Bakıda tramvay xətləri bərpa olunacaq -VİDEO

Qırmızı tramvaylar, sarı trolleybuslar…

80 il fəaliyyət göstərdi. Həmin dövrlər paytaxt sakinlərinin ən sevimli nəqliyyat vasitələri idi tramvay və tralebuslar. Ancaq sonralar bu minik növünə maraq getdikcə azaldı və 2004-cü ildə tramvay şəbəkəsinin son xətti də tamamilə bağlandı. İndi bütün bunlardan geriyə qalanlar xatirələr və Gənclik metrosu yaxınlığında yerləşən Tramvay parkıdır.

Bakıda ilk elektrik-tramvay yolu 1924-cü il fevralın 8-də istifadəyə verilib. 1925–26-cı illərdə bu tramvaylarla 50 milyondan artıq sərnişin daşınıb. 1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında isə trolleybus xətti salınıb.  Həmin dövrlərdə paytaxtın sərnişindaşıma sektorunda əsas yük bu nəqliyyat vasitələrinin üzərinə düşürdü.

Artıq 20 ilə yaxındır ki, tramvaylar fəaliyyətini dayandırıb. Gündəlik tıxacların müşahidə olunduğu bu dövrdə isə Bakıda belə nəqliyyat vasitəsinə ehtiyac artmaqdadır. Elə Nəqliyyat üzrə ekspert Ərşad hüseynov da deyir ki, əvvəlki xətlərin hər birinin bərpası nəzəri cəhətdən mümkündür. Bunun üçün dünya təcrübəsindən yararlanmaq olar.

Ərşad Hüseynovun sözlərinə görə, bu işi vahid bir qurum həyata keçirməlidir və onun fəaliyyəti ictimai nəqliyyatın digər növləri ilə əlaqələndirilməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən suallarımıza cavab olaraq bildirildi ki, Bakının Baş planı hazırlanarkən təkliflər içərisində bu məsələ də əksini tapıb. Ancaq Baş plan hələ təsdiq olunmadığından sözügedən məsələ barədə danışmaq tezdir.

Qeyd edək ki, 2019-cu ildə Bakı Nəqliyyat Agentliyinin nümayəndələri nəqliyyatın idarəedilməsi, həmçinin tramvay marşrutları ilə bağlı Türkiyə təcrübəsini öyrənmək məqsədi ilə İstanbulda olublar. Ancaq bu qurumdan da bildirildi ki, Agentlik hazırda əsas diqqəti avtobusla sərnişindaşımaların yaxşılaşdırılmasına yönəldib.

Oxşar xəbərlər