Ev var, sənədi yoxdur: illərin “kupça” problemindən çıxış yoluna doğru

Mənzilin çıxarışının olmamasından təkcə vətəndaşlar əziyyət çəkmir, dövlət büdcəsi də zərər görür

Dövlət başçısının müxtəlif növ qəzalardan sonra dövlət vəsaiti hesabına tikilmiş evlərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı verdiyi sərəncamla bir çox vətəndaşlarımızın mənzil problemlərinin həlli gözlənilir. Hər halda, ekspert dairələri buna əmindirlər.

Xatırladaq ki, aprelin əvvəlində Prezident İlham Əliyev mənzil hüququnun olmaması probleminin həlli ilə bağlı növbəti bir sənəd imzalayıb. Sərəncam belə adlanır: “Təbii fəlakətlər, texnogen qəzalar və hərbi əməliyyatlar nəticəsində dövlət vəsaiti hesabına tikilmiş çoxmənzilli yaşayış binalarında yaşayış binalarına və mənzillərə hüquqların dövlət qeydiyyatına alınması, habelə onların istifadə olunduğu torpaq sahələrinə dair məsələlərin tənzimlənməsi haqqında.”

“Bütün bunlar təbii ki, mənzillə bağlı hüquqların rəsmiləşdirilməsi prosedurunu asanlaşdıracaq”. Daşınmaz əmlak üzrə mütəxəssis Ramil Qasımzadə AYNA-ya belə deyib.

Onun sözlərinə görə, sənəd müxtəlif təbii fəlakətlər – daşqın və zəlzələ nətciəsində dağılmış mənzillərin əvəzinə yenidən tikilərək insanların ixtiyarına verilmiş yaşayış binalarını əhatə edir. Söhbət əsasən Şamaxı və İsmayıllı rayonlarında tikilən mənzil fondundan gedir. Bundan əlavə, Qarabağ Müharibəsi illərində cəbhəboyu zonada – Tərtər, Füzuli və digər rayonlarda çoxlu sayda evlər dağıdılıb və qəzalı vəziyyətə düşüb, onların sahiblərinə yeni yaşayış əraziləri verilib.

“İndi onların qeydiyyata alınması lazımdır və sahibləri mülkiyyət hüququnu almalıdırlar. Müvafiq olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti belə bir mənzil fondunu sənədləşdirməyə çağırılır”, – Qasımzadə izah edib.

“Eyni zamanda, vətəndaşlar tərəfindən mülkiyyət hüquqlarının qeydiyyatı haqqında şəhadətnamələrin alınması ilə bağlı bütün proses dövlət büdcəsi hesabına maliyyələşdiriləcək”, – ekspert vurğulayıb.

Aprel ayında verilən digər Fərmandan sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 439 nömrəli Fərmana da bəzi dəyişikliklər edilib.

Sənədin özündə qeyd edildiyi kimi və analitiklərin fikrincə, dəyişikliklər mənzil sənədlərinin verilməsi prosedurlarının sadələşdirilməsinə yönəlib.

“Bundan əvvəl çoxları kənd yerlərində və münasib ərazidə evlərin dövlət qeydiyyatına alınması üçün müraciət etməkdə çətinlik çəkirdi, sovet dövründə belə ev sahiblərinə verilən sənədləşmədə problemlər var idi. Bu problemlər qanunvericilikdəki boşluqlarla birlikdə aradan qaldırılır”, – deyə Qasımzadə bildirib.

Onun sözlərinə görə, hər iki sənəd bu cür boşluqların aradan qaldırılmasına və mənzil hüquqlarının qeydiyyatı ilə bağlı uzun müddətdir davam edən problemin həllinə yönəlib.

Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev AYNA-ya şərhində qeyd edib ki, qeyd olunan səbəblərdən paytaxt və Abşeronda yerləşən yüz minə yaxın fərdi ev və çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillər dövlət qeydiyyatından keçməyib. O, bu evlərin çoxunun hələ sovet dövründə tikildiyini, bəzilərinin isə ötən əsrin 90-cı illərdən başlayaraq yenidən tikildiyini bildirib. Və evlər bu qədər uzun müddət istifadə edilsə də hələ də sənədləşdirilməyib, sahiblərində Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış yoxdur.

Ekspert deyir: “Bundan təkcə vətəndaşlar əziyyət çəkmir. Bu gün respublikamızda bir çox əməliyyatlar daşınmaz əmlakın alqı-satqısı ilə bağlıdır ki, bu da dövlət büdcəsinə ödənilməli olan vergi ayırmalarının əhəmiyyətli hissəsinin daxil olmaması deməkdir. Bütün bunlar paytaxtın ətrafı, Bakı kəndləri və Abşeronda cəmləşən evlər, Masazır, Xırdalan və s. üçün aktualdır. Orada lazımi qeydiyyatdan keçməyən fərdi yaşayış evləri tikilib və aktiv şəkildə tikilir”.

Eyni zamanda, belə evlərin sahiblərinin çətinlikləri ilkin olaraq başqa təyinatlı tikinti üçün ayrılan torpaq sahələrinin istifadəsində olur. Üstəlik, bu şəkildə bir-iki ev deyil, bütöv qəsəbələr tikilir.

Ona görə də, Fərzəliyev hesab edir ki, bu cür ərazilərin nəzərdə tutulan təyinatını dəyişmək, daha doğrusu, mümkün olan yerdə uyğunlaşdırmaq lazımdır: “Əgər bu mümkün deyilsə, yəni ərazilər tikinti üçün yararsızdırsa, o zaman insanlar köçməli, hökumət kompensasiya haqqında düşünməlidir. Düşünürəm ki, bu sahəfə biz tezliklə müsbət irəliləyişləri görəcəyik.

Müəllif: Tanya Samsonova

Oxşar xəbərlər