SOSİUM.az “Səbail” klubunun müdafiəçisi Məqsəd İsayevin qol.az-a müsahibəsini təqdim edir:
– Öz oyunundan razısan?
– Fikrimcə, yaxşı çıxış edirəm. Komandam üçün bacardığım hər şeyi edirəm. Düşünürəm ki, hələ bundan da çox yaxşı oynaya bilərəm. Hər şey özümdən asılıdır.
– Bir zamanlar adınız çox çəkilirdi. Xususən “Neftçi”də oynayan zaman.
– Bəli, sizinlə razıyam. “Neftçi” göz önündə olan bir klubudur. Orda oynayanda hər kəsin diqqətində olursan. Mən o dövrdə güclü və təcrübəli futbolçularla oynayırdım, bunu da nəzərə alın. Yaxşı çıxış etməyimdə onların da rolu var. Amma indi də zəif deyiləm. Hər zaman oyunumla sözümü deyə bilərəm.
– Növbəti tur sabiq klubun “Keşlə”yə qarşı oynayacaqsınız. Fikrlərin maraqlıdır.
– Görüşə 3 xal üçün çıxacağıq. Bu, bizim üçün 6 xallıq bir oyundur. Düşünürəm ki, düzgün oynasaq, tapşırıqları yerinə yetirsək “Keşlə”yə qalib gələcəyik.
– Bəs, digər sabiq komandan “Neftçi”nin çempionluq yolunda mübarizəsini necə qiymətləndirirsiniz?
– Şübhəsiz ki, son turlar “Neftçi” üçün çox önəmli olacaq. Xal itkisi olmasa, “Neftçi” çempion ola bilər. Mən də öz növbəmdə “Neftçi”nin çempion olmağını istəyirəm. “Neftçi” azarkeşləri buna layiqdir.
– Ara-sıra sizə xarici klublardan təklif gəldiyini eşidirdik. Keçidlərdə nə mane olur?
– Açıq deyim, real bir təklif olmur. Hər kəs istəyir xaricdə oynasın, amma boşuna gedib, sonra qayıtmağa da ehtiyac yoxdur. Qismət olsa xaricdə oynayacağam. Hazırda fikrimi yerli çempionata yönəltmişəm.
– “Səbail” autsayderlər qrupundan çıxa biləcək?
– Biz çalışırıq ki, yuxarı pillələrə qalxaq. Hamı ən yaxşısını etməyə çalışır. Çempionatın sonuna az qalıb. Bu oyunlarda xal yığıb beşinci pilləni təmin etmək istəyirik.