DİM-in imtahanları: nəticələrdən narazılar niyə çoxdur?

“Açıq tipli sualların verilməsinin tərəfdarı deyiləm”- ekspert

Dövlət İmtahan Mərkəzinin 5 və 6 martda, eyni zamanda 12-13-də keçirdiyi imtahanların nəticələri açıqlandıqdan sonra test tapşırıqlarının yoxlanılması zamanı kifayət qədər qüsurlara yol verildiyi ortaya çıxıb. Qeyd edək ki, 50 minə yaxın insan imtahanda iştirak etmişdisə, onların 6 minə yaxını imtahan nəticələrindən narazı qalıb və apelyasiya şikayəti verib. Ekspertlər hesab edir ki, 6 min nəfərin şikayət etməsi ciddi problemin ortaya çıxmasından xəbər verir.

İmtahanda iştirak edənlər deyirlər ki, suallar şəffaf şəkildə yoxlanılmayıb. Bəzi şagirdlərin eyni suala eyni cavabı yazmağına baxmayaraq, birinə bal verilib, digəri sıfır balla qiymətləndirilib. Bundan əlavə, nəzərə alsaq ki, açıq suallara şagirdlərin müxtəlif fikirləri ola bilər. DİM-in meyarında yazıldığı kimi tam yazılmayıb deyə, avtomatik olaraq sıfır bal verilir.

Digər narazılıq isə sual kitabçaları ilə bağlıdır. DİM tərəfindən uşaqların heç birinə sual kitabçası verilməyib, amma abituriyentlərə yaddaqalan suallar əsasında şikayətlərini bildirmələrini deyiblər. İmtahan iştirakçıları isə təqdim olunan 85 test tapşırığını yadda saxlamağın çətin olduğunu bildirirlər.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Martın 5-6-da keçirilmiş imtahanın nəticələri, eyni zamanda 12-13-də keçirilmiş imtahan nəticələri ilə bağlı şagirdlər tərəfindən müəyyən narazılıqlar var. Bu narazılıqların başlıca səbəblərindən biri ondan ibarət idi ki, cavablandırılması şagirdlərdən tələb olunan açıq tipli yazılı sualların yoxlanılması və qiymətləndirilməsi düzgün aparılmayıb. Düzdür, bununla bağlı DİM tərəfindən Apelyasiya Komissiyası yaradılıb. Cavabların yoxlanılması zamanı qeyri-obyektivlik olubsa, həmin şəxslər üçün Apelyasiya Komissiyası fəaliyyət göstərir. 50 minə yaxın insan imtahanda iştirak edib, bunların içərisindən 6 minə yaxını apelyasiya şikayəti verib. İmtahanın mart ayında keçirilməsi, sualların daha da çətin olması və ya digər amillərlə əlaqəli deyil. İmtahanı istənilən vaxt keçirmək mümkündür. Suallar şagirdlərin keçdiyi mövzular üzrə hazırlanır. Yəni ola bilər ki, qiymətləndirmə kurrikulum sistemində üç mövzu üzrə də, iyirmi mövzu üzrə də  həyata keçirmək mümkündür. Əsas odur ki, qiymətləndirməni həyata keçirmək mümkündür.

 

Təbii ki, şagirdlər ümumi mövzuları bitirmədən imtahanları verdilər. Amma keçdikləri mövzular üzrə imtahan oldu. Ancaq problem yalnız açıq suallarla bağlı yaranmışdı. Aprel ayında keçirilmiş imtahanların da nəticəsi elan olunanda orada da müəyyən şikayətlər, iradlar olacaq. Bundan əlavə, qarşıdakı blok imtahanda da bu cür hallar gözlənilir. Nəzərə çatdırım ki, açıq tipli sualların olması hər zaman qeyri-obyektiv yoxlamanın olma şübhəsini artıracaq. Valideynlər, abituriyentlər bunu iddia edəcəklər. Ona görə də açıq tipli sualların, yəni şagirdlərin yazılı cavablandırdığı sualların tərəfdarı deyiləm. Burada ya açıq tipli suallar, ya da qapalı tipli suallar olmalıdır. İstənilən halda iddia olunan sualların içərisində nə qapalı, nə də açıq tipli suallarla bağlı şikayətlər var. İddia olunanlar açıq tipli suallarda yoxlama ilə bağlıdır. Qaldı ki, yoxlama prosesinə, DİM magistraturada oxuyan tələbələrdən istifadə edib, bakalavr pilləsi üzrə yox. Onlarla xüsusi təlim keçib sonradan bu prosesə cəlb edib.  Daha çox Bakı və regionlarda çalışan, uzun müddət fəaliyyət göstərən müəllimlərlə əməkdaşlıq edir. Yenə də istənilən zaman yoxlama vaxtı qüsurların olduğu iddia olunur. Düşünürəm ki, bu iddiaların qarşısını almaq üçün də obyektiv qiymətləndirmənin həyata keçirilməsi vacibdir”.

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da mövzu ilə bağlı fikirlərini açıqlayıb: “İmtahanlarla bağlı apelyasiya şikayəti verənlərin sayı çoxdur, 6 minə yaxın şikayət az rəqəm deyil. Burada əsas açıq tipli test sualları ilə bağlı narazılıq yaranıb. Həmin sualları markerlər yoxlayır və qiymətləndirir. Burada birbaşa insan faktoru var. Bu baxımdan insanlar nəticələrə şübhə ilə yanaşırlar. DİM-in rəhbəri də etiraf edib ki, problemlər yaranıb, burada insan faktoru özünü göstərir. Biz hər zaman deyirik ki, bütövlükdə açıq tipli sualların imtahanlara salınması lazımdır. Qüsurlar birbaşa açıq tipli test suallarını yoxlayan markerlərlə bağlıdır. 5-6 martda keçirilən imtahan nəticələri ilə bağlı narazılıq edilmir, eləcə də növbəti tarixlərdə keçirilən imtahan nəticələri ilə bağlı da narazılıqlar var. Təbii ki, imtahan prosesidir, burada narazılıqlar başa düşüləndir. Amma bunun kütləvi olması bizi düşündürməyə vadar edir. Mən əminəm ki, DİM növbəti illərdə bu kimi halların baş verməməsi istiqamətində işlər görəcək. Markerlərin təcrübələrinin artırılması, daha peşəkarlardan, daha səriştəli insanların açıq tipli test suallarının yoxlanması prosesinə marker olaraq qatılması istiqamətində işlər görülməlidir. DİM əslində maraqlıdır ki, insanlar narazı olmasın. İnsanların bilikləri obyektiv şəkildə qiymətləndirilsin”.

Oxşar xəbərlər