Komitənin sədri Taro Savadanı qəbul edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Yaponiya parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın Beynəlxalq İnvestisiya şirkəti TET-in direktoru cənab Taro Savadanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müəllifi olduğu – bugünlərdə gün üzü görəcək “Addım-addım Yaponiya” kitabından, mədəni əməkdaşlıqdan, ümumən Azərbaycan-Yaponiya əlaqələrindən danışan Komitə sədri, TET-in Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən onun parlamentdə təmsil etdiyi Tovuz rayonunda həyata keçirdiyi sosial-mədəni layihələrdən, yatırımlardan, eləcə də cənab Savada ilə yenidən görüşdüyü üçün məmnunluğunu bildirib.

Q.Paşayeva cənab T.Savada ilə iki dost ölkə arasında, mədəniyyət daxil olmaqla müxtəlif əməli çalışma sahələri üzrə bağların daha da gücləndirilməsi imkanlarını müzakirə edib.

Səmimi görüş üçün təşəkkür edən cənab T.Savada Azərbaycanın bölgələrində açılan yaxud açılması planlaşdırılan müəssisələr və o müəssisələr qurularkən bölgə əhalisinin sosial-mədəni istəklərinin nəzərə alındığını bildirib.

Görüşdə mədəniyyətyönümlü layihələr, Qarabağda quruculuq, abadlıq dönəminin başlanması və bunların yaratdığı yeni imkanlar barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə millət vəkili, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, TET Beynəlxalq İnvestisiya şirkətinin vitse-prezidenti Namig Əliəsgərov və şirkətin məsləhətçisi Sadix Murtuzayev iştirak edib.

Oxşar xəbərlər