Çernobıl xilasetmə əməliyyatında iştirak edən ilk azərbaycanlı polis DANIŞDI – VİDEO

“Biz görünməyən düşmənlə mübarizə aparırdıq. Düşünün, bu düşmən nə gözlə görünür, nə rəngi, nə də qoxusu var. Üzərindən 36 il keçməsinə baxmayaraq, həmin dəhşətli günləri xatırlayanda indi də kövrəlirəm”.

Bu sözləri “Report”a müsahibəsində Çernobıl faciəsinin şahidi Adil Osmanov deyib.

Partlayışın baş verdiyi ilk gündən Çernobılda olan A.Osmanov orada insanların təxliyə olunmasında və şəhərin mühafizəsində iştirak edib. Onun sözlərinə görə, insanlar ilk günlərdə Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən partlayışdan xəbərsiz olub:

“Partlayış baş verən zaman mən Kiyevdə Ali Milis məktəbində ixtisasartırma kursunda oxuyurdum. Bizi gecə saat 2-3 radələrində həyəcan siqnalı ilə oyadıb sıraya düzdülər. Məktəbin rəisi bizə bildirdi ki, Çernobıl AES-in dördüncü bölməsində yanğın baş verib. Hadisə yerinə gedib yanğını söndürməyimiz, əhalini ərazidən təxliyə etməyimiz bildirildi. Ancaq bizə partlayış baş verdiyi və radiasiya təhlükəsinin olduğu deyilmədi. Biz ora çatanda Çernobıl sanki xaosun içində idi. Belarusdan, Kiyevin başqa vilayətlərindən əraziyə yanğınsöndürənlər cəlb edilmişdi. Qəfildən gördük ki, yanğınsöndürənlər qarınlarını tutub hərəsi bir tərəfə qaçır. Nə baş verdiyini anlaya bilmirdik. Çox dəhşətli bir mənzərə yaşanırdı. Təsəvvür edin ki, may ayında, ağacların çiçək açdığı bir dövrdə, bir bahar günündə adama elə gəlirdi ki, sanki payız fəslidir. Ağacların yarpaqları belə saralmışdı”.

A.Osmanov bildirir ki, insanlar Çernobıl AES-də partlayış baş verdiyini, radiasiyaya məruz qaldıqlarını mayın 3-də öyrəniblər:

“Mən insanların xəbərdar edilməsi ilə bağlı ulu öndər Heydər Əliyevi xüsusi ilə qeyd etmək istərdim. Həmin vaxt Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. Əhalinin xəbərdar edilməsi də onun təkidi ilə baş tutdu. Ulu öndər bildirdi ki, əhalini mütləq şəkildə məlumatlandırmaq lazımdır. Çünki radiasiya yayılırdı, insanlar isə öz işində, gücündə idi”.

Faciə şahidi xatırladıb ki, Çernobılda təmizləmə və xilasetmə əməliyyatında 7 minə yaxın azərbaycanlı iştirak edib. Onun sözlərinə görə, həmin şəxslərin bəziləri elə hadisədən bir müddət sonra radiasiyanın güclü təsirindən dünyasını dəyişiblər:

“Eyni zamanda, şüalanmanın təsirindən insanların sağlamlığında ciddi problemlər yarandı. Saç tökülməsi radiasiyanın yaratdığı ilkin fəsadlardan idi. Faciənin fəsadları orada iştirak edən insanlarda hələ də qalmaqdadır. Sonralar mənim böyrəyimdə ciddi fəsadlar əmələ gəldi. Mən indi də o günləri xatırlayanda kövrəlirəm. Minlərlə insanın ölümünə səbəb olan faciəni unutmaq mümkün deyil”.

Xatırladaq ki, 1986-cı il Çernobıl Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. Bu qəza bəşəriyyət tarixindəki ən böyük texnogen fəlakət idi. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru yanaraq tamamilə məhv olmuş, reaktorun işi nəticəsində yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayılmışdı. Hadisə zamanı ümumilikdə 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır.

Oxşar xəbərlər