“Ən azından, onların yol və yemək xərcləri qarşılanmalıdır”

Elnarə İlham: “Bəzi hallarda şirkətlər elan verir ki, “təcrübə proqramı keçiririk, CV-lərinizi göndərin”, amma qarşı tərəf hansı istiqamətdə çalışacağını bilmir”

İş insanın cövhəridir. Təbii ki, hər kəs işləsə, müəyyən qədər fəaliyyət göstərsə, çox yaxşıdır. Lakin hazırda əmək bazarında iş təklif edənlər işi bacaranların qıtlığından, iş axtaranlar isə işin qıtlığından şikayətçidir.

Bu vəziyyəti az-çox nizamlayan, iş axtaranların istədikləri işçiyə rastlamasına, işçilərin də istədikləri işlə təmin olunmasına kömək edən təşəbbüslərdən biri də təcrübə proqramlarıdır. Bəs təcrübə proqramlarına müraciət edənlər nələrə diqqət etməlidirlər? AYNA mövzu ətrafında karyera və təhsil üzrə influnser Elnarə İlham ilə həmsöhbət olub.

– Könüllülüklə təcrübə proqramlarının fərqi nələrdir?

– Könüllülüyün sonunda sizə iş vəd etmirlər. Təcrübə proqramı isə konkret bir sahə üzrə olur və sonunda əksər qurumlar sizə iş vəd edir.

– Təcrübə proqramları hansı hallarda ödənişli, hansı hallarda ödənişsiz olur?

– Bu, şirkətin strategiyasından və yanaşmasından asılıdır. Təcrübə proqramının 3 ay olması arzuolunandır. Amma biz elanlarda bir çox şirkətin özünün müəyyən zaman təyin etdiyinin və 6 aya qədər bir müddət göstərdiyinin şahidi oluruq. Eyni zamanda təcrübəçinin hər gün iş yerində olmasını, tam iş saatı ofisdən fəaliyyət göstərməsini istəyirlər. Ödənişə qaldıqda isə, öz imicini qoruyan, imicinə hörmət edən şirkətlər təcrübə proqramını ödənişli edir və bu ödəniş minimum 50 manatdan başlayır. “Full-time” rejimdə 300-400 manatla təcrübə proqramı elan edən şirkətlər də var. Nəzərə alsaq ki, tam ştat işləyən və daha az maaş alan insanlar var, bu halda demək olar ki, təcrübə proqramı üçün bu ödəniş yaxşıdır. Lakin onu qeyd edim ki, bu məbləğdə ödənişlə təcrübə proqramları çox az hallarda olur və spesifik sahələri əhatə edir.

– Təbii, hər kəs istəyir ki, ödənişli təcrübə proqramlarına qoşulsun. Bəs ödənişsiz olduğu halda belə, hansı şərtlər daxilində müraciət etmək məqsəduyğun hesab edilir?

– İlk növbədə, nəzərə almaq lazımdır ki, ödənişsiz də olsa, bu, təcrübədir. Qeyd edim ki, bu tendensiya artıq yayılıb və çoxalmaqdadır. İnsanlar təcrübə proqramına qoşulduqdan sonra işə götürülür. Öz təcrübəmdə də bunun şahidi olmuşam. Özümün çalışdığım qurumlarda da təcrübə proqramına müraciət etmiş şəxsləri iki ayın sonunda işlə təmin ediblər. İnsanlar əvvəllər bu məsələyə şübhəli yanaşırdılar. Şirkətlərin onları işlətdiyini, yola verdiyini düşünürdülər. Lakin artıq elə deyil. Ona görə ödənişsiz də olsa, təklif və tələblər uyğundursa, mütləq qoşulsunlar. Hətta sonunda işlə təmin olunmasalar belə, bu təcrübə onlar üçün sözün həqiqi mənasında təcrübədir. Sonradan digər iş yerlərinə müraciət etdiklərində rahatlıqla təsdiq edə bilərlər ki, bu sahədə fəaliyyət göstəriblər.

– Bizdə təcrübə proqramları ilə bağlı hansı boşluqlar, problemlər var?

– “Full-time” olması, minimum məbləğ belə olsa, ödənişin olmaması minusdur. Ən azından yol və yemək xərci qarşılanmalıdır. Nəzərə alsaq ki, təcrübə proqramına qoşulanların əksəriyyəti tələbələrdir, onların vəziyyətini başa düşmək lazımdır. Təcrübə rəhbəri kimi müəyyən edilmiş şəxslərə əlavə ödəniş vermirlər. Amma o şəxs təcrübəçilərlə məşğul olmalıdır. Bu zaman da işləri hansı səviyyədə öyrədəcəyi təcrübə keçəcək şəxsin insafına qalır. Çünki təcrübə proqramı bir məktəb deyil. İnsanlar burada nəzəri biliklərini təcrübəyə tökmək üçün gəlirlər. Lakin təəssüf ki, bəzən insanlar heç bir biliyi olmadan da müraciət edirlər. Bu zaman da təcrübəsi olmayanlarla işləyən təcrübə rəhbərinə daha çox iş düşür və o, daha çox vaxt ayırmış olur.

Biz də bilirik ki, hər kəsin bəlli iş saatı və işi var. Təcrübə rəhbəri təcrübəçilər üçün vaxt ayıranda məcbur qalır ki, öz işini yubatsın, bəzi hallarda işdən sonra qalıb məşğul olsun. Belə olan halda da insanların əksəriyyəti öz işini görməyi seçir və təcrübəçiyə nəsə öyrətmir. Bu zaman da təcrübəçi pis vəziyyətdə qalır. Çünki o, öyrənməyə gəlib. Əksər hallarda da təcrübəçilər bunu tələb edə bilmirlər. Bu səbəbə görə də bir çox təcrübə proqramları heç bir nəticə əldə edilmədən bitir, həmin şəxslər də işlə təmin olunmurlar. Buna görə təcrübə proqramına qoşulanlara tövsiyəm odur ki, öyrədən nəsə öyrətməsə, özləri tələb etsinlər. Ümumiyyətlə, istənilən iş mühitində eqoist yox, təşəbbüskar, bilməsə belə, öyrənməyə meyilli insanlara yer verirlər.

– Təcrübə proqramını faydalı başa vurmaq üçün tövsiyələriniz nələrdir?

– Təcrübəyə vaxtında gedib, vaxtında gəlsinlər. Müxtəlif bəhanələr gətirmək, biganə yanaşmaq olmaz. Bu cür insanları işə götürməzlər. Nəzərə almaq lazımdır ki, eyni sahə üzrə başqa yerə müraciət edəcəksə, hər kəs bir-birini tanıyır və təcrübə proqramında qarşılaşdığı birisi ilə mütləq başqa yerdə də qarşılaşa və ya onun haqqında danışıla bilər. Hər işdə olduğu kimi, bu məsələdə də məsuliyyətli olmaq şərtdir. Təcrübəçi verilmiş tapşırıqları bilməsə belə (öyrənməyə gəlib), öyrənməyə və yarıtmağa çalışmalıdır. Öz üzərində işləməlidir. Digərlərini müşahidə etməlidir. Bu, iş mühitinə adaptasiya olmaqda kömək edir. Yaş və təcrübə baxımından digərləri ilə münasibətdə hörmət qaydalarına diqqət göstərsinlər. Bəzi hallarda təcrübəçi gəlir, 10 illik təcrübəsi olan adam mat-məəttəl qalır ki, bu, belə danışırsa, mən nə etməliyəm? Buna görə etik normala əməl etmək, işini yaxşı görməyə çalışmaq lazımdır.

– “Bu yaxşıdır” deyə biləcəyimiz təcrübə proqramlarında hansı şərtlər olmalıdır?

– Təcrübə proqramı yarım gün olmalıdır. Daha əvvəl də qeyd etdiyimiz kimi təcrübə proqramına müraciət edənlərin əksəriyyəti tələbələr olur. Onları nəzərə almaq lazımdır. Ən azından yol və yemək xərcləri qarşılanmalıdır. Təcrübə proqramı üçün tələblər dəqiq yazılmalıdır. Təcrübəçi hərşeyşünas olmamalıdır. Təcrübə keçəcəyi sahə dəqiq qeyd edilməlidir. Bəzi hallarda şirkətlər yazır ki, təcrübə proqramı elan edirik, CV-lərinizi göndərin. Amma qarşı tərəf bilmir ki, hansı istiqamətdə çalışacaq. Təəssüf ki, belə hallar var.

– “İndi şirkətlər işçi götürməmək üçün təcrübə proqramlarından istifadə edir, gəncləri işlədirlər”. Bu iddiaya son zamanlarda tez-tez rast gəlirik. Sizin bu barədə düşüncələriniz necədir? Ödənişsiz təcrübə proqramlarına hansı hallarda müraciət etmək daha məqsəduyğundur?

– Ödənişsiz təcrübə proqramına müraciət etmək əgər şəxsin sahəsinə, istəyinə, arzularına qapı açan proqramdırsa, müraciət edə bilər, əks halda isə tövsiyə olunmur. Fərdin heç bir məşğuliyyəti yoxdursa, bu halda da ödənişsiz təcrübə proqramına qoşulması tövsiyə olunandır.

Oxşar xəbərlər