Azərbaycandakı milyonçular kimdən GİZLƏNİR…

Demək olar ki, hər il dünya mediasında ən varlı insanlar haqqında statistika açıqlanır, hətta onların kimliyi, illik gəlirləri, sərvəti haqqında məlumatlar paylaşılır. Həmin siyahılarda Rusiya vətəndaşlığı daşıyan azərbaycanlı iş adamları – “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərovun, “Crocus Group”un rəhbəri Araz Ağalarovun, “NortQaz” şirkətinin yaradıcısı Fərhad Əhmədovun və digər bir neçə nəfərin adları da müxtəlif sıralarda qeyd edilir.

Azərbaycana gəldikdə isə, bizneslə məşğul olan milyonçular haqqında ətraflı məlumat tapmaq mümkün deyil. Azərbaycanda da sərvəti milyonlarla ölçülən iş adamlarının olduğu heç kimə sirr deyil, ancaq rəsmi şəkildə milyoner və milyarderlərin sayı və kimliyi ictimaiyyətə açıqlanmır. Bunun səbəbi, eləcə də milyonçuların kimdən gizlənməsi illərdir ki, sirr olaraq qalır.

Lakin iqtisadçı ekspertlər hesab edirlər ki, Azərbaycanda həddindən artıq zənginlənmiş adamlar arasında vəzifə sahibi olan məmurlar da var. Məhz bu şəxslər və onların himayə etdiyi iş adamları rəsmən milyonçu kimi görünmək arzusunda deyilllər, eyni zamanda arxa planda qalmaqla diqqətləri üzərlərinə çəkmək istəmirlər.

Hətta bəzi iddialara görə, onlar deklarasiyası ilə bağlı qanunvericiliyin qəbul olunmasını da əngəlləməyə çalışırlar. Çünki sözügedən qanun qüvvəyə minərsə, gəlirləri barədə hesabat verməyə məcbur olacaq milyonçu və milyarderlərin varidatı da açığa çıxacaq. Bu zaman kimin milyonçu olduğu hər kəsə bəlli olacaq. Təbii ki, bu baş verərsə, həmin insanların balta kəsməyən varidatının mənbəyi də sorğu-sual olunacaq.

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov gəlir deklorasiyası haqqında qanunun qəbulunu vacib hesab edir.

Deputatın fikrincə, milyonerlərin və milyarderlərin sayı bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da ictimaiyyətə açıqlanmalıdır:

“Gəlir deklorasiyası haqqında qanun qəbul edilərsə, normativ sənəd hazırlanacaq. Deklorasiyaya uyğun olaraq insanlar öz vəsaitlərini göstərəcəklər. Nəticədə, kimin nə qədər vəsaitinin olduğu aydınlaşacaq. Gəlir deklorasiyasına şəffaflıq baxımından böyük ehtiyac var. Qanunvericiliklə tənzimləndikdən sonra Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Mərkəzi Nazirliyinə, banklara və digər qurumlara tapşırıq veriləcək ki, prosesi həyata keçirsinlər”.

Vahid Əhmədovun fikrincə, gəlir deklorasiyası haqqında qanunun qəbulu milyoner və milyarderlərin özləri üçün də vacibdir:

“Həmin şəxslər həddindən çox məbləğdən istifadə edərkən normal olaraq müəyyən problemlərlə qarşılaşırlar. İstənilən halda hesabat verməlidirlər. Amma gəlir deklorasiyası işə düşərsə, hər şey leqal olacaq”.

Qeyd edək ki, gəlir deklorasiyası haqqında qanunun qəbulu dəfələrlə gündəmə gətirilsə də, heç bir nəticə əldə olunmayıb. Görünən odur ki, prosesin yubanması Azərbaycandakı gizli milyoner və milyarderlərin ürəyincədir.

Oxşar xəbərlər