Rusiya miqrantları qovur: Kim çox zərər görəcək?

Xəbər verdiyimiz kimi Rusiya hökuməti MDB ölkələrindən olan 1 milyondan çox qanunsuz miqranta iyunun 15-nə kimi ölkəni tərk etməyi tələb edib. Daxili İşlər Nazirliyinin rəsmisi onları öz gücünə çıxaracağını və ya onların Rusiyaya yolunu birdəfəlik bağlayacaqlarını bəyan edib.

SOSİUM.az sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı iqtisadçı ekspert Samir Əliyev bildirib ki, məsələnin maraqlı tərəfi bu açıqlamanın məhz MDB-nin Parlamentlərarası Assambleyasının iclasında verilməsidir:

“Tədbirdə açıqlanan statistik məlumata inansaq, hazırda Rusiyadakı qanunsuz miqrantların sayında ölkələrin bölgüsü belədir: Özbəkistan (332 min), Tacikistan (247 min), Ukrayna (152 min), Azərbaycan (120 min), Qırğızıstan (115 min), Ermənistan (61 min), Moldova (56 min), Qazaxıstan (49 min).
Görünən budur ki, Rusiya miqrantlardan təzyiq vasitəsi kimi istifadə edir. Bu, ilk hal deyil. Dövrü olaraq Rusiya rəsmiləri oxşar açıqlamalar verib”.

Ekspertin sözlərinə görə, hər il milyardlarla dollar həcmində vəsait miqrantlar vasitəsilə Rusiyadan çıxarılır:

“Bunda qanunsuz hesab edilənlərin də payı var. Məsələn, 2020-ci ildə MDB ölkələrinə gedən pulun həcmi 11 milyard dollardan çox olub. Bu vəsaitin əsas hissəsi Qırğızıstan ($2 milyard), Tacikistan ($1,9 milyard) və Özbəkistanın ($3,9 milyard) payına düşüb.

Remittansların həcminə baxanda belə qərarda daha çox Orta Asiya ölkələrinin zərər çəkəcəkləri görünür. Bu addımın təkcə ildə 800 milyon dollardan çox vəsait göndərilən və 152 min qanunsuz miqrant olduğu bildirilən Ukraynaya görə edildiyini söyləmək inandırıcı gəlmir. Böyük ehtimalla bu addım Ukrayna ilə yanaşı digər ölkələrə, o cümlədən Azərbaycan və Ermənistana hədəflənib”.

S.Əliyev qeyd edib ki, ötən il Azərbaycana 863,2 milyon dollar, Ermənistana 800 milyon dollara yaxın pul köçürülüb:

“Bir neçə həftə əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov miqrantların ölkə iqtisadiyyatı üçün vacibliyini qeyd etmişdi. İndi isə əks bir fikir açıqlanır. Miqrantların Rusiyadan çıxarılması istənilən halda onların vətənində sosial gəginlik yaradacaq. Belə baxanda Rusiyanın özü üçün də fəsadsız ötüşməyəcək. Ucuz və hərtərəfli işçi qüvvəsi ölkə iqtisadiyyatına əhəmiyyətli paya malikdir.

Eyni zamanda Rusiya əhalisinin azalma tempi məhz miqrantlar hesabına yavaşıyır. Belə vəziyyətdə Rusiya niyə özünə problem yaratsın? Yəqin bu addımla Rusiya bəzi ölkələri cəzalandırmaq istəyir. Məsələn, Ukraynanı Kırım və Donbas hadisələrinə, Ermənistanı Rusiyadan üz döndərməkdən çəkindirməyə, Azərbaycanın isə Avrasiya İqtisadi Birliyinə qoşulmamasına görə”.

Oxşar xəbərlər