“İrəvana bu yolla qayıdacağıq və…”

“Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı qüdrətli Azərbaycanın istənilən vəzifənin öhdəsindən gələ biləcəyini qeyd etdi və bildirdi ki, bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Dövlət başçısı vurğuladı ki, əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, bu yolu istifadə ediriksə, niyə də İrəvana qayıtmayaq. Azərbaycanın mövqeyi açıq və aydındır. Bunun fərqli təqdimatının olması, bu məsələnin Azərbaycanın Ermənistana qarşı ərazi iddiası kimi hallandırılması düzgün deyil”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri publika.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, Prezidentin bu çıxışı Azərbaycanın Zəngəzura və İrəvana iqtisadi yolla qayıdışını əks etdirir: “Zəngəzur tarixi Azərbaycan torpağıdır və 1920-ci ildə Ermənistana verilib. Bu məsələni cənab Prezident ADA Universitetində keçirilən tədbirdə beynəlxalq ekspertlərin diqqətinə bir daha çatdırdı. Zəngəzur dəhlizindən keçməklə Naxçıvana qədər dəmiryolu xətti çəkilirsə, bu, bizim artıq Zəngəzura gəldiyimizi göstərir. Biz ora iqtisadi əməkdaşlıq yolu ilə, nəqliyyat-kommunikasiya xətlərinin bərpası sayəsində gedirik. Bu o demək deyil ki, Zəngəzura gəlmək üçün Ermənistanla müharibəyə başlayıb oranı geri almaq lazımdır. Söhbət bundan getmir. Azərbaycan sivil dövlətdir və bugünkü dünyamızda da dövlətlər bir-birləri ilə əlaqələrə iqtisadi prizmadan yanaşır ki, iqtisadi baxımdan bir dövlət digərinin ərazisinə gələ bilir. Eyni məntiqlə də Azərbaycan Zəngəzura gəlir”.

Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizi işə düşdükdən sonra Ermənistanla gələcəkdə iqtisadi əlaqələrimizin dərinləşməsi, iqtisadi əməkdaşlıq mühitinin möhkəmlənməsi Ermənistanın özü üçün hava və su qədər lazımdır: “Belə olan halda heç şübhəsiz ki, bir etimad mühiti də formalaşa bilər. Xalqlar və dövlətlər arasında etimad mühitinin formalaşması nəticəsində Azərbaycan həm də Ermənistanın paytaxtına gəlir. Bu yolla Azərbaycanın tarixi torpağı olan İrəvana gəlişimiz təmin edilir.

Məşhur amerikan yazıçı Samuel Hantinqton “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” kitabında xristian və müsəlman sivilizasiyalarının toqquşmasından bəhs edir. İndi diqqət edin, Cənub Qaz Dəhlizi işə düşüb, burada 7 dövlət iştirak edir, digər tərəfdaşlar da var. Bu dövlətlərə baxsaq görərik ki, onlar müxtəlif sivilizasiyaların daşıyıcılarıdır. Orada xristian da, müsəlman da yer alır”.

E.Nəsirov qeyd edib ki, iqtisadi əlaqələr müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir araya gətirir və onlar arasında əməkdaşlıq mühiti yaradır: “Yəni iqtisadi maraqlar sivilizasiyalar arasında harmoniyanı təmin edir. Hesab edirəm ki, cənab Prezidentin biz Zəngəzura, İrəvana gəlirik söyləməsi o deməkdir ki, iqtisadi əlaqələrin bərpası sayəsində qeyd olunan proses baş verə bilər. Burada Ermənistanla müharibəyə başlayıb Zəngəzur və İrəvanın geri qaytarılmasından heç bir söhbət getmir, burada iqtisadi zəmində əməkdaşlıq və həmin ərazilərin iqtisadi zəmində Azərbaycana qayıdışından söhbət gedir”.

Oxşar xəbərlər