Azərbaycanda maaş və pensiyalar artacaq? – “Hökumət ilin ortasında…”

Qardaş ölkə Türkiyədə minimum əmək haqqı 4250 tl-dən 5500 tl-ə, yəni 560 manata yüksəlib.

Həmçinin, pensiya və müavinətlər də artırılıb. İnflyasiyanın ən çox yaşandığı Türkiyədə belə bir addımın atılması insanları xeyli razı salıb.

Bəs bu addım Azərbaycanda gözlənilirmi? Büdcəmiz buna imkan verirmi?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a danışıb.

İqtisadçı, sosial müavinət və təqaüdlərlə bağlı ciddi artımların nəzərdə tutulmadığını qeyd edib:

“Əslində, Azərbaycanda da inflyasiya çox yüksəkdir. Artıq 20 faizi keçib. Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən yardımların, əmək haqqının və təqaüdlərin artırılmasına ehtiyac var.Amma indiki halda belə bir artım nəzərdə tutulmayıb. Artıq ilin yarısını geridə qoyduq. Yaxın zamanlarda bununla bağlı ciddi qərar qəbul ediləcəyini düşünmürəm”.

İqtisadçı Xalid Kərimli isə deyir ki, bu məsələlərə növbəti ilin büdcəsində baxılacaq:

“Büdcə dəyişikliklərində bu məsələ nəzərdə tutulmayıb. Hökumət ilin ortasında minimum əmək haqqı və pensiyaları dəyişmək haqqında düşünmür. İndiki büdcə dəyişikliklərində büdcənin xərc və gəlirlərini dəqiqləşdirəndə, əlavələr ediləndə bu məsələlərə resurs nəzərdə tutulmayıb. Cəmiyyətə də bu haqda məlumat verilməyib. Ola bilər ki, məsələyə növbəti ilin büdcə müzakirəsində baxılsın”.

Oxşar xəbərlər