Biznes-ledilər Sahibkar Günündə ölkədəki biznes mühitindən danışdılar

Vəsilə Abdulova: “Biznes sektorunda cinsi ayrıseçkiliyə son qoyulmalıdır”

Pərvanə Məmmədova: “Prezidentin dəstəyini daim öz üzərimizdə hiss edirik”

Gülpəri Bayramova: “Əsas diqqət qeyri-neft sektorunun inkişafına yönəldilməlidir”

Prezident İlham Əliyevin Sahibkarlar Gününün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına Prezident tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

SOSİUM.az Sahibkar Günündə ölkəmizin iş dünyasında fəal iştirak edən xanım sahibkarlarla həmsöhbət olub. Biznes-ledilər biznes mühiti, sahibkarlıq üçün yaradılan şərait və digər məsələlər ətrafında təəssüratlarını bizimlə bölüşüblər.

“Cvm_jewellery” zərgərlik mağazasının təsisçisi, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin üzvü Vəsilə Abdulova SOSİUM.az-a açıqlamasında bildirib ki, özəl sektorda imkanlar geniş olsa da, hələ də öz həllini gözləyən problemlər mövcuddur: “Əsas problem vergi yükünün çox olması, reklam sahəsində qeyri-peşəkarların mövcudluğu, sahibkarların və sahibkarlıq subyektlərinin təqdim etdiyi məhsulların təqdimatı ilə bağlıdır. Biznes kreditlərinin verilməsi zamanı təklif olunan faiz dərəcləri yüksəkdir. Bu da öz növbəsində sahibkarların biznes kreditlərinə əlçatanlığını azaldır. Məhz elə bu səbəbdən də iş adamları əsas diqqətlərini kreditlərin qaytarılmasına yönəldirlər. Nəticədə biznesin inkişafı, böyüməsi arxa plana keçir. Hesab edirəm ki, bu məsələdə beynəlxalq təcrübəyə istinad edilməlidir. Kreditlər verildikdən sonra sahibkarlara müəyyən müddət tanımaq və bundan sonra kreditləri geri almaq daha doğru olardı. Məlumat üçün deyim ki, xarici təcrübədə bu müddət bir ildən başlayır”.

Abdulovanın sözlərinə görə, gender bərabərliyinin pozulması da ciddi problemlərdən biridir: “Bununla bağlı mütəmadi olaraq rəhbərliyində təmsil olunduğum AQSİA-da müzakirələr aparırıq. Bir çox hallarda dövlət satınalmaları, yəni tenderlər zamanı kişilərin rəhbəri olduğu şirkətlərə xüsusi önəm verilir. Qadınlar isə kənarda qalırlar. Hesab edirəm ki, bu məsələyə baxış kökündən dəyişilməlidir və biznes sektorunda cinsi ayrıseçkiliyə son qoyulmalıdır. Bütün bunlarla yanaşı, ölkədə son illər özəl ektorun inkişafı istiqamətdə ciddi addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar bu sahədə də vəziyyətin müsbətə doğru dəyişməsinə zəmin yaradıb. Xüsusən assosiativ birliklərin yaradılması, dövlət qurumlarının kollegial ticari birliklərlə əməkdaşlığı təqdir olunan məqamlardandır. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, sahibkarlara qarşı hücumlara son qoyulmalı və onların normal fəaliyyət göstərməsi üçün münbit şərait yaradılmalıdır”.

“AZTEKSTİL” MMC-nin təsisçisi, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin üzvü Pərvanə Cəfərqızı SOSİUM.az-a söyləyib ki, son dövrlər ölkəboyu həyata keçirilən instusional islahatlar özəl sektorun da fəaliyyətindən yan ötməyib: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, özəl sektoru inkişaf etdirmədən ümumi inkişafdan danışmaq mənasızdır. Bu xüsusda dəfələrlə məmurlara xəbərdarlığı olub. Bu gün iş adamlarının qarşılaşdıqları ən ciddi problemlərdən biri məmur özbaşınalığı ilə bağlıdır. Misal üçün, iki ildir ki, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevlə məhkəmə çəkişməmiz davam edir. Lakin bu məsələ öz həllini tapmır. Hansı ki, o mənə məxsus iki obyekti ələ keçirib və bununla bağlı ən yüksək instansiyalara müraciət etmişəm. Çox mühüm məqamdır ki, artıq sahibkarlara qənim kəsilən məmurların çoxu artıq yola salınıb. Prezident İlham Əliyev hər zaman sahibkarlara dəstək göstərir və biz onu öz gündəlik fəaliyyətimizdə hiss edirik. Bir sahibkar olaraq məni də “Tərəqqi” medalı ilə təltif etməsi bunun qürurvericidir”.

Cəfərqızı vurğulayır ki, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar təqdir olunmalıdır: “Məlumdur ki, koronavirus pandemiyası və qlobal miqyasda baş verən hadisələr dünyada iqtisadi böhranı şərtləndirib. Bu iqtisadi böhran inteqrasiya olunmuş şəraitdə müharibələr, sanksiyalar vasitəsilə növbəti dəfə zərbə görüb. Bəzi biznes sahələri isə bundan daha çox zərər gördülər. Lakin dövlət başçısının yürütdüyü uğurlu siyasət ölkəmizi bu risklərdən qorudu. Qarşıda görüləsi işlərimiz hələ çoxdur. Yerli istehsalın artırılması, istehlak məhsuları üzrə idxalın azaldılması, biznes kreditlərinin əlçatan olması, dövlət güzəştləri imkan verəcək ki, bu istiqamətdə daha böyük nailiyyətlər əldə edək. Bütün hallarda ortada siyasi iradə var və inanırıq ki, qarşıdakı illərdə özəl sektor keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Fürsətdən istifadə edərək, bütün sahibkarları Sahibkar Günü münasibətilə təbrik edirəm”.

“Agro Mix” şirkətinin təsisçisi və direktoru Gülpəri Bayramova SOSİUM.az-a deyib ki, sahibkarlığın inkişafı istiqamətində atılan addımlar təqdirəlayiqdir: “Əlverişli biznes mühitinin yaradılması, güzəştli və dövlət təminatlı kreditlərin verilməsi bir daha göstərir ki, dövlət özəl sektorun inkişafında maraqlıdır. Aqrar sektora yönəldilən dəstək də bu sırada qeyd oluna bilər. Dünya Bankı və Azərbaycan Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) xətti ilə fermerlərə ayrılan kreditlər və subsidiyalar bu qəbildəndir. Rəsmi məlumatlara görə, bu gün Azərbaycanda bir milyondan artıq sahibkarlıq sibyekti mövcuddur. Son dövrlər həyata keçirilən islahatlar, vergi güzəştləri və şəffaflıq mühitinin təmin olunması iş adamlarının qarşısında geniş imkanlar açır. Təbii ki, qüsurlar da olmamış deyil və ən əsası odur ki, onların aradan qaldırılması istiqamətində səylər ortadadır”.

Bayramova qeyd edir ki, dövlətin əsas diqqəti qeyri-neft sektorunu inkişaf etdirməyə yönəlib: “Yerli istehsalın təşviq olunması, Azərbaycan iqtisadiyyatının, o cümlədən sənaye və aqrar sektorun böyüməsi, sosial sahibkarlıq mühiti üçün əlverişli zəmin hazırlanması və s. istiqamətlərdə atılan addımlar xüsusi qeyd olunmalıdır. Eyni zamanmda ölkə gəncliyi də bu prosesdə yaxından iştirak edir. Rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı gənc sahibkarlar üçün əlverişli imkanlar yaradır. Gənclər müasir texnologiyalardan və innovativ yanaşmalardan faydalanmaqla yeni bizneslər yarada bilirlər. Gənc sahibkarlar ölkə iqtisadiyyatının inkişafına əvəzsiz töhfələr verirlər. Son dövrlər dünya miqyasında baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan çox düzgün yoldadır və yürütdüyü çoxvektorlu, eyni zamanda proqnozlaşdırıla bilən siyasət iqtisadi inkişafımızı şərtləndirən başlıca amildir. Məhz bu siyasətin nəticəsində Azərbaycan dünyanı bürüyən iqtisadi böhrandan minimum itkilərlə ayrıldı”.

// Azər Niftiyev, SOSİUM.az

Oxşar xəbərlər