DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq – aldanmayın! -VİDEO

Müxtəlif adlarla açılan saxta profillər və aşağı faizli kredit təklifləri…

Son vaxtlar instaqram sosial şəbəkəsində bu cür elanların paylaşıldığı hesablar yaradılıb. Bu səhifələri işlədən şəxslər şəxsiyyəti təsdiq edən sənəd və digər məlumatları təqdim etməklə vətəndaşları sərfəli kredit verəcəkləri ilə inandırırlar. Elə bir neçə gün əvvəl də Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən bu cür fırıldaqçılıq edən şəxslərdən biri saxlanıb. Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyir ki, həmin şəxs instaqramdakı saxta profili vasitəsilə 100-dən artıq vətəndaşı aldadıb.

Elşad Hacıyevbildirir ki, sosial şəbəkə üzərindən vətəndaşlara qarşı bu cür əməllər törədən şəxslərə qarşı dələduzluq, eləcə də, vətəndaşın əmlakını talama maddələri üzrə cinayət işi başladılır və məsuliyyətə cəlb edilirlər.

İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Emin Qasımovvətəndaşları fırıldaqçılarının tələsinə düşməmək üçün şəxsi hesablarını gizli saxlamalarını tövsiyə edir.Belə ki, sosial şəbəkə üzərindən bank kartı və şəxsiyyət vəsiqəsi barədə məlumatları, habelə ilkin ödəniş üçün tələb edilən vəsaiti göndərmək olmaz.

İqtisadçı ekspert Turab Rzayev isə deyir ki, ölkəmizdə sosial şəbəkələr üzərindən kreditləşdirilmənin aparılması qanunla qadağandır. Kredit vermə səlahiyyəti yalnız banklara və bank olmayan kredit təşkilatlarına məxsusdur.

Turab Rzayev dünya təcrübəsində də sosial şəbəkələr üzərindən kredit verilməsi mexanizminin olmadığını bildirir.

 

Oxşar xəbərlər