“Tanrı ilə müqavilə bağlamamışıq ki…” – Mətanət Ağamirli

Mətanət Ağamirli: “Oxuduğum məktəbi ziyarət etmək istədim. Heç nə yox idi, hər şey dağılmışdı”

Jurnalist yazmağı  bacarmalıdlr ki, yazdığını da danışa bilsin

“Bizimkilərlə  söhbət” rubrikasının  budəfəki  qonağı əməkdar  jurnalist Mətanət Ağamirlidir. Fikrimizcə  xüsusi  təqdimata  ehtiyac  yoxdur.Adı və  soyadı  hər  şeyi  deyir.

– Mətanət xanım, həm yazılı, həm də audiovizual mətbuatda fəaliyyət göstərmisiniz. Sizcə, niyə yeni nəsil jurnalistlər yolunu televizyalardan salmağa çalışır? Bir peşəkar kimi tövsiyyəniz maraqlı olardı, birinci haradan başlamaq lazımdır: yazılı, yoxsa efir mediasından?

– İstənilən sahədə peşəkar olmaq üçün öncə həmin işin bünövrəsini qurmaq lazımdır. Bünövrəsiz ev  tez çokər. Doğrumu? Təcrübə deyir ki, hər şeyə sıfırdan başlamaq lazımdır. Mən məşhur bir fikir adamının əsərində oxumuşdum ki, tez, sürətli yaranan dostluqlar tez də bitir. Tez alınan bir iş də elədir, tez dağılma ehtimalı daha çoxdur. Düşünürəm ki, zərrə-zərrə qurulan iş daha effektiv olur, cəmiyyətin yaddaşında möhürlənir. Çox aparıcının adını sadalaya bilərik ki,  efirlərə də çıxıblar, jurnalist kimi çalışıblar. Amma çox da davam gətirə bilməyib, müəyyən müddət sonra müxtəlif şəkillərdə uzaqlaşıblar.  Ancaq diqqətlə incələsək görərik ki,   jurnalistikada işləməyə  əlifbadan başlayan həmkarlarımız   hətta,  indi jurnalist kimi çalışmasalar da imzaları bu sahə ilə  əks-səda verir.  Jurnalistikada uğur qazanmaq istəyən şəxs sıfırdan başlamalıdır. Əgər başqa bir məqsədlə “təşrif buyurubsa”, bu artıq başqa məsələdir.

– “Jurnalist mütləq yazı yazmağı bacarmalıdır” fikri ilə razısınız?

– Əlbəttə. Birincisi, yazı yazmaq insanın özünü mükəmməlləşdirir, beynini, yaddaşını inkişaf elətdirir.
Jurnalist yazmağı  bacarmalıdlr ki, yazdığını da danışa bilsin. Düzdür, günün trendi bir az fərqlidir, amma  bugünkü   qarışıqlığın içərisində jurnalistikanın hörmətini, nüfuzunu,  dəyərini qorumaq da vacibdir. Bunu isə yalnız peşəkarlıq və peşəkarlar, peşəsinə vurğunlar bacarar. Gənc bir jurnalist kimi sizin fikriniz də mənə maraqlıdır: sizcə bu gün  müvafiq sahədə çalışanların  neçə faizi jurnalistikanın təəssübkeşidir?

– Olduqca çox az hissəsi… 

– Eyni düşüncəni bölüşürük. Bəli, sözə qiymət verən, sözün dəyərini bilən, yazmağı bacaranlar bu sahənin təəssübkeşi ola bilər.  Yazmağı bacaranlar jurnalistikada qala bilir. Tanınmaq, populyar olmaq, “ulduz xəstəliyi”, hamısı müvəqqətidir. Əslində son illər dünyanı ağuşuna alan pandemiya  bizi elə bir imtahanla üzbəüz qoydu ki…  Hər kəs özünü yalnız qorumaq, yaşamaq, xəstələnməmək, ölməmək  uğrunda mübarizə aparmalı oldu. Qoy indi həmin “ulduzlar” düşünsünlər ki, onlar qlobusun üzərində qarışqa boyda da görünmürlər.

– Sosial şəbəkələrdə  telefonla çəkilişlər edib, özünü   jurnalist sayanlar da az deyil.  Peşəkarlıq isə arxa planda qalıb. Ən dəhşətlisi isə odur ki, onlar ictimai rəyə təsir göstərə bilirlər…

– Bilirsiniz  90-cı illərdə jurnalistikaya başlayanda biz ətrafımızda sayılıb-seçilən jurnalistlər görürdük, onlara bənzəmək istəyirdik.  İndi vəziyyət fərqlidir. Faktdır ki, siz dediyiniz kimi sosial şəbəkələrdə  video çəkib paylaşmaqla özünü  jurnalist sayanlar da var. Bu  kəslər   şəxsi intriqaları ilə,  kiməsə böhtanlar- şərlər  atmaqla gündəmə də gəlirlər.  Əlbəttə, bu hallar çoxluq təşkil edərsə, yeni nəsilin diqqətini çəkməsi qaçılmaz olar.  Hər kəs öz səviyyəsinə uyğun özünü təbliğ edir. Qarşısıalınmaz bir prosesdir.
Deməli, cəmiyyətə yararlı olan təbliğat  səviyyə tələb edir. Səviyyəni isə təhsil, savad, bilik, intellekt formalaşdırır. Bu baxımdan cəmiyyətin ziyalı, savadlı insanları sosial medianı qeyri-ciddiyə almamalı, hər zaman müsbət nümunələr təbliğ olunmalıdır.

– Bir neçə gün öncə  Bakının mərkəzində gecə klubunda partlayış baş verdi. Bu mövzu geniş müzakirəyə səbəb oldu:  tənqidlərin də, təhqirlərin də şahidi olduq. O şəxslərə münasibətiniz necədir? 

– Heç kim heç bir hadisədən, faciədən sığortalanmayıb. Gecə klubunda baş verən hadisələrə ancaq üzülmək olar.
Biz  orda dünyasını dəyişən, yaralanan insanları  yaxından tanımırıq.  Hesab edirəm ki,  hər bir  insanın etdiyi günahlar onunla yaradan arasında olan bir məsələdir.  Üçüncü tərəf qınaqla, qarğışla sadəcə özünə günah qazana bilər.  Günün trendi də, gənclərin zövqü də, əyləncəsi də fərqlidir. Məncə başqasını qınamaqdansa, özümüzü başqasının yerinə qoymağı bacaraq: “Allah qorusun, mənim də övladım orda ola bilərdi”, deyə düşünmək də olar.  Bacaraq və susmağı, dua etməyi, gözəl düşünməyi öyrənək. Bumeranq fəlsəfəsi saat kimi işləyir. Bu baxımdan orda dünyasını dəyişən gənci qınamaqdansa, bizə o insanın ailəsinə səbr diləmək  yaraşar.    Dahilərin, ariflərin fikirlərində də belədir: Çalışın bəraət qazandırın, qınamayın…”  Başqa bir tərəfdən də kiminsə necə yaşaması, nəyi seçim etməsi, necə öləcəyi ilə bağlı  Tanrı ilə müqavilə bağlamamışıq ki…

 Elə bir dövrə gəlmişik ki, xəbəri birinci sosial şəbəkələrdən oxuyuruq. Ənənəvi media, onlayn media, hətta TV-lər də rəqabətdə uduzur…

– Əvvəla sosial şəbəkədə bir video çəkib, ağına-bozuna baxmadan onu yayımlamaq jurnalist olmaq demək deyil. Bu adından da bəlli olduğu kimi sosial şəbəkədir.  Onlayn mediada sizin kimi gənc jurnalistlər, jurnalist peşəsinə yiyələnmək istəyən insanlar çalışır və öz potensiallarını realizə edirlər. Yəni bizim internet mediamız başdan ayağa dezinformasiya deyil ki. Vicdanı, zəhməti ilə normal saytlar idarə edən, çalışan nə qədər jurnalistlərimiz var. Bunu qiymətləndirmək, etiraf etmək lazımdır. Bu baxımdan sosial şəbəkə fərqli anlamdır. O, jurnalistika deyil, subyektivdir. Jurnalistika kollektiv işin bəhrəsidir. Kollektiv fəaliyyət isə  bilavasitə cəmiyyətə, jurnalistikaya töhfə vermək deməkdir. İlk baxışda onlayn medianın ənənəvi medianı üstələdiyi görünə bilər. Amma dünyada müharibələrin getdiyi, pandemiyanı yaşadığımız çağdaş dövrdə   ən etibarlı informasiya mənbəyi kimi   hara fokuslanırdı? Ənənəvi mediaya…Dünya ən etibarlı informasiya mənbəyi kimi “EuroNews”, “CNN”, “Əl-cəzirə” telekanallarına   göz dikdi, istinad etdi.   Bu o deməkdir ki, ənənəvi media hər zaman aktuallığını saxlayıb, saxlayır, saxlayacaq. Əslində fərq də aydındır. Çünki o peşəkarların ərsəyə gətirdiyi,  peşəkarların sərgilədiyi fəaliyyətidir.  Facebook-da heç kimin tanımadığı biri nəyisə çəkib paylaşırsa, bu şəxsi münasibətdir, etibarlı informasiya mənbəyi deyil. Pandemiya əslində dünyanın qida kimi, dərman kimi, informasiyasız yaşaya bilməyəcəyini möhürlədi.

– Xaricdəki aparıcı media resurslarında səsimizin eşidilməsi  və ya dünyanın milli mediamızı izləməsi üçün nə etməliyik?

– Nəyə əsasən düşünürsüz ki, xaricdəki aparıcı media resurslarında səsimiz eşidilmir?  44 günlük Vətən müharibəsində    Azərbaycan mediası dünyaya  qalib ordusunun zəfər xəbərlərini yaydı.  25-30 il əvvəl Qarabağda  yaşanan faciələri dünyaya yaymaq üçün nə bu qədər media orqanı, internet resursları var idi.    Xarici dilli qəzetlər, saytlardan isə danışmağa dəyməz. Bu gün isə Əlahəzrət fakt tam əksinədir. İndi müxtəlif dillərdə informasiya yayımlayan qəzetlər, saytlar, TV-lər bir-biri ilə rəqabət aparır. Qüsurları görmək, tənqid etmək olar. Amma müsbət dinamıkanın, dəyişikliklərin üstündən xətt çəkmək mümkün deyil. Yaxşıları görməzdən gələriksə ədalətli ola bilmərik. Ruhumuzu müsbətə kökləmək lazımdır və bu sadəcə 1-2 nəfərlə olmur. Cəmiyyətin ruhu inkişaf etməlidir, gözəlliyi, müsbətləri, inkişafı daha çox  görmək istəməliyik. Rəhmətlik Cabir Novruz dediyi kimi,
Tələsin, insanlar, deyib-gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az.

İşğaldan azad olunmuş ərazilərimizdə olmusunuz?

– Bəli, Ağdamda oldum. Özüm elə Qarabağlıyam, Ağdamda doğulmuşam, orta məktəbi orda oxumuşam. Ağdam işğaldan azad olunanda şəxsi problemlərimdən dolayı gedə bilmədim. Amma Allah nəsib etdi, Ağdamın işğaldan azad edilməsinin bir illiyi ilə bağlı keçirilən ağacəkmə aksiyasında iştirak etdim. Getdim, ağac əkdim, Ağdam məscidini ziyarət etdim. 28 il sonra Ağdama gedə bildiyim üçün  Allaha sonsuz   şükrlərimi yolladım… Həyatımda ən böyük xoşbəxtlik 28 il sonra  Ağdama dönüşüm idi. O başqa məsələ ki,  oxuduğum məktəbi, böyüdüyüm evi,  küçəni görə bilmədim,hər şey dağılmışdı… Sanki, uşaqlığım, xəyallarım dağılmışdı. Bu hissin ağırlığını sözlə ifadə etmək  çətindir. Bu hiss ancaq göz yaşı ilə izah oluna bilər. Necə ki, Ağdama daxil olan ilk andan barrikadaları, dağıntıları, düzənlikləri  görüb göz yaşımı saxlaya bilmədim. Ağdamı gülü-gülzarlı qoyub çıxmışdım…

– Dağılmış ərazilər bərpa edildikdən sonra orda yaşamaq istərdinizmi?

– Orda biz yaşamaq istəməsək, kim yaşayacaq? Bir vaxtlar arzu edirdik ki, torpaqlarımız işğaldan azad edilsin, öz doğma torpaqlarımıza qayıdaq. Toplum arzuları qəbul olunur, deyirlər. Şükür ki, biz xalq olaraq bu tarixi qələbənin şahidi olduq, torpaqlarımıza  qovuşduq. Nə qədər şükr etsək, azdır. İndi bizə  düşən  həmin torpaqları qucaqlamaq, bağrımıza basmaqdır. Dədə Qorqud dediyi kimi,
“Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz.”  Məncə işğaldan azad olunmuş torpaqlarda yaşamaq,  orda nəfəs almaq, həyatın yenidən canlanmasının şahidi olmaq  bir zövqdür.

– Nə qədər şükür etsək azdır,  dediniz…

– Şükür edəcəyimiz şeylər o qədərdir ki.  Kaşki fərqində olsaq. Sağlamlığımız, zəkamız, saymaqla bitməz ki.   İnsan özü bir dünyadır,  dünyasını kəşf edən insanlar çirkinliklərə, qırğınlara, cinayətlərə, müharibələrə yol verməz. İnsan varlığı, yaranışı ilə xoşbəxtdir. Gözəllikləri görürük, gəzirik, toxunuruq, hiss edirik, dad, iy bilirik və s.  Bəzən insan  bütün bunların fərqinə varmır… Əslində baxır, amma  görmür. Xoşbəxt olmaq üçün mütləq brend geyinmək, villada yaşamaq, bahalı maşın sürmək şərt deyil.  Bütün insanlar sevdiyi və sevildiyi  üçün xoşbəxtdir.   Çünki bu hissi heç bir villa, marka, maşın verə bilməz.  Əslində şükürlü olmaq üçün  İlahi qüvvə hər şeyi bərabər bölüb: iki ayaq, iki əl, iki göz və s.  Hamıda eynidir. Amma insan bunu tam olaraq dərk etmirsə, bu başqa məsələdir artıq.

Röyalə Xəyal, Olaylar.az

Oxşar xəbərlər