Ağsuda polisin təhqir etdiyi şəxs nazirə müraciət etdi

Azərbaycan vətəndaşı artıq hüquqlarının qorunması üçün qanuni yollardan istifadə edir. Əslində bu hüquq müstəvisində atılan müsbət addımların nəticəsidir.

SOSİUM.az xəbər verir ki, bizimxeber.az-ın redaksiyasına əslən Ağsu rayonundan olan, hazırda Bakı şəhəri Xətai rayonunda yaşayan Samir İsmayılzadə adlı vətəndaşın Azərbayсan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova ünvanladğı müraciəti daxil olub.

Çox hörmətli general-polkovnik!

Sizdən xahiş edirəm ki, Ağsu rayonunda məni təhqir edən, vətəndaş olaraq mənə göstərdiyi aqressiv münasibətinə, polisə yaraşmayan hərəkətlərinə, ifadələrinə görə, Anar Həmidovun əməllərinə qanunların imkan verdiyi şəkildə qiymət verilməsinə şərait yaradasız.

Bir vətəndaş olaraq gecə gündüz dövlətimizin və millətimizin keşiyində dayanan polisin adına belə hallarla ləkə gətirilməsini istəməzdim. Amma belə polislərə adi davranış qaydalarının öyrədilməsi də vacib məqamlardandır.

Biz demokratik və qanunların var olduğu bir ölkədə yaşayırıq. Hesab edirəm ki, şərəfli Azərbaycan polisi olan yerdə vətəndaşlar incidilə, təhqir edilə, özünü təhlükədə hiss edə bilməz.

Onu da bildirim ki, polis çavuşu Anar Həmidov tərəfindən təhqir və aqressiv təzyiqə məruz qaldığım gün (11.04.2021) baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin elektron ünvanı vasitəsi ilə məlumat ünvanlamışam.

Mən Sizin bu hadisənin qanun çərçivəsində araşdırılacağına və aidiyyatı üzrə tənbeh tədbirlərinin görüləcəyinə inanıram.

Öncədən təşəkkür edirəm.

Hörmətlə, Müstəqil  Azərbaycan Respublikasının vətəndaşı Samir İsmayılzadə.

Vətəndaş Samir İsmayılzadə müraciətində qonaq getdiyi Ağsu rayonunda tanımadığı polis nəfəri tərəfindən heç bir əsas olmadan təhqir və təhdid edildiyini yazır, nazir, general-polkovnik Vilayət Eyvazovdan ona qarşı səbəbsiz olaraq sərgilənən bu sərt münasibətin araşdırılmasını, polis nəfərinin qanunla tənbeh olunmasını xahiş edir.

Müraciətin maraqlı olduğunu nəzərə alıb olduğu kimi təqdim edirik.

Azərbayсan Respublikasının Daxili İşlər naziri
general-polkovnik Vilayət Eyvazov Cənablarına

Azərbaycan Respublikasının vətəndaşı,  Xətai rayon sakini Samir İsmayılzadə tərəfindən 

Müraciət

Çox hörmətli nazir, general-polkovnik Vilayət Eyvazov! 

Sizə bu müraciəti Müstəqil Azərbaycan Respublikasının qanunlarına hörmət edən, Azərbaycan polisinin dövlətimizin və vətəndaşlarının keşiyində şərəflə dayanmasına səmimiyyəti ilə inanan bir azərbaycanlı olaraq edirəm.

Cənab nazir!

Mən Samir İsmayılzadə Ağsu rayonunda doğulmuşam. Tale elə gətirib ki, 10 yaşımda ailəmlə birlikdə Bakıya köçməli olmuşam. Amma doğulub boya-başa çatdığım el-obamı unutmamışam, tez-tez rayondakı qohum əqrəbalarıma baş çəkirəm, el-obamın xeyir-şərində iştirak edirəm.

Amma bu günlərdə 11 aprel 2021-ci ildə doğulduğum, sevə-sevə gedib-gəldiyim Ağsu rayonunda raslaşdığım hadisə mənə çox pis təsir etdi, özümü ölkəmdə aşağılanmış, təhqir edilmiş kimi hesab etdim.

Vaxtınızı çox almadan qısaca deyim ki, rayonda olarkən, heç bir artıq hərəkət etmədiyim, qanunun tələblərini pozmadığım halda, günün günortasında rayonun post-patrul xidmətinin polis nəfəri tərəfindən təhqir edildim, aqressiv münasibətlə rastlaşdım, hətta təhdidə məruz qaldım.

Sonradan öyrəndim ki, məni heç bir əsas olmadan təhqir və təhdid edən Anar Həmidov adlı Agsu rayon Polis Şöbəsinin polis çavuşudur.

Polis nəfəri Anar Həmidovun patrul avtomobilindən düşmədən, özünü təqdim etmədən, sadəcə avtomobilin pəncərəsindən mənə qarşı yazmağa belə utandığım ifadələrlə olan davranışının şahidi oldum.

Anar Həmidovun vətəndaşa və polisə yaraşmayan ifadələrlə olan münasibətinin ardınca əsassız olaraq – “səni basıb maşına apararam”, “mən səni bilərəm neyniyərəm” kimi hədələri davam etdi.

Təbii ki, mən Azərbaycan polisinə və qanunlara hörmət çərçivəsində nə baş verdiyini soruşmağa, vətəndaş olaraq heç bir səhv addım atmadığım üçün hansı səbədən belə davranışla üzləşdiyimi söruşmağa çalışdım. Cavabında isə “görüşərik”, ”bu nə suallardır verirsən?, Sən kimsən?” kimi təhdilərini eşitdim. Mən isə polisə hörmət əlaməti olaraq qismən susmaqla davranış nümayiş etdirdim.

Çox hörmətli nazir!

Baş verən bu hadisə mənə olduqca pis təsir edib. Öz rayonumda, vətənimdə günahsız olduğum halda heç bir səbəb olmadan təhqir, təhdid olunmağım anlaşılan deyil.

Həmçinin polis çavuşu Anar Həmidovun dediyi – “səni biləcəm neyniyəcəm”, “görüşərik” kimi  təhdidi artıq Ağsu rayonunda özümün və ailə üzvlərimin təhlükəsizliyi sual altında qoyur.

Sizin uzun illər Azərbaycanda polis sisteminin formalaşmasında yorulmadan gördüyünüz uğurlu fəaliyyət göz önündədir və vətəndaş olaraq Sizin rəhbərliyiniz altında çalışan polisə güvənirik.

Bəzən isə Anar Həmidov kimi polislərin vətəndaşla etinasız və təhqiredici davranışları sizə müraciət etmək məcburiyyəti yaradır.

Hörmətlə, Azərbaycan Respublikasının vətəndaşı Samir İsmayılzadə.

Oxşar xəbərlər