“Düşmənin o resursu yoxdur ki…”

Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklərin ictimai müzakirəyə çıxarılması, işğalçı ölkədə hərbi könüllü dəstələrin yaradılması bir çox məqamlardan xəbər verir. Bu, ilk növbədə göstərir ki, istər texniki-təchizat, istərsə də şəxsi heyət baxımından Ermənistan ordusunun potensialı zəifdir və buna görə də könüllülərin imkanlarından istifadə edilməsinə ciddi ehtiyac yaranıb”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Ermənistan demoqrafik problem yaşayır və faktiki ön cəbhəyə çıxarmağa resursu yoxdur: “Eyni zamanda orduda səngiməyən neqativ hadisələr mərkəzi hakimiyyətin orduya nəzarət edə bilmədiyini təsdiqləyir. Aydın olur ki, hakimiyyət orduya etibar edə bilmir. Paşinyan isə öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır. Çünki onun “inqilab” yolu ilə gəldiyi hakimiyyət şirnikləndirici vədlər və populizm üzərində qurulub. İstər daxili-siyasi proseslər, istərsə də cəbhədə uğursuz diversiya əməliyyatları faktiki Paşinyan hökumətini çıxılmaz vəziyyətə salıb. Paşinyan daxili siyasətdə güc faktorundan daha fəal istifadə etməyə cəhd göstərir”.

“Könüllü dəstələrin tərkibinə gəlincə, bura xaricdən muzdluların cəlb olunacağına əminlik var. Çünki ölkə əhalisi Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisində vuruşmaqda maraqlı deyil. Ermənistanın regionda təklənməsi, nəzarətdən çıxan daxili-siyasi vəziyyət, sosial problemlərin həllini tapmaması orduda olduğu kimi, əhalidə də ruh düşkünlüyü yaradır və faktiki sadə ermənilər özgə torpağında hərbi əməliyyatların acı nəticələrə səbəb olacağını yaxşı dərk edir”, – deputat qeyd edib.

Oxşar xəbərlər