AQSİA Sahibkarlar Günü ilə bağlı tədbir keçirdi – FOTO

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) 25 aprel – Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirib. Tədbir dövlət himninin səslənməsi və vətən uğrunda həlak olan şəhidlərimizin, ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.

SOSİUM.az xəbər verir ki, tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların təmsilçiləri, sahibkar xanımlar iştirak ediblər. İştirakçılara AQSİA-nın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan AQSİA-nın sədri Səkinə Babayeva assosiasiyanın fəaliyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb. O deyib ki, işgüzar xanımları bir araya gətirən platforma bu günə qədər 1600-dan artıq layihə həyata keçirib. Onun sözlərinə görə, bu günlərdə sərhədyanı bölgələrimizdə qadınlarımızın həm rəqəmsal iqtisadiyyatda rolu, eyni zamanda ailə institutları ilə bərabər onlara korporativlərin yaradılması istiqamətində növbəti təlim təşkil ediblər. AQSİA sədri əlavə edib ki, bu gün Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün münbit şərait var və biznes-ledilər də bu imkandan bəhrələnə bilirlər. Yaradılan şəraitə görə, Prezident İlham Əliyevə təşəkkür edən S.Babayeva rəhbərlik etdiyi qurumun bundan sonra da ölkə sahibkarlığının inkişafına önəmli töhfələr verəcəklərini bildirib.

AQSİA-nın icraçı katibi, əməkdar jurnalist Mətanət Ağamirli isə iş adamlarını təbrik edərək, ölkədə yaradılan əlverişli biznes şəraitindən danışıb. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində təmsil olunduğu qurum da şəhid, qazi və müharibə iştirakçılarının ailələrinə dəstək göstərib: “Bu tarixi Zəfər bizi birləşdirdi, bir xalq olaraq üzərimizdən tarixi ləkəni sildi. Cənab Prezident İlham Əliyev hələ müharibə getdiyi dövrlərdə bəyan edirdi ki, daha heç nə əvvəlki kimi olmayacaq. Bu gün bütün təbəqələrin nümayəndələrinə, o cümlədən qadın sahibkarlara böyük diqqət var. Fürsətdən istifadə edərək, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkə sahibkarlarına yaratdığı imkanlara görə, dərin təşəkkürümü bildirirəm”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 44 günlük Vətən müharibəsində xalqımızın bir yumruq kimi birləşdiyini və ən başlıca aparıcı qüvvə olan Azərbaycan qadınının müharibədə göstərdiyi şücaəti xüsusilə vurğulayıb: “Bu gün ölkə iqtisadiyyatının yeni reallığa uyğun inkişafında, milli prioritetlərə doğru dayanmadan əzmlə irəliləməyimizdə, eləcə də işğaldan azad edilmiş bölgələrimizdə quruculuq bərpa işlərində xanım sahibkarlarımız böyük iradə nümayiş etdirirlər”.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında qadın sahibkarlığın əhəmiyyəti və assosiasiyanın bu inkişaf yolunda göstərdiyi xidmətlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Qazaxıstanın “Atameken” təşkilatının nümayəndəsi Saltanat Abdikarimova qeyd edib ki, Qazaxıstanda AQSİA-nın iş təcrübəsi və iş mexanizmləri maraq doğurur və məhz təcrübə mübadiləsi məqsədilə Bakıya təşrif buyurublar.

Sonra AQSİA-nın üzvü olan sahibkarlara, tədbir iştirakçıları olan xanımlara və media nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

// SOSİUM.az

Oxşar xəbərlər