Azərbaycanda həbs həyatı yaşayan NAZİRLƏR – SİYAHI

Azərbaycanın müstəqillik dövründə işində nöqsanlara yol vermiş, korrupsiyaya əl atmış və müxtəlif qanunsuzluqlar etmiş məmurlar olub ki, məsuliyyətə cəlb olunub.

SOSİUM.az BAKU.WS-ə istinadən xəbər verir ki, ölkədə həbs olunan məmurlar arasında nazirlərin də adlarına rast gəlmək mümkündür.

Müstəqilik dövründə həbs olunan nazirlərin siyahısını təqdim edirik:

Əli İnsanov – 9 noyabr 1993 — 20 oktyabr 2005 tarixlərində Azərbaycan Respublikasının Səhiyyə naziri posunu icra edib. 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Səlim Müslümov – 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi xidmət edib. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilib.

Surət Hüseynov – 1993-cü il iyununda Baş nazir təyin olunub. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezidentin əfv fərmanı ilə həbsdən azad olunub.

İsgəndər Həmidov – 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 1994-cü ildə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

Rəhim Qazıyev – 17 mart 1992-ci ildən 20 fevral 1993-cü ilə qədər Azərbaycan Respublikasının Müdafiə naziri olub. Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

Fəxrəddin Təhməzov – 17 may 1992-ci ildən 1993-cü ilin iyun ayına qədər Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri olub. 1993-cü ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası alıb.

Pənah Hüseyn – 1993-cü ilin aprel iyun aylarında Azərbaycan Respublikasının Baş naziri olub. Pənah Hüseyn AXC hakimiyyətindən qısa müddət sonra həbs olunub. Bir müddət həbsdə qaldıqdan sonra azad olunub.

Müzamil Abdullayev – 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. 1996-ci ildə vətənə xəyanət ittihamı ilə əvvəlcə ömürlük azadlıqdan məhrum edilib. Sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Fərhad Əliyev – 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri olub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Nəriman İmranov – 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 1994-cü il dekabrın 21-də bir qrup şəxsin Nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə, vətənə xəyanət ittihamı ilə ömürlük məhrum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Fikrət Yusifov – 1994-1999-cu illərdə Azərbaycan Respublikasının Maliyyə naziri olub. 2005-ci ildə həbs olunub. 2 ildən çox həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb.

Nicat Quliyev – 4 noybar 1993-cü ildən 4 avqust 1995-ci ilə qədər Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb. 2013-cü il avqustun 7-də həbs edilib və 2016-cı ildə azadlığa buraxılıb.

Oxşar xəbərlər