Yollarımız niyə tez dağılır? – Ekspert çıxış yolu təklif edir

Vüqar Oruc: “ Paytaxtımız iki hissədən ibarətdir: Köhnə və yeni qurulan Bakı”

“Yolların çəkilməsi zamanı ortaya çıxan problemlər vaxtında aradan qaldırılmadığı üçün sonradan həmin yollar vaxtından əvvəl aşınır və sıradan çıxırlar“.

Bu sözləri SOSİUM.az-a açıqlamasında “VECON” qiymətləndirmə şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc söyləyib.

O bildirib ki, inşaat işləri aparılarkən keyfiyyətə nəzarət amilinə xüsusi diqqət yetirilməlidir: “Fəaliyyət sahəsindən asılı olmayaraq, əgər hər hansı sahədə xidmət göstərilirsə, konkret bir yol salınırsa və yaxud inşaat işləri aparılırsa, mütləq keyfiyyətə nəzarət sistemi tətbiq olunmalıdır. Müəyyən normativ qaydalara, hansı ki, bura inşaat, yolçəkmə və s. qaydalar aiddir, ciddi əməl edilməlidir. Əvvəllər hər hansı layihə təqdim olunan zaman müvafiq icra strukturları ilə razılaşdırılırdı. Məhz bundan sonra inşaat prosesinə start verilir və bu prosesin özü müvafiq qurumların nəzarəti altında həyata keçirilirdi”.

“İnşaat işləri bitəndən sonra müvafiq qurumlar həmin tikintinin istifadəyə yararlığı barədə rəy verməlidir” deyən V.Orucun sözlərinə görə, müəyyən neqativ hallar, o cümlədən məmur özbaşınalığı bu cür problemlərə yol açır: “Yeni yolların çəkilməsi və təmiri elə bir prosesdir ki, bu müəyyən çətinliklərə yol açır. Misal üçün həmin ərazidə avtomobillərin hərəkətinə müəyyən məhdudiyyətlər qoyulur. Hesab edirəm ki, inşaat və təmir prosesi bütün incəliklər nəzərə alınaraq aparılmalıdır ki, yollarda tıxacların yaranmasına, yeraltı kanalizasiya sularının gələcəkdə hər hansı fəsad törətməsinə gətirib çıxarmasın. Digər tərəfdən, yeni yolların salınması və təmiri zamanı ortaya çıxan əsas problemlərdən biri yağış və qrunt sularının yaratdığı problemlərdir. İlk növbədə yolun üstünə yox, altına fikir vermək lazımdır. Kanalizasiya boruları tam gücü ilə işləmədiyinə görə, asfalt örtüyünün zədələnməsinə və deformasiya olunmasına səbəb olur. Bilirsiniz ki, şəhərimiz iki hissədən – köhnə və yeni qurulan Bakıdan ibarətdir. Bu iki hissədə kanalizasiya borularının əvəzlənməsi zamanı texniki səhvlərə yol verilir. Bu səbəbdən yağış sularını kanalizasiya suları axıda bilmir və çökəkliklərin yaranmasına rəvac verir. Bu da öz növbəsində asfalt yolların aşınması və sıradan çıxması ilə nəticələnir”.

V.Oruc qeyd edir ki, asfalt qarışığının və tərkibinin nisbətində beynəlxalq normalara riayət olunması da mühüm amillərdən biridir: “Çox təəssüf ki, bu sahədə vəziyyət acınacaqlıdır. Asfaltın qalınlığı, tərkibi ciddi şəkildə analiz olunmalı və yolun daha çox hərəkət hissəsinə uyğun olaraq qurulmalıdır. Yəni yük maşınlarının hərəkət trayektoriyası üzrə asfaltın qalınlığı yüksək, minik avtomobillərinin hərəkət trayektoriyası üzrə isə daha sadə olmalıdır ki, həmin yollar müvafiq ağırlığa tab gətirə bilsin”.

Ekspert çıxış yolu olaraq üç istiqamətdə işləməyi təklif edir: “İlk növbədə planlama işləri düzgün həyata keçirilməlidir. Müvafiq icra strukturları bu istiqamətdə vahid konsepsiya hazırlamalıdır. Həmin konsepsiyada nəqliyyat vasitələri üçün daha yaxşı şəraitin yaradılması öz əksini tapmalıdır. Unutmaq lazım deyil ki, nəqliyyat vasitələri üçün yol dedikdə yalnız minik və yük avtomobilləri deyil, moto və velosiped yolları, o cümlədən piyada keçidləri nəzərdə tutulur. Professional planlaşdırma həm yollarda təhlükəsiz hərəkətin təmin olunması, həm də tıxacların aradan qaldırılması üçün bir tövhə ola bilər. İkincisi, icra strukturlarının planlaşdırma anından etibarən həm sənədlərin təsdiqi, eyni zamanda ilk inşaat-yolsalma işlərinin başlanması və yekunda müştərək komissiyanın işinin təsdiq edilməsi prosedurları yüksək peşəkarlıqla həyata keçirməli, prosesin sonuna qədər müvafiq nəzarət mexanizmi olmasını təmin etməlidir. Elə bir nəzarət mexanizmi tətbiq olunmalıdır ki, buraxılan konkret səhvlər ciddi fəsadlara səbəb olmamış aradan qaldırılsın. Eyni zamanda, səhvlərə və bilərəkdən törədilmiş cinayətlərə görə cəza tədbirləri də sərtləşdirilməlidir. Yerlı icra orqanları ilə ölkəmizin yol təsərrüfatına cavabdeh olan qurumla, yəni “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqəli çalışmalıdır ki, təmir işləri aylarla yubanmasın. Planlama, sənədlərə və inşaat işlərinə düzgün nəzarət sisteminin yaradılması yolların istismar müddətindən qabaq sıradan çıxmasının qarşısını ala bilər. Bu həm də dövlət büdcəsinə qənaət olunması, vətəndaşların birgəyaşayış hüququnun təmin olunması baxımından vacibdir. Bilirsiniz ki, yol ölkənin əsas qan damarıdır və əgər yollar keyfiyyətli olarsa, bu vətəndaşların fəaliyyəti və birgəyaşayışı üçün münbit şərait yaratmış olar”.

Oxşar xəbərlər