“Yoluxma artacaqsa, qapanma qaçılmaz olacaq”

“Yoluxma artacaqsa, qapanma zərurəti yaranacaq. Yox, yoluxma tendensiyası stabil qalacaqsa, onda qapanmağa ehtiyac olmayacaq. Amma istənilən halda bu sahədə qərar və söz sahibi Nazirlər Kabineti yanında Operativ Qərargahdır”.

SOSİUM.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev əhali arasında karantinin sərtləşdiriləcəyi, məhdudlaşdırmaların olacağına dair yaranmış narahatlıqla bağlı danışarkən bildirib.

Deputatın sözlərinə görə, ölkədə epidemioloji vəziyyəti dəyərləndirib qərar verən qurum Nazirlər Kabineti yanında Operativ Qərargahdır:

“Yəqin ki, bayrama qədər vəziyyət dəyərləndiriləcək. Amma Qərargahın hansı qərarı verəcəyini əvvəlcədən proqnozlaşdıra bilmərik. Hər halda gözləyək”.

Qeyd edək ki, martın 11-nə olan statistikaya görə, Azərbaycanda günlük COVID-19-a yoluxma sayı 600-ü, aktiv xəstə sayı 4 mini keçib.

Oxşar xəbərlər