“AQSİA ilə birgə qət edəcəyimiz yol uzundur” – Sahibkar xanım

Məhəbbət İbrahimova: “Yaranmasından keçən beş il ərzində AQSİA aparıcı qadın platformasına çevrilməyi bacarıb”

Azərbaycanda özəl sektor inkişaf edir və qadınlar da iş həyatında fəal iştirak edirlər. Qadınların iqtisadiyyatda rolunun artırılması Azərbaycan dövlətinin proritet istiqamətlərindən biri olmaqla yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfindən biridir. Nəzərə alsaq ki, qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə bilavasitə bağlıdır, bu xüsusda xanım sahibkarların sayının artması həm də cəmiyyətin inkişafına səbəb olur.

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü, “Nehrəm Holdinq”ın vitse-prezidenti, yazıçı-şairə, Məhəbbət İbrahimova SOSİUM.az-a müsahibəsində ölkədə qadın sahibkarlığının inkişaf perspektivlərindən danışıb.

DOSYE: Məhəbbət İbrahimova Azərbaycan Neft-Kimya İnsitututunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Texnologiya ixtisası üzrə bitirib və bir müddət mühəndis kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya fakültəsində ikinci ali təhsil alıb. Yaradıcı fəaliyyətlə də məşğul olan M.İbrahimova 6 kitabın, yüzlərlə hekayə, povest və şerlərin müəllifidir. Tanınmış müğənnilərin ifa etdiyi onlarla bəstənin sözləri ona məxsusdur. 2005-ci ildən “Nehrəm Holdinq”ın vitse-prezidentidir. Hazırda sahibkarlıq fəaliyyəti ilə yanaşı, fəal ictimai fəaliyyətlə də məşğuldur. Ailəlidir, 3 övladı var.

Məhəbbət xanım, rəsmi statistikaya əsasən deyə bilərik ki, sahibkar qadınlar hər dörd nəfər üçün bir nisbətindədir. Cəmi beş il öncə isə bu rəqəm hər səkkiz nəfər üçün bir nisbətində idi. Göründüyü kimi, iki dəfə artım var. Qadınlar arasında özəl sektora artan marağı doğuran səbəblər nədir?

– Tamamilə doğrudur ki, qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolu, mikro və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır. Xüsusən kiçik və orta biznes subyektləri arasında qadın sahibkarların iştirak səviyyəsi yüksəkdir. Bunun da öz növbəsində müxtəlif səbəbləri var. Bu sırada qadınların ailə büdcələrinə dəstək nümayiş etdirmək niyyətini, müasir dövrün verdiyi üstünlüklərin yaratdığı şəraiti, xanımlar arasında özünəinam hissinin artmasını və s. göstərmək olar. Eyni zamanda Azərbaycanda qadın sahibkarlığının inkişafına dövlət dəstəyi mövcuddur və xanımlarımız da bu imkandan layiqincə bəhrələnirlər. Cənab Prezident İlham Əliyevin özəl sektorun inkişafı istiqamətində həyata keçirdiyi islahatlar, habelə qadın sahibkarlığının inkişafına yönəlik siyasəti bu şəraiti şərtləndirən əsas faktorlardan biridir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurlu ictimai-siyasi fəaliyyəti ilə bir örnək yaratmağı bacarıb və bizlər də xanım iş adamları olaraq ondan ilham alırıq. Bu gün Azərbaycanda nəinki qadınlar arasında, cinsindən asılı olmayaraq bütün işgüzar insanlara şamil olunan əlverişli imkanlar mövcuddur və hər kəs bundan bəhrələnə bilir. Qadın sahibkarlarının sayının artması, uğurlu biznes-ledilərin yetişməsi məhz bundan qaynaqlanır.

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüsünüz. Bu qurumun fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Hələ Türkiyədə yaşadığım və çalışdığım illərdə qərar vermişdim ki, Azərbaycanda bu cür qurum təsis edilərsə, orada təmsil olunacağam. O zamanlar mən Atatürk Qadınlar Dərnəyinin üzvü idim. Görürdüm ki, ticari birliklər, assosiativ təşkilatlar həm sahibkarlığın, həm də cəmiyyətin inkişafına xidmət edir. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) təsis olunduğu gündən bu qurumun fəal üzvüyəm. Çox sevindirici haldır ki, beş ildir yaranmasına baxmayaraq, AQSİA kifayət qədər ciddi işlər görə bilib. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Azərbaycanda ən aparıcı qadın platformasına çevrilməyə nail olmuşuq. Qadın sahibkarlar arasında faydalı və qarşılıqlı əlaqələrin qurulması, birgə fəaliyyət və korporativ təşəbbüslər, qanunvericilkik təşəbbüslərinin irəli sürülməsi, hökumət orqanları ilə əlaqələr baxımından Assosiyasiya mühüm addımlar atıb. 44 günlük Vətən müharibəsi dövründə xanım iş adamları sözün əsl mənasında həmrəylik nümayiş etdirərək, ardıcıl xeyriyyə aksiyaları həyata keçiriblər. Bu aksiyalar nəticəsində yüzlərlə şəhid və qazi ailəsi tərəfimizdən dəstəklə təmin olunub. Eyni zamanda ölkəmizdə qadın sahibkarlığının inkişafına töhfələr verən bir qurumdur. Şübhəsiz ki, qarşıda görəcəyimiz işlər çox və AQSİA ilə birgə qət edəcəyimiz yol isə uzundur.

Qeyd etdiyiniz kimi, AQSİA -da fəaliyyətiiniz birbaşa qadın sahibkarlığının inkişafı ilə bağlıdır. Qənaətiniz nədən ibarətdir – biznes-ledilər əsasən hansı biznes sahələrində fəaliyyət göstərməyə üstünlük verirlər?

– Hesab etmirəm ki, bu məsələdə xüsusi ayrıseçkilik qoymağa ehtiyac var. Xanımlarımız bu gün emal, ticarət, maliyyə, aqrar və xidmət sektorda təmsil olunurlar və onların sayı hər ötən gün yenilənir. Şəxsən mən özüm ağac emalı sahəsindəyəm, istehsalatla məşğulam. Digər xanımlar isə fərqli sahələrdə fəaliyyət göstərirlər. AQSİA sıralarında birləşən xanımlara nəzərə yetirəndə görünür ki, xanımlarımız əsasən tekstil, kənd təsərrüfatı, əl işləri və xidmət sektorunda özlərinə mövqe qururlar. Aparılmış keyfiyyət sorğusu əsasında məlum olub ki, qadınları şəxsi biznes qurmağa sövq edən başlıca səbəblər iqtisadi müstəqillik qazanmaq və imkanlarını, potensiallarını reallaşdırmaq istəyi olub. Şəxsi bacarıq kontekstində qadın sahibkarlar biznesi sərbəst şəkildə idarə edə biləcəklərini özlərinə və başqalarına sübut etmək istəyini qeyd edirlər. Bütün bunlar göstərir ki, xanım iş adamları kifayət qədər israrlı və iddialıdırlar. Zamanla onların sayının daha da artacağını proqnozlaşdırmaq olar.

// SOSİUM.az

Oxşar xəbərlər