Asif Əsgərov: “Qarabağ”ın pulu o qədər çox deyil ki, ağlını itirsin”

“Həyatda heç nə təsadüfən olmur. Bizim nəticələrimiz ağır işimizin nəticəsidir”.

Bunu “Qarabağ”ın baş meneceri Asif Əsgərov transfer siyasəti barədə Polşa mətbuatına müsahibəsində deyib.
O, bildirib ki, klubun tam peşəkar skaut heyəti var: “Transfer prosesi il boyu həyata keçirilir. Sistemimizə uyğun oyunçular axtarırıq. Biz yerli və milli reallıqları nəzərə almalıyıq. Ümumi qaydamız belədir ki, futbolçunun haradan olmasının, harada oynamasının fərqi yoxdur. Əsasən, onun futbolumuza, mentalitetimizə uyğunlaşması lazımdır”.

Əsgərovun sözlərinə görə, klubun o qədər çox pulu yoxdur ki, ağlını itirsin və istədiyi bütün oyunçuları alsın: “Daha çox sərbəst və sistemimizə uyğun olanları axtarırıq. Transfer siyasətimiz son illərdə xüsusilə yaxşı işləyir. Rəhbərliyi qane edən öz sistemimizi yaratmışıq”.

Klub rəsmisi ulduz futbolçular transfer etməmələrinin səbəbini də açıqlayıb: “Pedro Enrikeni adına görə icarəyə götürməmişdik. Yeganə səbəb oyun sistemimizə uyğun gəlməsi idi. Biz adlardan daha çox sistemə üstünlük veririk. Keçmiş ulduzla müqavilə bağlayırsınız, fotolara, reklamlara zaman ayırırsınız. Nəticə əldə etməyə isə vaxt qalmır”.

Oxşar xəbərlər