Qeytslərin boşanma səbəbləri açıqlandı

Ötən həftə Bill Qeyts və Melinda Qeytsin boşanma xəbərlərinin ortaya çıxması dünya gündəmində qızğın müzakirə edilir.

SOSİUM.az xarici KİV-lərə istinadən bildirir ki, bu dəfə cütlüyün boşanma səbəbi kimi Bill Qeytsin vaxtilə Amerika milyarderi və seksual manyak, pedofil kimi tanınan Cefferi Epşteyn ilə əlaqələrinin ortaya çıxması göstərilir.

“Wall Street Journal” qəzetinin yazdığına görə Melinda Qeyts bütün xəbərdarlıqlarına baxmayaraq, ərinin Epşteyn ilə əlaqələrinin olduğunu bildikdən sonra 2019-cu ilin oktyabr ayında boşanmaq qərarına gəlir. Qəzetin yaydığı məlumata görə, 56 yaşlı Melinda Qeyts 2019-cu ildən bəri boşanmaq üçün bir çox hüquq şirkətləri ilə görüşüb və qəzetin araşdırdığı müxtəlif sənədlər də bunu təsdiqləyir.

Qeyd edək ki, bir neçə il öncə Epşteyn haqqında araşdırma aparılarkən dünyanın bir çox tanınmış adamları ilə onun yaxın əlaqələrinin ortaya çıxması böyük qalmaqala səbəb olmuşdu. Bu məşhurlar arasında kraliça ll Elizabetanın kiçik oğlu şahzadə Endryu, Bill Klinton, Donald Tramp, Rupert Merdok, Riçard Branson, Kennedi, Elon Musk, Bill Qeyts və digərləri var.

2019-cu ilin sentyabrında Bill Qeytsin Epşteyn ilə ciddi əlaqələri ortaya çıxanda Qeyts belə bir açıqlama vermişdi: “Mən onunla tanış olmuşdum. Amma hər hansı bir iş əlaqəmiz və dostluğumuz olmayıb”.

Bəs dünyanın ən məşhur adamları ilə əlaqələri olmuş amerikalı milyarder Cefferi Epşteyn kimdir?

Epsteyn 20 yanvar 1953-cü ildə Nyu-Yorkun Bruklyn şəhərində anadan olub. Peşə karyerasına müəllim kimi başlayan Epşteyn daha sonra “Wall Street”də bank və maliyyə sektorunda müxtəlif işlərdə çalışmağa başlayıb. Sonradan məlum olub ki, Epşteynin heç bir universitet diplomu yoxdur. Onun bu yalanı ifşa olunanda Epşteyn artıq məşhur bir maliyyə qurumunda çalışırdı və işinin öhdəsindşn yaxşı gəldiyi üçün keçmişi ilə bağlı bu yalanına görə işdən çıxarılmır.

Epşteyn az bir zamanda gəlir və xərc araşdırmaları ilə böyük uğurlar qazanaraq, multimilyoner olur. O, “Victoria Secret” və digər bu kimi ən nüfuzlu şirkətlərin maliyyə məsləhətçisi olub.

Həm Amerika, həm də Avropanın müxtəlif yerlərində bahalı villalara, mülklərə sahib olan Epşteyn məşhur adlarla əhatə olunmuşdu. Onların arasında Bill Klinton, Donald Tramp, Harvey Veynsteyn, Şahzadə Endryu və digərləri var idi.

Epşteyn haqqında ilk iddialar 2005-ci ildə ortaya çıxmağa başladı. Palm Beaç şəhərində on milyonlarla dollarlıq villasına hər gün çoxlu sayda gənc qadınların gəlib-getməsi qonşularının diqqətini çəkməyə başlayır. Daha sonra həmin ilin aprelində polis 14 yaşlı qıza təcavüz edilməsi hadisəsindən sonra Epşteyn ətrafında araşdırma aparmağa başlayır. Polis Epşteynin villasını uzaqdan izləyir, villadan çıxan, onun qurbanı olan gənc qadınların ifadələrini alır. Qurbanların bəziləri yetkinlik yaşına çatmayan qızlar idi və ifadələri dəhşətli idi. Hamısı Epşteyn haqqında eyni tanışlıq hekayəsini danışırdı: “Bir dostum dedi ki, çox varlı bir adam masaj xidmətinə çoxlu pul verir. Beləliklə, Epşteynin evinə getdik. Masaj zamanı soyunmağımı istədi və mənə təcavüz etdi”.

Epşteyn özü üçün fahişəlik şəbəkəsi qurmuşdu. Əsasən dağılmış ailələrin uşaqlarını seçən Epşteynə o dövrdə sevgilisi Maksvelli yaxından kömək edirdi. Bəzi qadınlar hətta Maksvellinin də onlara təcavüz etdiyini desələr də, bunu sübut etmək mümkün olmur. Lakin 2019-cu FTB tərəfindən həyata keçirilən əməliyyatda 58 yaşlı Maksvelli də həbs olunur.

Beləliklə, 2008-ci ildə aparılan istintaqdan sonra Florida əyalət məhkəməsi Epşteynin 30 iyun 2008-ci ildə 18 yaşı olmayan kiçik bir qıza təcavüz etməkdə günahlandıraraq, ona 13 ay həbs cəzası verilir. Epşteyn bu cəzasını iş icazəsindən istifadə edərək çəkir. Yəni, işlədiyinə görə gündə 12 saat azadlıqda olurdu.

2019-cu ilin 6 iyulunda FTB işi yenidən araşdırmağa başladı. Həm yerli polis, həm də Federal Təhqiqatlar Bürosu tərəfindən tapılan dəlillərlə Epşteyn Florida və Nyu-Yorkda azyaşlı uşaqlara təcavüz və fahişəlik ittihamı ilə yenidən həbs olunaraq, həbsxanaya göndərilir. Onun 77 milyon dollarlıq 7 mərtəbəli malikanəsində aparılan araşdırmalar zamanı külli miqdarda nağd pul, brilyant, adına Səudiyyə Ərəbistanı vətəndaşı olduğu saxta pasport və yüzlərlə gənc qadın və uşaqların intim fotoları, porno videoları tapıldı.

Epşteyn həbs olunduqdan sonra prezident Donald Trampın yenicə iş katibi seçilən Aleksandr Akosta vəzifəsindən istefa etmişdi. Səbəb zamanında Epşteyn ilk həbs olunanda Florida federal bürosunun rəhbəri vəzifəsində çalışarkən Epşteynə ilk həbs olunan zaman onunla iş birliyi qurduğu haqda iddiaların ortaya çıxması olmuşdu.

Beləliklə, Epşteyn yeni ittihamlarla həbs olunduqdan sonra ev dustaqlığına çıxmasını tələb etmişdi, lakin onun bu tələbi rədd edilmişdi.

Mətbuatın çox ciddi şəkildə diqqətdə saxladığı məhkəmə proseslərində xeyli sayda qurban qadınlar iştirak edirdi. Həmin vaxt iddia edilirdi ki, Epşteyni 45 il həbs cəzası gözləyə bilər.

Lakin 2019-cu ilin avqustun 10-da Epşteyn həbsxanadakı tək adamlıq kamerada özünü asaraq, intihar etdi. Hələ də onun ölümü ilə bağlı müxtəlif iddialar, müəmmalar mövcuddur.

Epşteynin yaxın dostları olmuş məşhurlar da bu qalmaqallardan yan keçə bilməyib. Məsələn, Donlad Tramp Epşteyn ilə əlaqələru olduğu üçün ittihamlarla üzləşib. Hələ 2002-ci ildə “New York” jurnalında Tramp Epşteyn haqqında “Onunla vaxt keçirmək əyləncəlidir. Mənim kimi gözəl qadınları sevdiyi və əksəriyyətinin gənc olduğu deyilir”, – deyə açıqlama vermişdi. Lakin qalmaqallar ortaya çıxdıqdan sonra Tramp onunla 12-15 il əvvəl dostluqlarına son verdiyini və onu bəyənnədiyini demişdi.

Kraliça ll Elizabetanın kiçik oğlu, şahzadə Endryunun Epşteyn ilə dostluğu ona baha başa gəlib. Epşteynin məhkəmələrinin birində bir qadın Epşteynin onu şahzadə Endryu ilə cinsi əlaqədə olmağa məcbur etdiyini demişdi. Andrey iddiaları təkzib etsə də, kraliça bu qalmaqala görə oğlunu cəzalandıraraq, onu krallıq vəzifələrindən məhrum etmişdi.

Uşaq pedofilliyi ilə bağlı şəbəkədə Epşteynə yaxından kömək edən və bir çox təcavüz hadisələrində adı hallanan sevgilisi Maksvelli həbs edildikdən sonra şahzadə Endryu də məhkəmədə ifadə vermək üçün çağrılmışdı. Hər kəs bilirdi ki, şahzadə Andrey Maksvelli ilə çox yaxın dost idi.

Oxşar xəbərlər