“Vaxtı keçmiş qidaların aqibəti necə olur?”

Lənkəranda fəaliyyət göstərən marketdə istehlak üçün yararsız qida məhsulları aşkar edilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən rayonun Şürük kəndində yerləşən, Vahabov Səlim Fazil oğluna məxsus “Şürük” marketdə yoxlama keçirilib.Yoxlama zamanı marketdə istifadə müddəti bitmiş kolbasa, yumurta və duz məhsulu aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

SOSİUM.az xəbər verir ki, baş verənləri “Şərq”ə dəyərləndirən Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, ölkəmizdə təhlükəli məhsulların satılması ilə bağlı faktlar var:

“İllər boyu murdar və xəstə heyvan ətlərinin şəhərə daşınması, restoranlar, uşaq bağçaları və s. verilməsinin qarşısını almaq istəyirik. Bu sahədə ən effektiv işi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Lakin DİN bu sahədə qanunsuzluq edən şəxsləri həbs etsə də, məhkəmə orqanları nəyinsə naminsə həmin şəxsləri azadlığa buraxırlar. AİİB olaraq belə məhkəmələri ifşa etməyə hazırıq”.

E.Hüseynov söyləyib ki, vaxtı keçmiş qidaların satılması qanunla qadağandır:

“Lakin soruşaq görək vaxtı keçmiş qidaların son aqibəti necə olur? Hər gün tonlarla qida məhsulunun vaxtı keçir. Dövlətin bu sahədə qanunvericiliyi mükəmməl deyil. Alqoritm belədir, dövlət orqanları və yaxud sahibkar özü bunu müəyyən edir, satışdan çıxarır və malı ona göndərən şirkətə qaytarır. Şirkət isə sanki Lomonosovun maddə kütləsinin saxlanması qanununu əsas tutur, heç bir məhsul məhv olmur, bir şəkildən digərinə çevrilir. Məsələn, məhsulun üzərindəki etiketi dəyişdirib, yenidən satışa göndərir. Ona görə də həmişə təklif etmişik ki, bu sahəyə ciddi nəzarət edən bir MMC yaradılmalı və dövlət orqanları ilə çalışmalıdır. Belə qidaları yığıb məhv etmək lazımdır.

Vaxtı keçmiş qidaların müəyyən edilməsi üçün müvafiq proqram var. Həmin proqram satış şəbəkələrinə yüklənməlidir. Bu proqramla skaner vaxtı keçmiş qidaları müəyyən edir.

Məlumatlar isə AQTA-nın serverinə daxil olur. Beləliklə, AQTA açanda görür ki, neçə mal vaxtı keçdiyi üçün satışa buraxılmayıb. Buyursunlar proqramı tətbiq etsinlər. AİİB təmənnasız olaraq bu işi satış şəbəkələrinə qurdurmağa hazırdır.

Lakin satıcılara və bizneslə məşğul olan dövlət qurumlarına sərf etmədikləri üçün belə addım atmırlar. Ona görə də vaxtı keçmiş qidaları əhaliyə sırıyırlar. Nəticəsi isə klinikalarda növbəyə durmağımız və dərman biznesinə dəstək verməyimiz olur”.

Oxşar xəbərlər