“Təkcə maska taxmaqla da iş bitmir axmır”

Koronavirus əleyhinə vaksinasiya üçün müraciət edənlər çoxdur. Gün ərzində təxminən 200-400 arasında şəxsə peyvənd vurulur.

SOSİUM.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin vaksinasiya ilə bağlı şəhər poliklinikaları üzrə kuratoru Sevinc Məmmədova bildirib. “Elə poliklinika var ki, 40 min, eləsi də var ki, 80-100 min vətəndaşa xidmət edir. Peyvənd olunmaq istəyənlər çoxdur. Vaksinasiya prosesi çox aktiv gedir. Vətəndaşlar gəlib qeydiyyatdan keçir, peyvənd olunurlar. Yanvarın 18-dən bu günə qədər mənim kurasiyamda olan poliklinikalarda peyvəndləmə zamanı hər hansı fəsadlaşma qeydə alınmayıb. Ümumiyyətlə, Bakı şəhəri üzrə vaksinasiya aparılan 32 poliklinikada belə hal baş verməyib. Çünki nəsə olsaydı, mətbuat bu barədə yazardı. Hər kəs peyvənd olunur, pasport alıb gedir”.

S.Məmmədova bu günə qədər poliklinikalarda “CoronaVac” vaksindən istifadə olunduğunu qeyd edib:

“İndiyədək bu vaksindən istifadə olunub. Yəqin ki, yaxın günlərdə “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılacaq və bu barədə əhaliyə məlumat veriləcək”.

Vaksinasiyanın vacib olduğunu deyən S.Məmmədova bildirib ki, təkcə maska taxıb, ara məsafəsi saxlamaq, sanitar-gigiyenik normalara əməl etməklə iş bitmir.

“Kollektiv immunitetin yaranması üçün əhalinin 60-70 faizi peyvənd olunmalıdır. Son günlər yoluxma və ölüm sayı azalmır. Virusun qarşısının alınması üçün vaksinasiya böyük rol oynayır. Əhalinin əksər hissəsi vaksinasiya olunduqdan sonra xəstəlikdən xilas ola bilərik”.

Oxşar xəbərlər