Dövlət Komitəsi videokonfrans keçirilib

26 may 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dövlətçiliyi qoruyan dəyərlər: demokratik ənənələr və milli birlik” mövzusunda videokonfrans keçirilib.

Video-konfrans siyasi partiyaların rəhbərləri və nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, ziyalılar və tanınmış ictimai xadimlərin iştirakı ilə baş tutub.Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq Konfransın işinə uğurlar arzulayıb.

Komitə sədri Xalq Cümhuriyyətinin 103-cü ildönümünün ilk dəfə belə böyük bir qələbə və zəfərin yaratdığı əhval-ruhiyyə ilə qeyd ediləcəyini vurğulayıb və bütün iştirakçıları, o cümlədən Azərbaycan xalqını Konfrans təşkilatçıları adından qarşıdan gələn Respublika Günü münasibəti ilə ürəkdən təbrik edib.

O bildirib ki, görkəmli ziyalılar, dövlət xadimlərimiz müsəlman Şərqində, türk dünyasında ilk dəfə olaraq Azərbaycanda Cümhuriyyəti bəyan edərək xalqın qəlbinə azadlıq duyğularını birdəfəlik həkk etmişlər: “Bu duyğular sonrakı illərdə müstəqillik uğrunda gedən mübarizədə özünü daha qabarıq şəkildə göstərdi. Azərbaycan ağır mərhələlərdən keçərək bugünki müstəqil Azərbaycan modeli kimi uğurlu bir ölkə nümunəsinə çevrildi”.

B.Muradova 1990-cı illərdə milli məfkurəmizin xalqın milli azadlıq hisslərini coşdurduğunu, müstəqillik arzusunu reallaşdırmaq üçün istinad mənbəyinə çevrildiyini qeyd edərək, Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində azərbaycançılıq, dövlətçilik ənənələrinin formalaşdığını vurğulayıb: “Hazırda siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi demokratik ənənələrin yaşadılmasına və inkişafına xidmət edir. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qurulması məqsədi ilə cəmiyyəti narahat edən məsələlərin açıq şəkildə müzakirəsi üçün müxtəlif platformaların istifadəsi müxtəlifyönümlü ictimai-siyasi qüvvələrin vahid milli maraqlar ətrafında konsolidasiyasını gücləndirir”.

Dövlət Komitəsinin sədri həyatımızın ümid və inam dolu 44 günlük Vətən müharibəsindən bəhs edərək, bu dövrdə 50 siyasi partiyanın, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və xalqın hər bir nümayəndəsinin “Qarabağ Azərbaycandır!” şüarı altında müqəddəs savaşa qalxan igid Azərbaycan oğullarından ibarət Ordumuza, onun Ali Baş Komandanına dəstək verdiyinə şahid olduğumuzu və tariximizin ən parlaq səhifəsini yazdığımızı diqqətə çatdırıb.

Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müharibə bitdikdən sonrakı fəaliyyətini xüsusi vurğulayan Komitə sədri Azərbaycan qadınlarına göstərdiyi əvəzsiz dəstəyin hər kəsi postmüharibə dövrünün vəzifələrini yerinə yetirməyə ruhlandırdığını qeyd edib. Şəhid və qazi ailələrinə dəstəyin hər bir siyasi təşkilatın, ictimai qurumun fəaliyyətində ön sıralarda dayanmalı olduğunu xüsusi vurğulayan sədr, ictimai-siyasi proseslərdə, dövlət həyatında bərabər iştirakçılığa və təmsilçiliyə nail olmağın vacibliyindən bəhs edib.

Daha sonar çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi aparatın rəhbəri Tahir Budaqov 103 il əvvəl yaradılmış və müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin müasir dövlətçilik tariximizdə müstəsna yeri və rolu olduğunu vurğulayaraq, 23 aylıq fəaliyyəti dövründə atılan mühüm addımların qabaqcıl siyasi-strateji ənənələrin formalaşdırılması baxımından tarixi önəm kəsb etdiyini bildirib.

“Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1969-cu ildən başlayan böyük inkişaf və rifah yoluna qədəm qoyub” deyən sədr müavini qeyd edib ki, ölkədə etibarlı təhlükəsizlik və dayanıqlı sabitlik mühitinin yaradılması, dövlət quruculuğu istiqamətində məqsədyönlü tədbirlərin reallaşdırılması Azərbaycanın demokratik inkişaf yolunda irəliləməsinə, öz milli maraqları əsasında dünya birliyinə inteqrasiyasına zəmin yaradıb. Bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizin sürətlə inkişaf etdiyini və strateji zirvələri fəth etdiyini bildirən T.Budaqov, son dövrdə keçirilən islahatların yeni siyasi konfiqurasiyanın formalaşdırılması siyasi birliyin təmin olunması və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb.

44 günlük müharibədə möhtəşəm tarixi qələbə qazanan ölkəmizin artıq yeni geostrateji reallıqlar yaratdığını və bu gün işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin görülməsi, regionda kommunikasiya xətlərinin bərpası və yeni nəqliyyat dəhlizinin yaradılmasının həm ölkəmiz, həm də region xalqları və dövlətləri üçün mühüm perspektivlər vəd etdiyi qeyd edilib.

Çıxışının sonundaT.Budaqov, belə konfransın keçirilməsinin milli dövlətçilik ənənələrimizin və dövləti yaşadan, gücləndirən dəyərlərimizin qorunmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova “Yeni münasibətlər və siyasi monolitlik”, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova “Multikultural inkişafın Azərbaycan nümunəsi”, Azərbaycan Xalq Partiyası sədrinin qadın məsələləri üzrə müavini Günay Hüseyn “Cümhuriyyət dönəmi və öncəsində Azərbaycan qadınlarının seçki və seçki orqanlarının formalaşması prosesində rolu”, Yeni Azərbaycan Partiyasının üzvü, “Ailə dünyası” Ailələrə Hüquqi Yardım İB- nın sədri Gülayə Səfərova “Azərbaycanın demokratik inkişaf yolu”, Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvü Ülkər Abdullayeva “Azərbaycanda demokratiya ənənələri və milli birlik çağırışının hədəfləri”, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin üzvü Nərmin Əzizova “Cümhuriyyət dövründə Azərbaycan qadınlarının dövlət idarəçiliyində iştirakı”, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İB-nın rəhbəri Mirvari Qəhrəmanova “Demokratik dəyərləri qoruyan dövlət”, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Bürosunun rəhbəri Arzu Abdullayeva “Dövlət və cəmiyyət demokratik ənənlərdən necə bəhrələnə bilər”, “Gender HUB” Azərbaycan Platformasının təsisçisi Məryəm Məcidova “Ailə institutunun formalaşmasında milli birliyin rolu”, Əməkdar jurnalist, “ictimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İB-nın sədri Şəlalə Həsənova “Suveren Azərbaycanda milli birliyin təməl prinsipləri” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Daha sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Jalə Əliyeva, professor Rəna Mirzəzadə çıxış edərək belə konfransların keçirilməsinin milli birliyin qorunmasında mühüm rol oynadığını, Azərbaycanın dövlətçilik ənənələrinin təməlində sülh, insan faktoru, müstəqilliyimizin əbədiliyi və bütöv bir Azərbaycanın dayandığını qeyd ediblər.

Sonda Dövlət Komitəsinin sədri tədbir iştirakçılarına dəyərli fikirlərinə və təkliflərinə görə təşəkkürünü bildirərək, konfransın ölkəmizdə həmrəylik mühitinin qorunmasında töhfə verəcəyinə inandığını qeyd edib.

Oxşar xəbərlər