Ağdamlılar vebinar konfrans keçirdi – FOTOLAR

Bu gün ermənilərin 1994-cü ildə Ağdamın Güllücə kəndində, Atçılıq zavodu ərazisində törətdiyi faciədən 27 il keçir. Faciənin 27-ci il dönümü münasibətilə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıar və Ağdam sakinləri dünən onlayn vebinar keçirdilər.

SOSİUM.az xəbər verir ki, vebinarın aparıcısı Əməkdar jurnalist, şəhid bacısı Mətanət Ağamirli idi. Bütünlükdə Azərbaycan şəhidlərini və Ağdam şəhidlərini anmaq, xatirələrini yad etməık üçün vebinara Niderland Krallığından ağdamlı İlkanə Yusifova, İsveçdə yaşayan Kenan Rüstəmov, Rusiyada yaşayan Habil Tahiroğlu, ağdamlıların məsləhət yeri, nüfuzlu ağbirçəklərindən, 5 saylı məktəbin direktoru Çimnaz Kərimova, araşdırmaçı jurnalist Aida Eyvazlı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin sektor müdiri Elmira Məmmədli, Azərbaycan Dəmir yollarında departament rəhbəri Pərviz Quliyev qatılmışdılar.

Görüşdə iştirak edən ağdamlılar Vətən xatirələrindən, Ağdamda gedən döyüşlərdən, şəhidlərdən, boş qalmış, talan olunmuş yurd yerlərindən danışdılar. 1983-1993-cü ildə Ağdam şəhər 5 nömrəli orta məktəbin direktoru işləmiş Çimnaz Kərimova şəhid şagirdlərini göz yaşları ilə yad etdi. Vurğuladı ki, Ali Baş Komandan İlham Əliyevin uğurlu “Dəmir Yumruq” əməliyyatı nəticəsində qazanılan uğurdan sonra ağdamlıların həsrətinə son qoyulub, şəhidlərin ruhu indi doğma torpaqların, yurdların üzərində rahat dolanırlar. Xarici ölkələrdə yaşayan vebinar iştirakçıları da 2020-ci ildə gedən döyüşlər zamanı erməni icmalarının həmin ölkələrdə azərbaycanlılara qarşı törətdikləri qanun pozuntuları və vəhşiliklərdən danışdılar.

İsveçdə fəaliyyət göstərən “Ağdam” restoranının sahibi Kənan Rüstəmov bildirdi ki, 16 yaşından atası Əkbər müəllimlə çiyin-çiyinə döyüşüb, Xocalı qurbanlarının xilasında yardımçı olub. Güllücə kəndi, Atçılıq zavodu ərazisində gecə-gündüz keşik çəkiblər. Qardaşı Sənan şəhid olub. Azərbaycan Ordusu Zəfər qazanan günlərdə isə ermənilər od vurub, onun İsveçdəki restoranını yandırıblar.

Araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk Vətəndən uzaqda yaşayan həmyerlilərimizə şəhidlərimiz haqqında yazdığı kitablardan, tarix boyu ermənilərin himayədarlarına arxalanaraq başımıza gətirdikləri faciələrə diqqət çəkdi və qeyd etdi ki, ailələrdə uşaq sayı çoxaldılmalıdır. Sayımız çoxalmalıdır ki, Vətəni hər yerdə uğurla təmsil edək.

Görüşdə iştirak edən Ağdam ziyalıları həm də 1993-cü il aprelin 18-də Kəlbəcərdə ermənilər tərəfindən törədilən Başlıbel faciəsinin qurbanlarını yad etdilər. Teleaparıcı Mətanət Ağamirli görüşün sonunda qeyd etdi ki, hər bir azərbaycanlı xarici ölkələrdə Zəfərimiz, tariximiz, ermənilərin başımıza gətirdikləri faciələr haqqında dayanmadan təbliğatları davam etdirməlidir.

Oxşar xəbərlər