Azərbaycanda TİR sahiblərindən alınan – XİDMƏT HAQQI LƏĞV EDİLDİ

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə” blankları üçün nəzərdə tutulan xidmət haqqı ləğv edilib. Daşıyıcı şirkətlərdən verilən məlumata görə, bu blankların alınması zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) xidmət haqqı ödənilirdi. Amma aprel ayından ABADA bu ödənişi daşıyıcı şirkətlərdən almır.

SOSİUM.az xəbər verir ki, ABADA-dan  verilən məlumata görə, bu qərar daşıyıcıların mövcud vəziyyəti nəzərə alınaraq qəbul edilib.

Məlum olduğu kimi, ötən il mayın 27-də avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması məqsədilə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” İctimai Birliyi (ABADA) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında “avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” memorandum imzalanıb.

Bu sənəd həm də Azərbaycanın avtomobil daşıyıcılarının beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması və yerli daşıyıcıların xaricdə xidmət gösğtərmək imkanının artırılmasını da nəzərdə tutur.

Memoranduma uyğun olaraq beynəlxalq daşımalar üçün zəruri sənəd olan “İcazə” blanklarının bölgüsü ilə bağlı yeni mexanizm hazırlanıb və hazırda tətbiq olunur.
Bu müddət ərzində icazə sənədlərinin bölgüsü üçün informasiya ehtiyatları formalaşdırılıb, prosesin idarə olunması üçün proqram təminatı alınıb və Azərbaycan şəraitinə uyğunlaşdırılması həyata keçirilib, interaktiv internet səhifəsi yaradılıb, daşıyıcıların məlumatlandırılması üçün SMS kommunikasiya sistemi qurulub və mütəmadi görüşlər təşkil edilib. Hazırda icazə sənədlərinin bölgüsü ilə bağlı yeni mexanizmin maddi-texniki əsaslarının formalaşdırılması və tətbiqi yekunlaşdırılır.

Bu işlərin davamı olaraq, ABADA yaxın regionlarda geosiyasi vəziyyətin mürəkkəbləşməsi səbəbindən bir çox istiqamətlərdə daşımaları mümkünsüz olmasına görə yeni bazarlara çıxışın stimullaşdırılması, rentabelli marşrutların seçilməsi, eyni zamanda, ənənəvi istiqamətlərdə idxal-ixrac əməliyyatlarında problemlərin Azərbaycan daşıyıcıları üçün əlavə xərclər yaratdığını və onların maddi vəziyyətinə mənfi təsir etdiyini nəzərə alaraq, Birliyin İdarə Heyəti aprelin 1-dən etibarən icazə sənədlərinin bölgüsü ilə bağlı xidmət haqqının tətbiqinin üç ay müddətində dayandırılması haqqında qərar verib.

SOSİUM.az

Oxşar xəbərlər