“Turizmin anlayışı və profili çoxdan dəyişib”

“Ölkədə 5 ulduzlu otellərə tələbat daha çoxdur”.

SOSİUM.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.

Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanda daha çox 5 ulduzlu otellər inşa edilir:

“Turizmə investisiyanın cəlb edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilir. Bu sənədlərdə regionlarda aşağı ulduzlu otellərin tikintisi nəzərdə tutulur. Yalnız vətəndaşlar tərəfindən 5 ulduzlu otellərə tələbat çox olduğuna görə, həmin mehmanxanaların tikintisinə üstünlük verilir”.

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında bildirib ki, dünyada turizm anlayışı və turist profili çoxdan dəyişib.

İqtisadçı qeyd edib ki, müasir turist profili bir gecəlik qalmaq üçün çox baha qiymət ödəməkdə maraqlı deyil:

“Hörmətli, Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadovun hansı araşdırmalara əsasən belə bir nəticəyə gəldiyi mənim üçün də maraqlıdır. Çünki dünyada turizm anlayışı və turist profili çoxdan dəyişib. Müasir turist profili indi bir gecəlik qalmaq üçün çox baha qiymət ödəmək istəmir. Yəni dünya təcrübəsi bunun tam əksini deyir. Son on ildə dünyada hostellərin sayı 20 dəfədən çox artıb. Yəni əksinə, ucuz otellər, hostellərin sayı durmadan, hətta dəfələrlə artır. Biz dünyadan kənar qalmış bir ada deyilik. Yəqin ki, bizdə də buna bənzər tendensiyalar var. Çox yaxşı olardı ki, rəsmi qurumun nümayəndəsi bunu hansı araşdırmaya əsasən dediyini, söylədiyini və bunun nədən bu nəticəyə gəldiyini ictimaiyyətə açıqlasa yaxşı olar. Əgər söhbət Ərəbistan yarımadasından gələn daha varlı turistlərdən gedirsə, onların qalması üçün kifayət sayda beş ulduzlu otellər var. Amma Avropa, Amerika, Asiya turistləri, əsasən də Yaponiya və Çin turistlərinin daha çox ucuz otellərə, ucuz hostellərə üstünlük verildiyi dünyada onlarla, hətta yüzlərlə araşdırmalar nəticəsində məlum olub. Yəni Azərbaycan burada özündən yeni bir velosiped kəşf etməli deyil. Dünyadakı qəbul olunmuş praktikaya görə turizmin Azərbaycanda da otelçiliyin ucuz seqmenti mütləq inkişaf etdirilməlidir”.

Oxşar xəbərlər