Zəfərə gedən yol, birlikdən başlayır! – Şəmkirli gənclər

Şəmkir Gənclər Evi Qarabağ zəfəri ilə bağlı bəyanat yayıb.

Şəmkir Gənclər Evinin direktoru İlkin Musayevin adından yayılan bəyanatda deyilir:

Bu dövrlər bir xalq olaraq tarixi günlər yaşayırıq. Belə ki, 30 ildir düşmən tapdağı altında qalan əzəli torpaqlarımız Ali Baş Komandanın qətiyyəti və əzmi, Müzəffər Ordumuzun gücü və qüdrəti sayəsində geri qaytarıldı. Bu tarixi qələbə Azərbaycan xalqının bir qərinəyə yaxın sığdırdığı səbrin zəfəri idi.

Bu dövr xalqımızın tarixinə İlham Əliyev dövrü kimi, qızıl dövr kimi daxil olacaq.

Artıq 30 ildir ki, Azərbaycanın 20 faiz ərazisi düşmən tapdağı altında idi. Bir milyondan artıq məcburi köçkün ordusu böyük ümidlər və səbirsizliklə öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdılar. Torpaqlarımızın düşmən işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi hər bir Azərbaycan vətəndaşının müqəddəs arzusu idi. Bu gün bu arzu Ali Baş Komandanın göstərişi ilə həyata keçirilir. Bizi məcburən müharibəyə cəlb edən işğalçı Ermənistanın faşist rəhbərliyi indi Azərbaycan Ordusunun mükəmməl hücumları qarşısında duruş gətirə bilmir, pərakəndə və tör-töküntü halında qaçmağa məcbur olur. Bu, belə də olmalı idi. Çünki Azərbaycan Ordusu öz torpağında düşmənlə müharibədədir, öz torpağını işğaldan azad etmək uğrunda ölüm-dirim müharibəsi aparır. Belə müharibə isə Vətən müharibəsi adlanır, bu, müqəddəs müharibədir, haqq-ədalət müharibəsidir. Qoca tarix sübut edib ki, hər bir ədalət müharibəsində, Vətən müharibəsində xalq parlaq zəfərlər qazanır.

Ermənistanın xunta rəhbərliyi beynəlxalq hüququ BMT-nin Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayırdı və atəşkəs rejiminə baxmayaraq, son 26 ildə, demək olar ki, hər gün atəşkəsi pozur, Azərbaycan sərhədlərini müxtəlif silahlarla atəşə tuturdu. Ermənistanın faşist rəhbərliyi avantürist təxribatlar törədirdi və son vaxtlarda Tovuz bölgəsində, Tərtər-Ağdam-Goranboy istiqamətlərində hücumlar etməyə cəhdlər göstərirdi. Bütün bu təxribatçı hücumların qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınırdı.

Sentyabrın 27-də başlanan müharibə xalqımızın Vətən müharibəsinə çevrildi. Bu gün haqq-ədalət müharibəsinə qalxan Azərbaycan xalqı bir daha sübut edir ki, xalq-ordu birliyi, xalq-dövlət birliyi, xalq-Prezident birliyi potensial qüvvəyə çevrilib. Düşmən tərəfi bəlkə də xalqımızın və ordumuzun belə potensial gücünü görməmişdi və ya heç düşünə də bilmirdi. Elə ki Ordumuzun güclü zərbələri qarşısında işğalçı tərəfin canlı qüvvəsi və döyüş texnikası darmadağın edildi və biabırçı şəkildə qaçmağa tələsdilər, bax, onda işğalçılıq siyasəti aparan Paşinyan hökuməti əl-ayağa düşdü, dünyanın bir çox ölkə rəhbərlərinə yalvarmağa başladı.

Bu gün dünyanın bütün dövlət və hökumət başçıları aydın şəkildə bilməlidirlər ki, Azərbaycan xalqı haqq müharibəsi aparır. Cənab Prezident, Ali Baş Komandan bütün çıxışlarında, müsahibələrində, xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrində demişdir: “Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanlarında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır”.

Azərbaycan xalqının bu haqlı müharibəsi bütün dünyada müdafiə edilir. Cənab Prezidentimizin dediyi kimi, biz yeni bir dövrün astanasındayıq. Ordumuzun və əsgərlərimizin qələbələri günbəgün artır. Hər gün yeni-yeni kəndlərimizin, şəhərlərimizin və yaşayış məntəqələrimizin düşmən işğalından azad edilməsi müjdələri alınır. Xalqımız bu qələbələri çoxdan gözləyirdi. İndi vaxt-vədə çatıb, Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləcək. Suqovuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın,Şuşanın və digər şəhər və kəndlərimizin azad edilməsi bizim müharibə tariximizdə böyük hərbi-strateji əhəmiyyətə malik olan hadisədir.

Oktyabrın 20-də Azərbaycan xalqına etdiyi müraciətində Prezident İlham Əliyev deyib: “Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq”.

Qüdrətli dövlətimizin hərbi gücü sayəsində azğın, mənfur və rəhmsiz düşmən məhv edildi, məğlubiyyətə düçar edildi. Millətimizin milli ruhu sanki yenidən özünə qayıtdı, qürur mənbəyimiz olan igid oğullarımız böyük vətənpərvərliklə müqəddəs torpağımızdan rəzil düşməni təmizlədi. 44 günlük Vətən savaşında hər birimizin qəlbi Qarabağla döyündü. Millətimiz, bütün azərbaycanlılar bir dəmir yumruq kimi birləşdi.

Sonda onu da qeyd etmək istəyirik ki, bu torpaqlarımız artıq biz gənc nəsilə əmanətdir. Əmanətinə gözümüz kimi baxacaq, lazım gəlsə canımızı və qanımızı əsirgəməyəcəyik! Qələbə sənə çox yaraşır AZƏRBAYCAN !

Oxşar xəbərlər