Azərbaycanda hotellərin vəziyyəti qənaətbəxşdirmi?

Ötən ilin sonlarında Milli Məclis “Turizm haqqında” qanun qəbul etdi. Qanuna görə, Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Ulduz almayan hotellər isə cərimə ediləcək.

Ulduz standartları bütün ölkələrdə varmı? Bu standart nəyi dəyişir?

Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov Bizimyol.info saytına açıqlamasında bildirib ki, dünya təcrübəsinə nəzər salanda ulduzu olmayan hotellər də mövcuddur. Müştəri, hotelə müraciət edəndə bunu bilmiş olur: “Ulduz kvalifikasiyası dövlət və onun səlahiyyət verdiyi orqan tərəfindən müəyyən olunur. Bu, bir tələb kimi qoyulur. Bunun üstünlükləri çoxdur. Müştəri müraciət etdiyi hotellərə ulduz standartlarına görə, rahatlıqla seçim edə bilir. Əgər ulduz standartları yoxdursa, öz seçimində çətinlik çəkə bilər”.

Ekspert bildirir ki, bu gün ölkədə yüksək 5 ulduz standartlara cavab verən hotellərimiz var. Hətta dünya brendləri də ölkədə fəaliyyət göstərir. Eləcə də yerli markalar var ki, bu standartlara cavab verir.

“Ulduz almayan hotellərin cərimələnməsi məsələsi də “Turizm haqqında” qanunla tənzimlənməlidir. Bu, qanunvericiliklə tənzimlənəcək. Amma dünya standartlarına baxanda ulduz almayan hotellərin olduğunu da görürük. Yüksək standart, yüksək komfort böyük xərc tələb edir. Bunu ayaqda saxlamaq hotel üçün çox böyük bir xərcdir. Pandemiya dövründə hotellər standartları qoruya bilmək üçün çox əziyyət çəkdilər. Personalın itirilməməsi, hoteldəki avadanlıqların qorunub saxlanılmasında çox problemlər oldu” – deyə Zamanov bildirib.

Ekspertin fikrincə, Azərbaycandakı hotellərin vəziyyəti bir neçə il əvvəllə müqayisədə çox qənaətbəxşdir: “Hətta dünya ölkələri ilə də rəqabətə girə bilər. Bu gün Avropa ölkələrinə gedib hotellərə baxsanız, görəcəksiniz ki, orada motellər, hostellər və yaxud da o standart olan hotellərin vəziyyəti Azərbaycanda o standartlarda olan hotellərin vəziyyətindən daha aşağıdır. Ulduz standartlarının və tələblərinin qoyulması, vaxtaşırı bunların yoxlanılması və auditinin keçirilməsi bazara, müştəriyə, turizmin keyfiyyətinə xidmət edir. Nəticədə turistlərin məmnunluğuna gətirib çıxarır”.

Hotellərin vəziyyəti qənaətbəxşdirmi?

Ramin Zamanov deyir ki, “hər şey qaydasındadır” nisbi anlayışdır. Yəni o demək deyil ki, hotel sahibi “hər şeyin qaydasında olmasını istəmir”. Bu rəqabətdir. Hər şey qaydasında olmalıdır ki, onun rəqabətə dözümlülüyü olsun. “Hər şey qaydasında olmayanda” hotel müştəri itirir. Müştəri itirirsə, gəlir mənbəyi azalır, gəlir mənbəyi azalırsa, dayanıqlığını qoruya bilmir. “Hər şey qaydasında olmalıdır” ki, rəqbətə dözə bilsin. Dövlət isə tənzimləyici standartını tələb edir.

Ulduz tələbləri dünyanın bütün ölkələrində eyni standartda deyil. Amma oxşar standartlardadır. Turizm sektoru postpandemiya dövrünə yaxınlaşır: “Ümid edirik ki, vəziyyət yaxşılşacaq”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni – 428-1 maddə əlavə edilir. Yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Eyni zamanda mehmanxanalar (hotellər) tərəfindən ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə, iki min manatdan beş min manatadək məbləğdə cərimə müəyyənləşəcək.

Oxşar xəbərlər