“Hər bir xəstə tomoqrafiyadan keçməməlidir”

“COVİD-19 testi təsdiqlənmiş bir çox insan həyəcan və qorxu içində ağır müalicələr alınmasını istəyir və bu müalicələr olmazsa öləcəyini düşünür”.

SOSİUM.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist Vüsalə Yaşar deyib.

İnfeksionist bildirib ki, simptomsuz xəstələr, yüngül xəstələr COVİD-dən xüsusi müalicəsiz də sağala bilir:

“COVİD-19 ciddi virus infeksiyasıdır. Yaş, xroniki xəstəliklər riski artırsa da, hər yaşlı adamlar və xroniki xəstəliyi olanlar ağır keçirmir. Və ya tam əksinə, gənc və heç bir xroniki xəstəliyi olmayan da ağırlaşmalardan sığortalanmayıb.

İlk öncə testi pozitiv olan insanda hər hansı bir klinik əlamət varmı, yoxmu bu dəyərləndirilir. Yüngül və orta ağır xəstələr risk faktorları, saturasiya, əlamətlər, bəzən analizlər də nəzərə alınmaqla evdə müalicə edilə bilir. Hər xəstəyə sistemlər köçürülməməlidir. Su, maye qəbul edə bilən şəxslər bol-bol suyunu içir.

Hər xəstəyə antibiotik verilməməlidir. Antibiotiklər zərərsiz preparatlar deyil, antibiotik qızdırma salıcı deyil, antibiotik virus pnevmoniyasına təsir etməz, antibiotik ehtiyacını yalnız mütəxəssis dəyərləndirə bilər.

Her xəstəyə deksametazon olmaz. Bunlar yalnız oksigen ehtiyacı olan xəstələrə antivirallarla birgə verilir. Bu isə yalnız çox ağır xəstələrdir. Steroidlərin yan təsirlərini unutmaq olmaz.

Hər xəstə qaçıb kompüter tomoqrafiyasından (KT) keçməməlidir. KT COVİD diaqnozu qoymaq üçün deyil. Hər xəstədə pnevmoniya yaranmır. KT üçün xüsusi göstərişlər vardır .

Ümumiyyətlə, COVİD-19 pozitiv hər pasientin müalicə almasına ehtiyac yoxdur. Simptomsuz xəstələr, yüngül xəstələr xüsusi müalicəsiz də sağala bilir”.

Oxşar xəbərlər