“Hökumət orqanik məhsul yetişdirən fermerlərə dotasiya ayırmalıdır”

Orqanik qida məhsulları və yaxud orqanik qida dedikdə təmiz, qatqısız, təbii olaraq yetişdirilmiş məhsullar ağlımıza gəlir. Süni maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə təbii qida məhsullarının istehsalı, emalına əsaslanan istehsal sistemi orqanik məhsul istehsalı adlandırılır.

Xəstəliklərin sürətlə artdığı, orta ömür müddətinin azaldığı bir şəraitdə dünya gündəmini məşğul edən əsas mövzulardan biri də orqanik məhsul istehsalı ilə bağlıdır. Müasir şəraitdə süni məhsulların bazara ayaq açması üçün münbit şərait olsa da, bu məhsullar insan sağlamlığına ciddi zərbələr vurur.

“Agro Mix” şirkətinin direktoru Gülpəri Bayramova SOSİUM.az-a açıqlamasında bildirib ki, orqanik məhsulların istehsalı fermerlər üçün sərfəli deyil: “Çünki təbii məhsul istehsalı çətin olmaqla yanaşı, həm də kifayət qədər zaman tələb edir. Kənd təsərrüfatı məhsulları isə gündəlik tələbatımızda əhəmiyyətli yer tutur və bu səbəbdən fermerlər bazarı məhsulla təmin etməlidir. Məhsulların daha tez böyüməsi və yetişməsi üçün sahibkar məcburdur ki, dərmanlardan, gübrələrdən istifadə etsin. Eyni zamanda ərzaq təminatı ilə bağlı problemlər də fermerləri çevik məhsul istehsalına təşviq edir. Əlavə qatqılar insan sağlamlığı üçün problemlər yaradır. Bu baxımdan orqanik məhsulların istehsalına xüsusi diqqət ayrılmalıdır. Heç olmasa orqanik məhsulların bazar nisbəti artırılmalı və istehlakçılar təbii məhsullara xüsusi önəm verməlidir. Belə olarsa sahibkar da məcburdur ki, istehlak tələbinə və səbətinə uyğun olaraq daha çox orqanik məhsul yetişdirsin”.

“İnkişaf etmiş və etməkdə olan dövlətlərdə, xüsusən Avropada GMO məhsullarına qarşı sərt mübarizə tədbirləri aparılır. Bu mənada Azərbaycanda da orqanik məhsul istehsalına diqqət artırılmalı və təbii məhsul yetişdirən fermerlərə sertifikatlar təqdim olunmalıdır. Həmin sertifikatlar isə müəyyən üstünlüklər qazandırmalıdır. Belə olarsa fermerlər orqanik məhsul istehsalında maraqlı olacaqlar. Dünya təcrübəsində bundan istifadə edilir və kifayət qədər uğurlu nəticələri var”- deyən Bayramovanın sözlərinə görə, hökumət orqanik məhsul istehaslını təşviq etməli, təbii məhsullar yetişdirən fermerlərə dotasiya ayırmalıdır.

// SOSİUM.az

Oxşar xəbərlər