“İndi artıq müəyyən müalicələr, cərrahi əməliyyatlar üçün xaricə üz tutmağa ehtiyac yoxdur”

 Qadın sağlamlığı, yeni doğulacaq körpələrin sağlamlığı hər zaman  aktual mövzulardan biridir.  Gələcəyimiz bu faktordan birbaşa asılı olduğu üçün dövlət və qeyri-dövlət təşkilatları qadın sağlamlığının dəstəklənməsi ilə bağlı ardıcıl layihələr həyata keçirir. Bu layihələt yetərlidirmi? Hər bir vətəndaş bu prosesə hansı dəstəyi verə bilər? Olaylar.az xəbər portalının bu və digər suallarını mama-ginekoloq, cərrah,  tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzi cavablandırıb.

– Xəyalə  xanım, Səhiyyə nazirliyinin vasitəsi ilə  tez-tez bölgələrə səfər edir, qadınlarla, həkimlərlə görüşürsünüz. Bu səfərlərin, təlimlərin, canlı ünsiyyətlərin  qadınlara töhfəsini necə şərh etmək olar? 

–   Əlbəttə, öncə xatırlatmaq lazımdır ki, qadın hüquqları, qadın sağlamlığı ilə bağlı dövlət tərəfindən əhatəli proqramlar həyata keçirilir. Məsələn, son dönəmlərdə İcbari Tibbi Sığorta sahəsində işlərin sürətləndirilməsi, əhalinin sağlamlıq məsələlərinin dövlət tərəfindən sığortalanması  insan sağlamlığına göstərilən vacib addımlardan biri kimi dəyərləndirilməlidir. Vurğuladığınız kimi Səhiyyə nazirliyinin xətti ilə ölkə üzrə geniş miqyaslı tədbirlər, maarifləndirici proqramlar həyata keçirilir. Bu kompleks tədbirlər planları çərçivəsində həm bölgələrdə fəaliyyət göstərən həkim ginekoloqlar biliklərini artırır, həm də ümumilikdə qadın inkişafı, qadın sağlamlığı bu layihələrlə  dəstəklənir. Bu günlərdə həmin tədbirlər planının tərkib hissəsindən biri  kimi Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Şəmkir, Goranboy, Samux, Ağdam, Ağcabədi rayonlarının aparıcı mama ginekoloqları ilə Gəncə Baş Səhiyyə idarəsində görüşdük. Tədbirdə TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin  koordinatiru Hicran  Kazımova, Perinatal mərkəzin direktoru Sevda Hüseynova da iştirak edirdilər. Müzakirələrdə hamilələrin düzgün və vaxtında müvafiq tibb müəssisələrinə hospitalizasiyası, ağır hallar zamanı komanda şəklində xidmət göstərilməsi  məsələlərinə toxunuldu. Bu kimi görüşlər mütləq ki, zamanla öz nəticəsini verir.

– Ümumiyyətlə, qadınlar   sağlamlığına daha çox harda diqqət edir:  bölgələrdə, yoxsa paytaxtda? Və ya hansı qadınlar sağlamlığına daha həssas yanaşır?  

– İnternet dövründə yaşadığımız üçün  artıq bu baxımdan paytaxtla bölgələr  arasında müqayisə aparmaq   doğru olmazdı.  Çünki, qadınlar sağlamlıqları üçün lazımi məlumatları istənilən zaman, istənilən ərazidə əldə edə bilirlər. İstənilən informasiya artıq bütün dünya üçün  əlçatandır. Doğrudur, ola bilər ki, hardasa mentalitet, yaxud başqa sosial səbəblər üzündən bölgələrdə yaşayan xanımların bu barədə müəyyən məhdudiyyətləri olsun. Bu kimi halların da zamanla,    ölkəmizin inkişafına uyğun olaraq  aradan qalxacağına inanıram. O ki qaldı, sağlamlığa həssas yanaşmağa, əlbəttə, savadlı, təhsilli xanımlar bu müqayisədə liderdirlər. Bu baxımdan hər zaman aktual olan təhsil, bilik məsələsi bu gün üçün də keçərlidir. Savadlı, təhsili xanım həm özünə diqqət edəcək, həm də cəmiyyətə  mənəvi-fiziki sağlam övlad yetişdirəcək.

  – Qadınlara sağlamlıqlarını qorumaları üçün tövsiyyələriniz nə olardı?  

–  Əlbəttə, istər dövlət xətti ilə, istər QHT-lər vasitəsilə  maarifləndirici proqramların həyata keçirilməsi, xüsusilə bölgələrdə qadınlarla mütəmadi görüşlərin və  dövlət qurumları  tərəfindən dəstəkləyici proqramların təşkili  bu problemlərin aradan qaldırılmasına təkan verir.   Vətəndaş cəmiyyəti, media qurumları, sosial şəbəkələr  bu aspektdən mühüm, əhəmiyyətli rol oynaya bilər.
Bəzən sosial şəbəkələrdə, yaxud bəzi  media orqanlarında  tibbi əsası olmayan, sübutlu təbabətə əsaslanmayan məlumatlar yayımlanır, beləliklə də  insanlar yanlış istiqamətə yönəldilir.  Buna görə də hesab edirəm ki, bu kimi yanlış, əsası olmayan, sübut edilməmiş məlumatların yayılması yolverilməzdir.  Qadınlarımızın tam sağlamlığına  nail olmaq  üçün,  qadınların, doğulacaq körpələrin sağlamlığının qorunması naminə əsassız dezinformasiyaların qarşısının alınmasında hər birimiz maraqlı olmalıyıq.

 – Qloballaşan dünyada  tibb elmi  sürətlə inkişaf edir.  Hətta inkişaf edən  yenilikləri təqib etmək, tez-tez dəyişən standartlara əməl etmək o qədər də asan deyil.  Bu barədə azərbaycanlı alim kimi fikirləriniz maraqlıdır…

– Tibb sahəsindəki yeniliklərə gəldikdə, məlumat üçün deyim ki,   “Dünya Həkimləri Birliyi” adlı birlik yaradılıb. Bu birlik hər il müxtəlif ölkələrin həkimləri ilə bir araya gəlir, təklif və fikirlərini  bölüşür. Müəyyən problemlərin birgə həlli yolları axtarılır,   faydalı məlumatların  yayılmasında, həkimlərin öz ölkələrində  tibbi yenilikləri tətbiq etməsinə dəstək verilir.   Beynəlxalq səviyyəli konfranslarda, konqreslərdə iştirak etmək, dünyanın aparıcı institutlarıyla  əlaqələrin yaradılması,  gərəkli müqavilələrin imzalanması nəticəsində ölkəmizdə də tibb sahəsində çox böyük yeniliklər var və sürətli inkişaf müşahidə olunur.  Ötən illərdə olduğu kimi müəyyən müalicələr, yaxud cərrahi əməliyyatlar üçün xaricə üz tutmağa ehtiyac yoxdur. Çünki bu gün Azərbaycanın ən müasir, ən yüksək standartlara cavab verən həkim personalı var. Hətta statistikaya görə  müalicə, yaxud əməliyyatlar üçün xarici ölkələrdən Azərbaycana gələnlərin sayı artıb.   Bu fakt ölkəmizdə tibbin yüksək, hərtərəfli  inkişafının göstəricisi rolunda çıxış edir. Yeri gəlmişkən, bir ay öncə Türkiyədə Ginekologiya, mamalıq, doğumun təşkili sahəsində beynəlxalq konqres təşkil olunmuşdu.   Dünyanın ən  müxtəlif ölkələrindən  tibb mütəxəssislərinin qatıldığı konqresdə mən də iştirak etdim.  Konqresin əsas mövzusu cərrahi doğuşların minimuma endirilməsi, təbii doğuşlara üstünlüklərin verilməsi istiqamətində görüləcək işlər idi. Konqresin təşkilatçıları Azərbaycanda doğuşa yardım işinin təşkili, hamilələrə göstərilən xidmətlə maraqlandılar.  Bölüşdüyümüz üslub,  təcrübələrimiz çox böyük marağa səbəb oldu.  Bölüşdüyüm  üslubda – ölkəmizdə hamilə qadınlara nəzarət olunmasının təşkili, xüsusilə ucqar rayonlarda və kəndlərdə hamilə qadınlara və doğuşa yardım işinin təşkili ilə bağlı yeniliklər, təcrübələr yer alırdı.  Bu həm də  tibb sahəsində xalqımıza, mentalitetimizə, dəyərlərimizə  xas şəkildə inkişafımızın nümayişi idi. Biz eyni zamanda dövlətimiz tərəfindən  hamilə qadınlarımıza doğuşdan əvvəl və sonra edilən yardımları da nümayiş etdirdik. Çıxışımdan sonra konqresin təşkilatçıları və digər ölkələrin iştirakçıları Azərbaycan tibbinin uğurlarını və sürətli inkişafını alqışladılar və  bizim təcrübələrimizdən öz ölkələrində  yararlanacaqlarını vurğuladılar. Əslində sadaladığım faktlar ölkəmizdə tibbin ən müasir standartlara uyğun inkişaf etdiyini təsdiqləyir.

Oxşar xəbərlər