Karantin yumşalması Türkiyə və Azərbaycan nümunəsində

Türk mütəxəssis: “Hər kəs virusa yoluxduqdan sonra problem təbii yolla aradan qalxacaq”

Azərbaycanlı deputat: Açıq havada maska taxılması tələbinin ləğvi və metronun açılması cəmiyyətin ən çox gözlədiyi məsələlərdəndir

Türkiyədə koronavirusa yoluxnanların sayı ciddi şəkildə azalıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib. Onun sözlərinə görə, yoluxma sayı artıq 10 mindən aşağıdır ki, bu da virusa yoluxma təhlükəsinin aşağı düşməsini şərtləndirir: “Yoluxma sayı 63 mindən bu gün 9 min 385 nəfərədək enib”.

F.Qoca bildirib ki, Türkiyədə yerli peyvəndlərlə bağlı hazırlıqlar davam etdirilir: “Yerli peyvənd növünün könüllülərə tətbiqi başa çatıb, nəticələrə görə, önümüzdəki iki həftə içərisində üçüncü faza çalışmaları başlayacaq. Daha üç növ peyvəndimiz də var ki, onlardan ikisi inaktif, biri VLP vaksinidir. Onlar da birinci faza mərhələsindədir. 2-3 həftə ərzində bunların da ikinci mərhələyə keçəcəyini gözləyirik. Bu proseslər uğurla nəticələnsə, sentyabr ayında yerli peyvəndimizin təcili tətbiqi mümkün ola bilər”.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, pandemiya elan olunandan COVID-19-a yoluxma sayının ən çox olduğu dövlətlərdən biri Türkiyə olub. Müxtəlif dövrlərdə yoluxma və virusdan ölüm səviyyəsi pik həddə çatıb. Bu səbəbdən Türkiyədə karantin qaydaları sərtləşdirilib. Axşam saat 21:00-dan sonra vətəndaşların küçəyə çıxmasına məhdudiyyət qoyulub. Eyni zamanda ictimai iaşə obyektləri, kafe və retoranlar, turizm obyektləri uzun müddət fəaliyyətsiz qalıb.

Yoluxma sayının azalması fonunda Türkiyənin karantin qaydalarını yumşaldacağı, bu istiqamətdə ciddi addımlar atacağı söylənilir. Bununla bağlı türk mətbuatında və rəsmilər səviyyəsində müəyyən açıqlamalar verilir.

No description available.

Türkiyənin məşhur “MEDİSTANBUL” xəstəxanasının direktoru Murat Deste AYNA-ya şərhində deyib ki, Türkiyə koronavirus infeksiyasının ən çox yayıldığı ölkələrdən biridir və əgər zamanında çevik addımlar atılmasaydı, daha ciddi itkilər qaçılmaz olacaqdı: “Bir ildən artıqdır ki, bütün dünya koronavirus adlı gözəgörünməz bəladan əziyyət çəkir. Müasir dövrdə bu, ilk belə nümunəydi və bu səbəbdən təsirli peyvənd hazırlamaq uzun zaman apardı. Yeganə çıxış yolu sosial izolyasiya tədbirlərini təşkil etməkdən ibarət idi. Bütün səylər də məhz buna yönəlmişdi. Türkiyə COVID-19-dan ən çox ziyan çəkən ölkələrdən biridir. Müxtəlif dövrlərdə, elə son dalğa zamanı yoluxma və ölüm sayları ciddi şəkildə artdı. Buna görə də hökumət tam qapanma qərarını verdi. Hesab edirəm ki, bu, tamamilə doğru və yerində verilmiş qərar idi”.

“İstər Türkiyənin, istərsə də dünyanın hazırda məşğul olmalı olduğu əsas iş vaksinasiya prosesini sürətləndirməkdir. Yalnız kütləvi vaksinasiya həyata keçiriləndən və ya əhalinin 60 faizi bu virusa yoluxduqdan sonra ciddi nəticələrdən danışmaq olacaq. Son günlər Türkiyədədə yoluxma sayında müəyyən azalmalar var. Lakin bu, o demək deyil ki, yenidən artmayacaq. Arta da bilər və bu, qətiyyən istisna olunmur. Bunun üçün müəyyən müddət gözləmə mövqeyi tutmaq lazımdır. Əgər yoluxma sayı davamlı olaraq azalarsa, bu halda karantin qaydalarının yumşaldılmasından danışmaq olar. Əslində isə Ramazan ayı bitəndən sonra yoluxma sayının azalacağı müəyyən mənada gözlənilən idi”, – deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Türkiyədə karantin qaydalarının tədricən yumşaldılacağı gözlənilir: “Yəqin ki, ilkin olaraq küçəyə çıxmaq qadağası aradan qaldırılacaq. Bilirsiniz ki, axşam saat 21:00-dan sonra və həftənin şənbə və bazar günləri vətəndaşların küçəyə çıxması rəsmən qadağan olunub. İlk olaraq bu qadağanın aradan qaldırılacağı gözlənilir. Ardınca ictimai iaşə obyektlərinin, kafelərin və restoranların fəaliyyətinə icazə veriləcək. Lakin bu, günün bütün saatlarını əhatə etməyəcək. Yəqin ki, müəyyən vaxt çərçivəsində onların fəaliyyətinə icazə veriləcək”.

“Bu arada qeyd edim ki, sərt karantin rejiminə baxmayaraq, Türkiyə uçuşların həyata keçirilməsinə ciddi maneələr yaratmadı. Xaricdən gələn qonaqları qəbul etdi. Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır” – deyə Murat Deste vurğulayıb.

Mütəxəssisin fikrincə, əgər insanlar karantin qaydalarının yumşalmasını və bəşəriyyətin bu bəladan qurtulmasını istəyirlərsə, mütləq şəkildə izolyasiya qaydalarına əməl etməlidirlər: “Yaxud da hər kəs könüllü şəkildə peyvənd olunsun. Düzdür, hər kəs virusa yoluxandan sonra bu problem təbii yolla aradan qalxacaq. Çünki hamının immuniteti formalaşacaq və yenidən virusa tutulacağı təqdirdə belə, həyati riski olmayacaq. Lakin buna böyük zaman lazımdır. Digər yandan koronavirusu ağır keçirən xəstələr var. Yaşlı təbəqə, yanaşı xəstəlikləri olanlar bu qəbildəndir. Vaksinasiya prosesi nə qədər sürətlə həyata keçirilərsə, bir o qədər tez bu problemdən xilas olarıq. Qarşıdakı dövrdə yoluxma və ölüm saylarının daha da azalacağı qənaətindəyəm”.

Müsahibimiz Türkiyənin Çindən, Almaniyadan, Rusiyadan və digər dövlətlərdən vaksinlər idxal etdiyini əlavə edib: “Qeyd etdiyim kimi, mövcud şəraitdə əsas diqqət vaksinasiya prosesinə yönəlməlidir. Türkiyə bununla bağlı çox ciddi addımlar atır və ən qısa zamanda əhalinin mütləq əksəriyyətinin peyvənd olunacağı proqnozlaşdırılır. Bu, baş verərsə, koronavirusun kifayət qədər ciddi mərhələsini arxada qoymuş olacağıq”.

Qeyd edək ki, Azərbaycanda da karantin qaydalarının yumşaldılacağı gözlənilir. Yaxın günlərdə açıq havada maska tələbinin aradan qalxacağı, açıq havada toyların və şənlik mərasimlərinin təşkilinə icazə veriləcəyi, metronun və idman zallarının yenidən fəaliyyətə başlayacağı ilə bağlı Operativ Qərargahın qərarlar verəcəyi iddia edilir. TƏBİB rəsmisi Yaqut Qarayevanın və baş infeksionist Təyyar Eyvazovun bu xüsusda açıqlamaları da diqqətdən yayına bilməz.

Könül Nurullayeva: “ASAN müraciət sistemi” vətəndaşı narahat edən problemlərin həllini sürətləndirməyə hesablanıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Məclisinin üzvü Könül Nurullayeva AYNA-ya açıqlamasında deyib ki, son günlərin yoluxma statistikası müəyyən ümidlər yaradır və bu mənada Operativ Qərargahın yumşalma ilə bağlı qərarlar verəcəyi gözlənilir: “Son günlər azalan yoluxma statistikası ümidlər yaradır. Məsələn, dünənki statistikaya görə, ölkə üzrə sutkalıq yoluxma sayı 219 nəfərə düşüb. TƏBİB-in rəsmi açıqlamalarından da aydın olur ki, statistikaya uyğun olaraq, proses mərhələli şəkildə həyata keçirilir”.

“Sevindirici haldır ki, xəstə sayı azaldığı üçün bəzi pandemiya xəstəxanaları da bağlanır. Hesab edirəm ki, müsbət dinamikanın əsas səbəblərindən biri vaxtında qapanmalarla bağlı verilən qərarlar və ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsidir. Bilirik ki, yumşalma və sərtləşmə ilə bağlı qərarlar epidemioloji vəziyyətə uyğun olaraq verilir”, – deyə deputat bildirib.

O, hesab edir ki, yoluxma dinamikası azalmağa davam edərsə, qarşıdakı günlərdə yumşalma ilə bağlı qərarların veriləcəyini gözləmək olar: “Düşünürəm ki, ilk növbədə isti yay günlərində açıq havada tibbi maskadan istifadəyə dair qərar ləğv edilməlidir. Bu, insanları ən çox narahat edən məsələlərdən biridir. Eyni zamanda insanların çoxdan gözlədiyi qərar – toyların ən azı açıq səmada və ya məhdud sayda iştirakçı olmaq şərtilə bərpası mümkün ola bilər. Təbii ki, qaydalar çərçivəsində. Metronun açılması da cəmiyyətin ən çox gözlədiyi məsələdir. Bu istiqamətdə də qaydalara uyğun addımlar atmaq olar”.

Nurullayevanın sözlərinə görə, qarşıdan turizm mövsümü gəlir və bu məsələyə xüsusi diqqət yetirilməlidir: “Həmçinin turizm mövsümü açılmaq üzrədir. Azərbaycan turizm ölkəsi kimi hər zaman əcnəbi turistlər üçün cəlbedici olub. Bu, həm də turistlərin ölkəmizə axını, nəticə etibarı ilə iqtisadiyyatın inkişafına töhfə deməkdir. Məlumdur ki, bugünlərdə işğaldan azad olunmuş ərazilərimiz, xüsusilə də mədəniyyət paytaxtımız Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində nümayiş olundu. Yəni, turizm mövsümündən səmərəli istifadə etsək, faydalı olar”.

“Təbii ki, məhdudiyyətlərin ləğvindən ötrü yoluxma sayı kəskin azalmalıdır. İnsanlar vaksinasiya olunmağın vacibliyini anlamalı və prosesdə fəal iştirak etməlidir. Saxta peyvənd kimi problemlərdən uzaq olmalıdırlar. Biz bunu həm özümüz, həm doğmalarımız, həm də bütövlükdə cəmiyyətimiz üçün etməliyik. Yalnız belə olan halda biz koronavirusla mübarizədə qalib gələ bilər, həm sağlamlığımızı qoruya, həm də həyatımızı rahatlaşdıra bilərik”, – deyə deputat fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər