“Bu sınaqdan da alnıaçıq cıxa bildik”

Ötən gün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Departament müdiri Yaqut Qarayeva yaxın günlərdə açıq havada maskadan istifadənin ləğv edilə biləcəyi ilə bağlı məlumat verdi. Təbii olaraq bu xəbər bir ildən çoxdur davam edən pandemiya şəraitində insanlar üçün sevindirici haldır.

Bu həm də bir sıra yumşalmaların da olacağına işarədir. Belə ki, karantin qaydalarının yumşaldılması ilə bağlı aparılan müzakirələr arasında ictimai nəqliyyat, toy mərasimləri, eləcə də insanların kütləvi toplaşmasına səbəb olan tədbirlərin keçirilməsi ilə bağlı qəbul edilən qaydaların yaxın günlərdə elan ediləcəyi də qeyd olunub.

Bununla bərabər yaxın günlərdə başlayacaq “Formula 1” idman oyunları ilə əlaqədar yoluxma sayının təkrar anidən artma ehtimalı da cəmiyyəti narahat edən məqamlardandır.

Ölkəyə turist axını yoluxmanın artımına təkan verə bilərmi? Koronavirusa yoluxan şəxslərlə heç yoluxmayan insanları müqyisə etsək, hansının immuniteti daha güclüdür?

SOSİUM.az xəbər verir ki, oxu.az-ın suallarını Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov cavablandırıb:

– Bu gün koronavirusa yoluxma sayı nisbətən azalıb. Mövcud vəziyyətdə həkim kimi hansı yumşalmaların tətbiqinə ehtiyac olduğunu düşünürsünüz? Həkim kimi fikirlərinizi bölüşün.

– Yoluxma sayının son vaxtlarda azalması əhali və tibb ictimaiyyəti arasında karantin qaydalarında müəyyən yumşalmalara gediləcəyi məsələsinin müzakirəsini gündəmə gətirib. Bunlara açıq havada maskalardan istifadənin ləğvi, müəyyən şərtlər daxilində say məhdudiyyəti tətbiq olunmaqla bəzi kütləvi tədbirlərə icazənin verilməsi, metronun açılması və s. kimi məsələlər aiddir.

Bəzi rəsmilərin bu mövzuda verdiyi açıqlamalar həqiqətən həyatımızın belə vacib məqamlarının cavabdeh qurumda da müzakirə olunduğunu deməyə əsas verir. Hesab edirəm ki, bir qədər hövsələli olmalı və Operativ Qərərgahın rəsmi açıqlamasını gözləmək lazımdır.

– Qarşıda “Formula -1” idman oyunları başlanması gözlənilir. Şəhərə çoxsaylı turist axını yoluxma ilə bağlı mövcud vəziyyətin yenidən alovlanmasına təkan verə bilərmi?

– “Formula -1” idman oyunlarının keçirilməsi və əcnəbi vətəndaşların ölkəmizə axınının mövcud epidemioloji duruma təsirinin aradan qaldırılması və ya minimuma endirilməsi üçün beynəlxalq daşınmalara şamil edilən bütün əksepidemik qaydaların icrasına ciddi nəzarət olunmalıdır.

– Bir həkim kimi necə düşünürsünüz, koronovirusa heç yoluxmayan insanın immuniteti güclüdür, yoxsa yoluxub sağalan insanın?

-COVİD-19 yeni növ koronovirus infeksiyası olduğu üçün bütün əhali qruplarında buna qarşı həssaslıq mövcuddur. Yəni, yaşından, immunitetinin güclü və ya zəif olmasından asılı olmayaraq, istənilən şəxs bu infeksiyaya yoluxa bilər. Lakin infeksiyanın simptomsuz və ya simptomlu, yüngül və ya ağır formada keçirməsi ehtimalı həmin şəxsdə immun sistemin fərdi xüsusiyyətlərindən və hazırkı durumundan asılıdır. Təbii ki, xəstəliyi keçirmiş şəxslərin böyük əksəriyyəti bu infeksiyaya qarşı immunlaşır, yəni, müəyyən vaxt çərçivəsində infeksiyadan qorunmaq qabiliyyəti əldə edir. Lakin bu fakt ümumilikdə, immunitetin zəif və ya güclü olması anlamına gəlmir.

– İnsanlar açıq havada və sosial məsafənin qoruna biləcəyi açıq məkanlarda tibbi maskalardan istifadənin ləğv edilməsini istəyir. TƏBİB rəsmisi də açıqlamasında yaxın günlərdə açıq havada maskalardan istifadənin ləğv edilə biləcəyini elan etdi. Necə düşünürsüz, bu tibbi cəhətdən nə kimi riskləri geri qaytara bilər?

– Pandemiya dönəmində infeksiyanın yayılması sürətinə təsir göstərən ən önəmli faktor insanlar arasında təmasların intensivliyidir. Bütün karantin məhdudiyyətləri məhz bunun azalmasına yönəlib. Pandemiya dövrünün təcrübəsi göstərdi ki, qaydalarda yumşalmalara gedən zaman bir müddət sonra yenidən epidemioloji durumun mənfiyə doğru dəyişməsi baş verir. Lakin infeksiyanın yayılmasını əngəlləyən faktorları və onların zaman keçdikcə əhəmiyyətinin və təsir gücünün artmasını da nəzərə almamaq olmaz.

Bunlara ilk növbədə kifayət qədər əhali kütləsində istər yoluxma, istərsə də vaksinasiya nəticəsində immunitetinin formalaşması, insanların maariflənməsi, şəxsi təcrübə əsasında qaydalara ciddi əməl edilməsinin zəruri olması kimi davranış tərzinin formalaşması və s. aiddir. Lakin risklər hər zaman var və laqeydlik edilməməlidir.

– Koronavirusa yoluxan şəxsin immun sistemi zəifləyir. İnsan orqanizminin özünü yenidən bərpa etməsi üçün müddət lazım olur. Təkrar yoluxmanın da mövcudluğunu nəzərə alsaq, yay aylarında yoluxmanın yenidən artımı gözlənilirmi?

– Pandemiyanın ilk vaxtlarında bir sıra ölkələrdə infeksiyanın çox sürətlə yayıldığının şahidi olduq. Hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə belə əhalinin bu infeksiya haqqında bilgilərinin məhdud olması səbəbindən xəstələnmiş şəxslərin tibbi yardım almaq üçün vaxtında müraciət etməməsi və yardım almaması, bəzi hallarda səhiyyənin izafi yüklənməsi və tibbi yardımın təcili və adekvat göstərilməsində yaşanan çətinliklər, xüsusən də, yaşlılar arasında xəstəliyin ağır gedişli olması və çoxsaylı ölümlərlə nəticələnmsi, təbii ki, insanlar arasında təşvişə səbəb oldu. Yəni zaman vəziyyətin yaxşılaşması istiqamətində işləsə də risklər nəzərə alınmalıdı və bütün müddətlər nəzərə alınaraq, o cümlədən qarşıdakı yay aylarında da qaydalara ciddi yanaşılmasına diqqət edilməlidir.

– Xarici ölkələrdə ilkin mərhələdə koronavirus infeksiyasına yoluxan şəxslərin küçələrdə yıxılaraq öldüklərinə dair kadrlar yayılırdı. Bu da insanlar arasında xaos yaratmışdı. Azərbaycanda bu cür dəhşətli hallar yaşanmadı, bu mutasiya ilə bağlıdır yoxsa gələcəkdə ağırlaşmalar ola bilər?

– Bizim respublikamızda dövlət qurumlarında məsələnin ciddiliyinin anlaşılması və buna qarşı adekvat cavab tədbirlərinin vaxtında və yetərli həcmdə görülməsi bizi bu mənfi ssenarinin inkişafından xilas edə bildi. Bu gün əminliklə demək olar ki, biz bu imtahandan alnıaçıq cixa bildik. Ümid edirəm ki, bundan sonra da hər hansı bir əlverişsiz vəzyyət yarandığı təqdirdə belə toplanmış təcrübə əsasında qəbul olunacaq qabaqlayıcı qərarlar kifayət qədər təsirli olacaqdır.

Oxşar xəbərlər