Yeni Peşə Təhsil Mərkəzinin üstünlükləri nədir?

Sumqayıt Kimya Sənaye Parkında açılan Peşə Təhsil Mərkəzi “sifarişçi” ilə təhsil alanlar arasında birbaşa “körpü” yaradır.

SOSİUM.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib. Onun sözlərinə görə, yeni mərkəzin bir neçə üstünlükləri var:

“Bildiyimiz kimi, son illər Azərbaycan dövləti tərəfindən peşə təhsilinə xüsusi diqqət yönəlib və Cənab Prezident İlham Əliyev tərəfindən 20 aprel 2016-cı ildə imzalanan xüsusi Fərmanla Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyi yaranıb. Bu da peşə təhsili sahəsində islahatların aparılmasına və bu sahənin inkişaf etdirilməsinə imkan yaradıb.

Sözsüz ki, Sumqayıt Kimya Sənaye Parkında Peşə Təhsil Mərkəzinin açılması xüsusi əhəmiyyət daşıyır. Sözügedən təhsil müəssisəsinin orada təhsil alan şəxslərə yaradılan imkanlar barədə danışmaq istərdim. Öncə onu bildirim ki, həmin peşə məktəbində təhsil alan tələbələr artıq Sumqayıt Sənaye Parkı ərazisində istehsalat təcrübəsi əldə etmək imkanı qazana bilərlər.

Digər özəlliklərdən biri də odur ki, sənaye parkında yerləşən 15 rezident artıq bir “sifarişçiyə” çevirilir. Bundan irəli gələrək peşə mərkəzində 5 ixtisas üzrə tədris prosesinə başlamağa qərar verilib. Nəticədə oradan məzun olan şəxslər Kimya Sənaye Parkında yerləşən 15 rezident və o cümlədən, açıq bazar üçün bir mütəxəssisdir. Bu sənayə parkındakı Peşə Təhsil Mərkəzi, həmçinin “sifarişçi” ilə təhsil alanlar arasında birbaşa “körpü” yaradır”.

Deputat əlavə edib ki, burada əsas məqamlardan biri də müxtəlif peşə və ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasıdır: “Hazırda 5 ixtisas üzrə peşə hazırlığı dərslərinin keçirilməsi nəzərdə tutulsa da, bu sayın gələcəkdə artırılacağı da mümkündür. O cümlədən, müvafiq əlavə kursların təşkili də mümkündür. Onu da əlavə edim ki, bu peşə məktəbi dövlət tərəfindən maliyyələşdirilib və peşə təhsili şəbəkəsinin bir parçası olub”.

Oxşar xəbərlər