Xalqının etimadını doğruldan LİDER!

Hər bir tarixin özünəməxsus ştrixləri, gələcək nəsillərə buraxdığı örnək izləri var və qədirbilən xalqımız qədim zamanlardan bugünədək bu örnəkləri öz milli-mənəviyyatında, dəyərlərində yaşadır. Bu gün müasir və müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisində silinməz izlər qoyan ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı nəhəng, yorulmaz işləri ölkəmizin tarixində bundan sonra da əbədiliyi ilə qalacaq.

SOSİUM.az xəbər verir ki, bu fikirləri Utro.az saytının baş redaktoru, Habil Ağazadə bildirib.

Ağazadə qeyd edib ki, üç il öncə növbəti dəfə xalqın mütləq əksəriyyətinin etimadını qazanan İlham Əliyev Azərbaycanın xilaskar və alternativsiz lideri olduğunu bir daha təsdiqlədi. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 18 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Belə ki, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə həll edərək adını tarixə qızıl hərflərlə yazdıran İlham Əliyev dövlətimizin yüksəliş salnaməsində xalqımızın yaddaşına əbədi həkk olundu.
Azərbaycanın yeni əsrdə yeni lideri olan cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsindən 18 il keçsə də, Onun həyata keçirdiyi işlərin hər biri yüz illərə söykənəcək reallıqlar və danılmaz faktlardır. Xalqın bu illər ərzində dəyişməz seçimini labüd edən başlıca amil isə ölkə başçısının xalqı qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi, milli mənafelərə maksimum cavab verən siyasət yeritməsi, ən başlıcası isə 44 günlük Vətən müharibəsində Qalib Sərkərdə kimi Qarabağı işğaldan azad etməsi oldu.

Üç il öncə, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyevin xalqın 86,02 faizinin etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsi məhz bu sevginin, inamın əyani təzahürü idi. Xalq növbəti dəfə İlham Əliyevi alternativsiz lider kimi qəbul edərək onu özünə rəhbər seçdi və bugünədək baş verən proseslər xalqın seçiminin nə dərəcədə doğru olduğunu göstərdi.

“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin”, – bu fikir Azərbaycanın dövlət başçısının xalqına necə bağlı lider olduğunu əyani surətdə aşkara çıxarır. Hər zaman sözü ilə işi bir olan dövlət başçısı aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı bəyan etdi ki, Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi üçün bütün imkanları səfərbər edəcək. Belə də oldu. Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqlarının təmin edilməsi məsələsi son üç ildə də İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil etdi. Sadalananlar onu deməyə əsas verir ki, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik – budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.

Seçkilərdən dərhal sonra özünün yeni islahatlar paketini təqdim edən İlham Əliyev inkişaf strategiyasının 11 istiqamət üzrə yol xəritəsini müəyyənləşdirdi. Ötən üç il ərzində də Prezidentin hər zaman xalqının yanında olduğunun, onun problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Bayram və şad günlərdə hər zaman xalqla birlikdə olan Prezident dar gündə də xalq ilə təmasda oldu, vətəndaşları narahat edən problemləri birbaşa dillərindən dinlədi, onların həlli ilə bağlı yerindəcə göstərişlər verdi.

Zamanın nəbzini tutması, meydana çıxan çağırışlara adekvat siyasi xətt müəyyənləşdirməsi Prezident İlham Əliyevin üstün keyfiyyətlərindəndir. Onun mütəmadi olaraq praqmatik yanaşmalar sərgiləməsi son 18 ildə Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını təmin edib. Son üç ildə isə İlham Əliyevin mütərəqqi islahatları bir çox sahələri əhatə etdi. İqtisadi islahatlarla yanaşı reallaşan siyasi islahatlar daha çevik idarəetmə strukturunun yaradılması ilə nəticələndi. Dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atıldı.

2019-cu ilin əvvəlindən başlayaraq İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də geniş islahatlar aparıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan bu fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi.

Dünyanı bürüyən qlobal böhran, pandemiya bəlası ilə mübarizə zamanı da İlham Əliyev mühüm təşəbbüslərlə çıxış etdi. Azərbaycan Prezidentinin bilavasitə qlobal lider olaraq dünya səviyyəsində irəli sürdüyü təşəbbüslər, pandemiyaya qarşı birgə mübarizə, qlobal bəladan birgə çıxış yollarının axtarılıb araşdırılması, eyni zamanda iqtisadi tənəzzüldən və bir çox sahələrdəki çətinliklərdən çıxmaqla bağlı birgə konkret tədbirlər planının hazırlanması dünya birliyi tərəfindən dəstəkləndi.

Prezidentin bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Birliyi, BMT, Qoşulmama Hərəkatı, Türk Şurası kimi dünyanın bir çox aparıcı və nüfuzlu beynəlxalq təşkilatları və qurumları ilə əməkdaşlığa çağırışlarına verilən müsbət rəylər İlham Əliyevin liderlik keyfiyyətlərinin, zəkasının, siyasi iradəsinin uğurlu göstəricisi kimi qiymətləndirilməlidir.

Ən nəhayət, Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi, eyni zamanda Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. XX əsrin 90-cı illərində müstəqilliyimizin yenidən bərpa olunması, mill kimlik şüurumuzun güclənməsinə, dövlətçilik ənənələrimizin yenidən inkişaf etdirilməsi üçün bizə geniş imkanlar yaratdı. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl və uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı və eyni zamanda, bu gün Azərbaycan Müzəffər Lider İlham Əliyevin sayəsində dünyada qalibiyyət və zəfərlər yazan ölkə olaraq tanınmaqdadır. İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Bu müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.

İlham Əliyevi özünə lider seçən xalq bir daha seçimində yanılmadığını gördü. Hər bir vətəndaş əmin oldu ki, İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Bəli, Prezident İlham Əliyev cənabları ölkəmizin sürətli inkişafında, qazanılan nailiyyətlərdə tariximizə silinməz izlər həkk edən mütərəqqi və əbədi şəxsiyyət olaraq, hər zaman öz xalqının dəstəyini hiss edib və bundan sonra da belə olacaq. Bu vəhdət isə Azərbaycanımızı daha uca zirvələrə ucaldacaq.

Oxşar xəbərlər