Şərur və Şahbuzda internet tutumu artırılıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun 12 kəndinin ATS-lərində internet tutumlar artırılıb.

SOSİUM.az xəbər verir ki, Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən verilən məlumata görə, stansiyalarda 14 ədəd 32 yerlik internet platalar əlavə edilib ki, nəticə etibarı ilə ümumilikdə, 448 nəfər istifadəçinin internetə olan tələbatının ödənilməsinə şərait yaranıb. İlk rüb ərzində rayonda 79 abonent yeni stasionar telefon xətti ilə, 381 abonent internetlə təmin olunub. Rayonun bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin olunub. Cari ilin müvafiq dövrü ərzində rayonun Çərçiboğan kəndində yeni rabitə evi istifadəyə verilib, 672 nömrə tutumlu ATS quraşdırılıb, telekommunikasiya şəbəkəsi yaradılıb.

Hesabat dövründə rayonunun 16 kəndinin xətt təsərrüfatında təmir işləri aparılıb. Uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri, metal dirəklərlə əvəz olunub, zədələnmiş kabellər yeni kabellərlə əvəzlənib, rabitə xətləri normativə uyğunlaşdırılıb. Eyni zamanda, yeni stasionar telefon xətlərinin çəkilişi məqsədilə yeni kabellər çəkilməklə montaj tutumları artırılıb. İstismarda olan kabellər iritutumlu kabellərlə dəyişdirilib, abunə qutuları və paylayıcı şkaflarda zəruri texniki tədbirlər görülüb.

Bununla yanaşı, Şahbuz rayonunun 11 kəndində isə xətt təsərrüfatında istismara yararsız rabitə xətləri yenilənir, taxta dirəklər metal dirəklərlə əvəz olunub, abonent qutularından ​ sakinlərin mənzillərinədək olan məsafədə rabitə xətlərində olan nasazlıqlar aşkar edilərək aradan qaldırılıb və digər zəruri işlər həyata keçirilib.

Rayonunun 5​ kəndində mövcud telefon stansiyalarının internet tutumu artırılıb, ümumilikdə 448 istifadəçinin genişzolaqlı internet xidmətlərinə olan tələbatının ödənilməsinə şərait yaranıb. Cari ilin birinci rübü ərzində rayonda 25 abonent yeni stasionar telefon xətti ilə, 176​ abonent isə internetlə təmin olunub.

Oxşar xəbərlər