“Gediş haqqını artırsaq, insanların sosial vəziyyəti ağırlaşa bilər”

Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımını risk altına salıb.

Tarif Şurasının qərarı nə olacaq, gediş haqqları artırıla bilərmi? Gediş haqqlarının artırılması insanlara necə təsir göstərəcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, Tarif Şurasına müraciət edən şirkətlərin qeyd etdiyi problemlər pandemiya dövründə yaranmışdı:

“Tarif Şurasına müraciət ediblər. Onlar əlaqələndirirlər ki, pandemiya dövründə doğurdan da avtobusların əksəriyyəti işləməyib, çox ciddi problemlərlə üzləşib ona görə də gediş haqqının artmasını istəyirlər. Amma artıq pandemiya faktiki olaraq geridə qalıb. Yəqin ki, indi onlar artıq sərbəst işləyirlər, elə ciddi problemləri yoxdur. İstənilən halda gediş haqqının artırılması əhalinin vəziyyətinə müəyyən qədər öz təsirini göstərir. Mən belə hesab edirəm ki, Tarif Şurası yəqin bunu araşdıracaq, bu məsələlərə baxacaq. Ola bilər ki, onda bəzi qərarlar qəbul edilsin. Amma mən istərdim ki, indiki şəraitdə, indiki vəziyyətdə hələlik qiymət artımı olmasın. Çünki bizdə ərzaq, geyim məhsullarında müəyyən qiymət artımları var. Bu da əhalini narahat edir. Digər tərəfdən gediş haqqının artırılması əlbəttə əhali üçün ağır yük ola bilər”.

Millət vəkilinin sözlərinə görə, hazırda müharibə ilə əlaqədar qiymətlərdə onsuz da artım var:

“Onların dediyi fikirlərdə əsas var. Ola bilər hökumət müəyyən yardımlar, köməkliklər etsin. Rusiya-Ukrayna müharibəsi də başladı. Rusiyaya çox ciddi sanskiyalar tətbiq edilir. Ukraynada ciddi problemlər yaranıb. Bizim bu iki dövlətlə idxal əməliyyatlarımız var. Onun nəticəsində qiymətlər də kifayət qədər artır. Bir tərəfdən də gediş haqqını artırsaq, insanların sosial vəziyyəti ağırlaşa bilər. Ona görə də mən istərdim ki, hələ bir müddət saxlanılsın. Amma sonradan 6-7 ay müddət ərzində, – həm də pandemiyadan təzə çıxırıq  -yavaş-yavaş özümüzə gələk, ondan sonra bu məsləyə bəlkə də baxıla bilər”, – deyə Vahid Əhmədov bildirdi.

Deputat Fazil Mustafa isə bildirdi ki, ictimai nəqliyyatda artımın baş verib-verməməsi Tarif Şurasının qərarından asılıdır:

“Bəli, artım əlbəttə baş verə bilər. Tarif Şurasının qərarından asılıdır. Əlbəttə, bu, insanlara pis təsir göstərəcək. Çünki insanların gəlir səviyyəsi elə yüksək deyil. Bu qiymət artımı da, daşınma xərcləri, xüsusilə də aşağı, alt təbəqədən olan yoxsul insanlar üçün ciddi bir zərbə olacaq”.

Deputatın fikrincə, dövlət bu məsələnin həlli istiqamətində müəyyən addımlar atmalıdır:

“Əlbəttə xüsusi daşınma şirkətlərinin də marağı nəzərə alınmalıdır. Onlar da uzun müddət hansısa bir şəkildə öz ciblərindən vəsait xərcləyərək pulsuz xidmət göstərməyəcəklər ki? Aşağı qiymətdirsə, problem qaldırılmalıdır və məsələnin həlli istiqamətində addımlar atılmalıdır. Bu addımlar nədən ibarətdir: birinci növbədə bu addımlar vətəndaşların əmək haqqlarının, pensiyanın qaldırılması ilə bağlıdır. Ya da həmin şirkətlərə dövlət tərəfindən dotasiya verilir, onlar qiyməti qaldırmırlar, kompensasiya olunurlar. Amma hər iki halda da yenə də müəyyən dərəcədə büdcənin imkanlarından asılıdır, prosesə baxılmalıdır. Çox güman ki, çətin olacaq. Gediş haqqı qaldırılsa, vətəndaşın onu ödəmə imkanları zəif olsa, problem olacaq”.

Oxşar xəbərlər