdır. Amma bu yardımı edənlər verdiklərini cəmiyyətin gözünə soxa-soxa reklam edir, bundan xal tuturlar.

 

Hər şey bununla bitsəydi, onların “reklamlarını” ciddiyə almamaq olardı. Amma bu reklamların altında dövlətin vətəndaşa xidmətinin sabotajı yatır. “Reklamlı yardım” edənlərin dilindən “görün camaat nə gündə yaşayır” fikirləri, “xalq pis gündədir”, “acından ölür” kimi ibarələr də əskik olmur. Burada iki ehtimal önə çıxır:

Birincisi, onlar özlərini “yaxşı” göstərmək üçün belə kampaniyalar aparır,

 

İkincisi, prosesin arxasında hansısa əl var.

Hər iki ehtimalda dövlətə qarşı təxribat hiss olunur. Burada bəzi detallar da diqqətdən qaçmır. Misal üçün, Rəqsanə Rusiyada yaşayır, Kamil Zeynallı deyir ki, Almaniyada və Rusiyada yaşayan azərbaycanlılar “yardım kampaniyası” üçün ona maliyyə göndərirlər, Bayram Nurlu və Tolikin arxasında da hansısa qüvvənin olması da şübhəsizdir.

Bu və digərləri “reklamlı yardımlar”da dövlətə qarşı çağırışlar edirlərsə, kimsə zəmanət verə bilməz ki, prosesin arxasında idarəçilər var. Əgər bir tanınmış şəxs yardımlarla özünü reklam edirsə, həm də “camaat acından ölür” tipli kampaniyalar aparmaqla Azərbaycan dövlətinə qarşı bəlli dairələrin iddialarını təkrarlayırsa, bu, “dövlətə qarşı sabotaj oyunu oynanılır?” sualının yaranmasına səbəb olur.

 

“Reklamlı yardım” edənlər və dövlətə qarşı kampaniya aparanlar haqda “siz kimsiniz, bu qədər sərvəti necə qazanmısınız?” sualı da ünvanlanmalıdır. Axı Rəqsandən tutmuş Tolikə qədər “reklamlı yardım” edən bu şəxslər indiyə qədər Azərbaycan dövlətinin yaratdığı şərait hesabına varlanıb, başqalarına yardım edəcək qədər sərvət toplayıb və bu yardımı reklam edərək, dövləti sabotaj edəcək qədər özlərinə güvəniblər. Necə olur, sən bu ölkədə qazandığın pulnan bu ölkənin vətəndaşına yardım edə bilirsən, həm də bu ölkəni bəyənmirsən? Axı onlara kim bu qədər toxunulmazlıq verib ki, qeyri-müəyyən yollarla qazandığı pullarla anti-dövlət təbliğatı aparsın?

Bu sualların cavabı verilməsə, prosesin təhlükəli məcralara doğru gedəcəyi istisna deyil. Çünki prosesin əsas istiqaməti bilərəkdən, yaxud bilməyərəkdən vətəndaşın dövlətə qarşı qaldırılması, həmçinin, vətəndaşın problemini həll etmək üçün dövlətə yox, onlara üz tutmasıdır. Təcrübə göstərir ki, belə hallar sonrakı təhlükələrin başlanğıcı olur.

Burada cəmiyyət və dövlət birgə hərəkət etməlidir. Xalq bu cür “reklamlı yardımları”na yox deməli, kimlərinsə onlar üzərindən xal qazanmasına imkan verməməli, əvəzində isə dövlətin müvafiq qurumları həmin imkansız vətəndaşlara təcili yardım göstərməli, eyni zamanda dövlətin müvafiq orqanları da yarana biləcək mümkün təhlükələri indidən düşünməlidirlər…

 

P.S. Bilirəm ki, bu yazıdan sonra məni qınayan adamlar da tapılacaq. Ancaq nəzərə almalıyıq ki, Azərbaycan xalqı 1 milyona yaxın qaçqın və məcburi köçkünə səbəb olan I Qarabağ müharibəsinə şahidlik edib. O zaman da Azərbaycan xalqının birliyi, həmrəyliyi və imkansız ailələrə yardım etmək kimi xeyrxah əməlləri var idi. Ancaq o dövrdə əl tutan insanlarımız imkansızlara 1-2 kiloqram kartof, makaron payı verərək, özlərini reklam etmirdilər. Bəs bu gün müharibə şəraitində yaşayan bir xalqı dünyaya belə rəzil və aciz formada təqdim etmək kimlərin marağındadır?

Zaur Hacılı

Oxşar xəbərlər