“İnflyasiyanın elə növü var ki, heç kimdən asılı deyil” – Vahid Əhmədov

“Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri inflyasiya ilə yanaşı, staqflyasiyanın da özünü göstərməsinin qarşısını xeyli dərəcədə almağa kömək edəcək”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov inflyasiyanın Azərbaycan iqtisadiyyatına az təsir etməsi və prosesin staqflyasiya ilə müşahidə olunmaması üçün hansı addımların atılması vacibliyindən danışarkən deyib:

“Qarabağdakı quruculuq işlərini yüksək qiymətləndirirəm. Bu istiqamətdə böyük işlər görülüb. Əsas işlər isə hələ qabaqdadır. Bu müstəvidə düşünürm ki, Qarabağda həyata keçirilən quruculuq işləri yüksək idxal inflyasiyası fonunda işsizlik dalğasının yüksəlməsinin qarşısını müəyyən dərəcədə ala biləcək. Çünki həmin bölgədə aparılan və aparılacaq işlər istər-istəməz ora çoxsaylı işçi qüvvəsinin cəlb edilməsinə gətirib çıxaracaq. Bu da öz növbəsində staqflyasiyanın baş verməsinə, inflyasiya ilə yanaşı, işsizlik səviyyəsinin yüksəlməsinə əngəl olacaq”.

Həmsöhbətimizin fikrincə, süni qiymət artımına qarşı ciddi mübarizə inflyasiyanın tempini zəiflətməkdə əsas faktor rolunu oynaya bilər: 

“İnflyasiyanın qarşısını almaq indiki vəziyyətdə Azərbayandan o qədər də asılı deyil. Çünki bu inflyasiya idxal inflyasiyasıdır. Xaricdə də ərzaqla bağlı problemlər var. Ona görə ölkəmizə həm inflyasiya, həm də qiymət artımı idxal edilir.

Düzdür, süni qiymət artımı da müşahidə edilir. Amma onun qarşısını almaq üçün dövlət başçısı ciddi göstərişlər verib. Müvafiq qurumlar daha aktiv işləməlidir ki, süni qiymət artımları olmasın. Sahibkarlar baş düşməlidir ki, indiki zamanda süni qiymət artımına getmək tamamilə səhv addımdır. Süni inflyasiyanın qarşısını almaq mümkündür. Amma inflyasiyanın elə növü var ki, heç kimdən asılı deyil. O mütləq olacaq”.

Belə vəziyyətdə, deputa düşünür ki, Avropadakı bəzi dövlətlərin təklif etdiyi kimi, Azərbaycan da müəyyən müddətə qiymət tənzimlənməsinə gedə bilər.

V. Əhmədov qeyd edir ki, inflyasiyanın təsirinin azalması və staqflyasiyanın müşahidə olunmaması üçün ən təsirli layihə vasitəsi isə süni qiymət artımının qarşısının alınmasıdır:

“Bu istiqamətdə mühüm addımlar atılsa, Azərbaycanda ciddi inflyasiya təhlükəsi də sovuşacaq və belədə inflyasiyanın özü ilə gətirdiyi nəticələrdən biri olan işsizliyin qarşısı da alınacaq. Digər tərəfdən, çalışmalıyıq ki, Rusiya və Ukraynadan idxal etdiyimiz mal və məhsulları digər ölkələrdən ala bilək. Ona görə də digər dövlətlərlə bu istiqamətdə müəyyən müqavilələr bağlanmalıdır”.

Oxşar xəbərlər